Velosipedçimiz “Tour d`Azerbaidjan”ın 4-cü mərhələsində 2-ci oldu
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 4-cü mərhələsi başladı. İdman.com.az saytı xəbər verir ki, yarış iştirakçıları Qəbələdən start götürərək, İsmayıllını keçməklə, Şamaxıya yollandılar. Paleton 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçdilər.

Gərgin mübarizədə finiş xəttini böyük fərqlə ilk olaraq «Rabobank Development»in çex üzvü Yan Hirt keçdi. Azərbaycanın bu rəqabətdə yeganə təmsilçisi «Synergy Baku Cycling Project» yenə fərqləndi. Komandamızın irlandiyalı velosipedçisi Konnor Mckonvey 2-ci oldu. İdmançımız, həmçinin dağ təsnifatında ən çox xal yığaraq, qırmızı köynəyə də yiyələndi. İspaniya milli komandasının üzvü Dieqo Dubino finiş xəttinə 3-cü gəldi.

Türkiyənin «Şəkərspor» komandasının ukraynalı lejioneri Sergey Qreçin ara məsafələrdə ən çox xal toplayaraq, ardıcıl 3-cü dəfə göy velosipedçi maykasına sahib çıxdı. «Synergy Baku Cycling Project» sprinteri Kristof Şvayster ara və ümumi finiş məsafələrində rəqiblərini üstələyərək, yaşıl köynəyi qazandı.

«Astana» komandasının fəallarından olan Bəxtiyar Kojatayev ən yaxı gənc velosipedçi kimi növbəti dəfə ağ-bənovşəyi köynəyə sahib çıxdı. Bu mübarizədə də ən yaxşı azərbaycanlı velosipedçi adına yenə Elçin Əsədov layiq görüldü.

Kamran HACI
Şamaxı, Pirqulu

Xəbər 995 dəfə oxundu.