«Neftçi» və «Qarabağ» Avropada
Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan ikisinin adına aydınlıq gəlib. Ötən gün keçirilən XXVIII turun oyunlarından sonra «Neftçi» və «Qarabağ»ın Avropada oynayacağı dəqiqləşib.

«Neftçi» dünən «İnter»i 2:0 məğlub edib, dördüncü pillədəki «Simurq» «Bakı»ya yenilib – 1:2. Bununla da «Neftçi» və «Simurq»a arasında xal fərqi 17-yə yüksəlib ki, qarşıdakı 4 turda bunun aradan qalxması mümkün deyil.

«Qarabağ» isə «Qəbələ»ni 2:0 hesabı ilə yenib. İndi Ağdam təmsilçisi «Simurq»dan 14 xal öndədi. Bu isə «Qarabağ»ın da «Neftçi» kimi medal və avrokuboklara vəsiqəni təmin etməsi deməkdi.

İndi bu iki komanda Çempionlar Liqasına vəsiqə uğrunda müğarizə aparır. Premyer Liqanın qalibi olacaq komanda qitənin birnömrəli klub turnirinə vəsiqə qazanacaq, digəri isə Avropa Liqasında çıxış edəcək.
Avrokuboklara digər iki vəsiqə uğrunda 4 komanda mübarizə aparır. Premyer Liqada 3-5-ci pilləri tutan «İnter»lə «Simurq», kubokda isə finala çıxan «Xəzər Lənkəran».

«İnter»in «kiçik qardaşı» «Simurq»a güzəşt etməyəcəyi və Avropaya gedəcəyi dəqiqdi. «Xəzər Lənkəran» isə «Neftçi»nin çempion olmasına dua etməlidi. Bu halda, Con Toşakın komandası finalı gözləmədən Avropa Liqasına vəsiqəni təmin edəcək. «Simurq» və «Bakı» isə əksinə, «Neftçi»nin çempion olmamasına və kuboku qazanmasına dua edəcək. Belə olan halda, «Neftçi» kubokun qalibi kimi Avropa Liqasına yollanacaq və «Simurq»la «Bakı» da 4-cü pilləninin sahibi kimi onlara yoldaş ola bilər.

Xəbər 824 dəfə oxundu.