Bakıda beynəlxalq boks turnirinin açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar
- Əziz qonaqlar, əziz idmançılar!
- Hörmətli cənab Çoudri!
Professor Ənvər Çoudrinin adını daşıyan beynəlxalq boks turnirinin açılışı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm.
Belə turnirlərin keçirilməsi Azərbaycanda ənənəyə çevrilibdir. Professor Çoudrinin şərəfinə Bakıda boks üzrə yeniyetmələr arasında beş dəfə turnir keçirilmişdir. Bu dəfə isə biz böyüklər arasında turnirin açılışına toplaşmışıq. Xatırladım ki, bizim xahişimizi nəzərə alaraq, Beynəlxalq Boks Federasiyası yeniyetmələr arasında ilk Avropa və dünya çempionatlarını Bakıda keçirmişdir. Bu, Azərbaycanda boksun yayılmasına böyük kömək göstərmiş, ölkəmizdə boks məktəbinin güclənməsini təmin etmişdir. Bütün bunlara görə mən Milli Olimpiya Komitəsi adından və Azərbaycanın bütün idman ictimaiyyəti adından Beynəlxalq Boks Federasiyasına və onun prezidenti professor Ənvər Çoudriyə - Azərbaycanın böyük dostuna, görkəmli idman xadiminə öz dərin təşəkkürümü bildirirəm.
Azərbaycanda idman sürətlə inkişaf edir. Bizim Olimpiya, dünya, Avropa çempionlarımız vardır. Onların sayı getdikcə artır. Eyni zamanda, biz uşaq və yeniyetmə idmanına böyük diqqət veririk. Çünki uşaq, yeniyetmə idmanı olmayan bir ölkədə, ümumiyyətlə, idman inkişaf edə bilməz. Bu gün burada iştirak edəcək idmançılar əvvəllər - beş il, dörd il bundan qabaq ilk təcrübələrini yeniyetmələrin yarışında əldə etmişlər.
Boks Azərbaycanda çox yüksək səviyyədədir. Bunun başlıca səbəbi Azərbaycan Boks Federasiyasının çox gözəl fəaliyyətidir. Eyni zamanda, bir səbəbi də ondadır ki, Beynəlxalq Boks Federasiyası və şəxsən dostumuz cənab Çoudri bizə çox diqqətlə yanaşır.
Əziz idmançılar! Mən bu turnirin açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə uğurlar, yeni qələbələr arzu edirəm. Sağ olun.

6 mart 2002-ci il

Xəbər 2203 dəfə oxundu.