Taekvondo üzrə Ümumrespublika turniri keçiriləcək
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Taekvondo növü üzrə Yeniyetmə və Gənclər arasında V ənənəvi Ümumrespublika turniri keçiriləcək.

Azərbaycan Taekvondo Federasıyasının (ATF), eləcə də Lənkəran şəhər Gənclər və İdman İdarəsinin,“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının birgə təşkil etdiyi turnirə, Respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrində məşğul olan və müvafiq hazırlığa malik olan idmançilar qatılacaq.

Turnir 2-5 may tarixlərində Massalı şəhər Olimpiya İdman kompleksində keçiriləcək. Ulu öndərin xatirəsinə həsr olunmuş yarışda gənclər və yeniyetmə idmançılar bütün çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən edildikdən sonra idmançılar, ATF və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialı tərəfindən diplom, medal və müxtəlif hədiyyələr ilə mükafatlandırılacaqlar.

Xəbər 1385 dəfə oxundu.