Çempion, demək olar ki, məlumdur
«Qarabağ» zəhmət çəkdi, «Neftçi» qalib gəldi

Milli futbol çempionatında sonuncu intriqaya da nöqtə qoyuldu. Artıq «Neftçi»nin çempion olacağı, yəqin, heç kəsdə şübhə doğurmur. «Ağ-qaralar»ın zirvə tağından keçməsinə cəmi 3-4 xal lazımdır. Amma elə qarşıdakı turda iki prinsipial rəqibin üz-üzə gəlməsi əsas suallara cavab verir. Gələn tur, ən azı, iki rəqibdən biri rəsmən çempionluqla vidalaşacaq. «Qarabağ»la «İnter»in görüşünü mövsümün son kəskin rəqabəti də adlandırmaq olar. Çünki sonrakı qarşılaşmalarda hər iki rəqib qalib gəlmək iqtidarındadır.

Əlbəttə, çempionatın bu sonluğu daha çox «Xəzər Lənkəran»ın xeyrinə oldu. Çünki «Neftçi»nin Premyer Liqadakı uğuru onu da Avropaya çıxaracaq. Artıq bu məsələyə də nöqtə qoymaqla, yalnız bir məsələ ətrafında düşünmək olar: «Neftçi» uzun fasilədən sonra kuboku qazana biləcək və ya komanda ötən səhvini təkrarlamayıb mövsümü qoşa qələbə ilə başa vura biləcək?

Çempionun bu imkanı daha çoxdur. Komanda «Qarabağ» sindromunu qırdıqdan sonra və həm kubok, həm də «altılıq»dakı son rəqabətdə Ağdam təmsilçisinə qalib gəlməklə, sanki bütün psixoloji problemlərini həll edərək, oyunlarına daha rahat çıxır. Bu isə praqmatik yanaşma tərzini təmin edən taktiki-texniki oyun elementlərinin icrasında əksini tapıb. Komanda daha səlis oyuna üstünlük verir. Əlbəttə, hələ də oyunçuların potensial imkanlarındakı əskiklər özünü büruzə verir.

Hələ final mərhələsi ərəfəsində «Neftçi»nin Avropa kubokları uğrunda mübarizədə olacağı aydın idi. Elə buna görə də komandaya yalnız bu yöndən qiymət veririk. Üstəlik, ötən il Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etməklə komanda özünə olan azarkeş tələblərinin də yeni həddini müəyyən edib. Lakin mövsüm ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, komanda bir qədər də geriləyib. Bu, bəzən futbolçuların, ələlxüsus da, gənclərin nizam-intizamında da əksini tapırdı. Azərbaycan futbolu üçün həmişə bu məsələ ağrılı olub. Gənc futbolçular cüzi məşhurlaşan kimi özlərini itirir, davranışları, komanda yoldaşlarına, azarkeşlərə, mətbuata, rəqiblərinə münasibətləri xeyli dəyişir və bu da oyunda əksini tapır. Onların nüfuz qəbul etməməsi nəticəsində itirən futbolumuz olar.

Bu mənada hər şeyin normal olduğu klub «Qarabağ» idisə, ötən ildən bu klubda da axsamalar qeydə alındı. Qış fasiləsindən sonra mövsümün ən yaxşı komandası kimi seçilməyə başlaması ilə Ağdam təmsilçisinin üzərinə böyük yük düşdü. O bu gün də oyun tərzinə görə bütün rəqiblərindən seçilir. Lakin güc-imkan, futbolçu səviyyəsi istənilənləri tam reallaşdırmağa mane olur. Nəticədə, “itirən futbolumuzdur” desəm, yəqin, yanılmaram. Çünki məhz «Qarabağ» Azərbaycan futbolunda uzun illərin sükutunu pozaraq, bəzi məqamlarda rəqiblərin daha sanballı oyunçular almasına, yeniyetmə-uşaq futboluna diqqət etməsinə təsir göstərdi. Əfsus ki, bütün bunlar daha səviyyəli futbolçu transferlərində əksini tapmadı. Ötən illərdə, hətta komandanın Avrokuboklarda nsibətən uğurla çıxış etdiyi vaxtlarda da bu məqamı xüsusi vurğulayırdıq. Budur artıq həmin yanlışlıqlar komandanın ab-havasında əksini tapır. Ötən illərdə də «Qarabağ»ın mövsümün bir hissəsini lap yaxşı, bir qismini isə pis keçirməsi də bunun bariz nəticəsi idi.

Bu dəfə də komanda əsas istəyindən aralı düşdü. Hərçənd Avropa Liqasına vəsiqə onlar üçün hər şeyi yenidən başlamağa kömək edə bilər.
Beləcə, mövsümün əsas sualları artıq bitib. Çünki medallardan ən vacibi qızıldır. Qalanı isə ikinci dərəcəlidir. Gümüş və ya bürünc medal almasından asılı olmayaraq, artıq «Qarabağ»la «İnter» də Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Çünki ötən turu qələbə ilə başa vursa da, «Simurq»un onları haqlaya bilməyəcəyi əməli təsdiqini tapıb.

Bu gün daha çox Premyer liqanı tərk edəcək komandadan danışmaq lazımdır. AFFA konfransının mövsümün finiş xəttində qaydaları dəyişməsinə görə artıq iki komanda elitanı tərk edəcək. Onlardan biri «Kəpəz»dir. Digəri isə ya «Sumqayıt» olacaq, ya da «Turan». Əlbəttə, xal ehtiyatına görə, Sumqayıt daha yaxşı vəziyyətdədir. Buna görə bu rəqabətə qarşıdakı turlardan birində nöqtə qoyula bilər. Lakin potensial imkanları və oyunları nəzərə alınsa, yarışda hər şey mümkündür. Son turda bu cütlük bir-biri ilə üz-üzə gələcək. Lakin o vaxta qədər bəlkə də «Xəzər Lənkəran» bu rəqabətin taleyini həll etdi. Bir sözlə, bu rəqabətdə gələn turu da gözləmək lazım gələcək.

BATI YAR, «İdman» qəzeti

Xəbər 844 dəfə oxundu.