Əlil idmançılar xatirə turnirində
Xüsusi Olimpiya Komitəsinin (XOK), "İnter" Peşəkar İdman Klubunun təşkilatçılığı və Coca Cola şirkətinin maliyyə dəstəyi ilə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mini futbol turnirinin açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən XOK prezidenti Şahin Əliyev idman ölkəsi olan Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulan idman siyasətindən danışdı və ümummilli liderin fəallar yığıncağındakı çıxışını xatırlatdı: "Kütləvi idman işinin inkişafına rəhbərlik siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir". İdman ictimaiyyətinin bütün nümayəndələrinin Heydər Əliyevi Azərbaycan idmanının ən böyük pərəstişkarı hesab etdiklərini vurğulayan natiq qeyd etdi ki, idmançılarımız ulu öndərin ümidlərini doğrultmağı, mötəbər yarışlarda yüksək nəticələr əldə etməyi özlərinə borc bilir, onun idmanımızın tərəqqisi naminə gördüyü işləri həmişə dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

Mərasimin bədii hissəsində bir-birindən maraqlı kompozisiyalar, rəqs nömrələri və gimnastların nümunəvi çıxışları nümayiş etdirildi.

Sonra mini futbol yarışlarına start verildi. Turnirdə Bakı-Abşeron, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay və Salyan pegional proqramlarının xüsusi, yardımçı məktəb və internatlarından 21 komanda iştirak etdi. Yarışlarda iştirak edən UNİFİED, yəni birləşmiş komandaların yarısı xüsusi qayğıya ehtiyacı olan əqli imkanları məhdud idmançılardan, yarısı isə məktəbyaşlı sağlam futbolçulardan ibarətdir. Xüsusi olimpiyaçıların sağlam uşaqlarla bir komandada oynaması onların arasında dostluq və ünsiyyət yaranmasına şərait yaradır ki, bu da əlil uşaqların bərpası və cəmiyyətə inteqrasiyasını sürətləndirir.

Xəbər 1022 dəfə oxundu.