"Qəbələ" Alman klubunu məğlub edib
«Qəbələ»nin 15 yaşadək futbolçulardan ibarət komandası Hollandiya toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Almaniyanın «Fortuna» (Düsseldorf) klubu ilə üz-üzə gələn «qırmızı-qaralar» əzmkar qələbə qazanıb.

Oyuna sürətli başlayan təmsilçimiz üstün tərəf olsa da, hesabı rəqib açıb. Buna baxmayaraq, «Qəbələ» hücumlarını səngitməyib və oyunu öz lehinə çevirə bilib. Öncəki iki sınaq oyununda fərqlənən Rövlan Muradov «Fortuna»nı da məyus etməyi bacarıb – 1:1. Ardından isə Baxşəli Baxşəliyev komandasını irəli çıxarıb – 2:1. Matçda son nöqtəni almanlar qoyublar. Hüseynqulu Quliyevin yetirmələrinin təzyiqi qarşısında çaşqın duruma düşən «Fortuna» müdafiəçisi topu öz qapısına göndərib – 3:1.

Bu matçla Hollandiya toplanışına yekun vuran “Qəbələ” 2 qələbə və 1 heç-heçə ilə vətənə dönüb. «Brügge»ni 2:0 hesabı ilə yenən təmsilçimiz «Ayaks»la sülh bağlayıb – 1:1.

Xəbər 769 dəfə oxundu.