Höness üçün 5 milyon girov
«Süddeutsche Zeitung» nəşri Münhen prokurorluğunun «Bavariya»nın prezidenti Uli Hönesslə bağlı təhqiqatının təfərrüatını açıqlayıb. Klub rəhbəri vergidən yayınmada ittiham edilir. Qəzetin yazdığına görə, Höness martın 20-də həbs olunmuş, sonra 5 milyon avro girov müqabilində sərbəst buraxılıb.

İdman.com.az saytının məlumatına görə, Hönessin vergi müşaviri onun İsveçrə bankında hesablarındakı əksikliklərlə bağlı bu ilin yanvarında hesabat vermişdi. Münhen prokurorluğunun yaydığı xəbərə görə, hazırda bu işdə hər hansı məlumatın gizlədilib-gizlədilmədiyi araşdırılır. Lakin «Bavariya» prezidentinin hansı məbləği vergidən yayındıra bilməsi ehtimalı ilə bağlı heç bir məlumat açıqlanmır.

Bununla belə, Almaniyanın vergi işçilərinin həmkarlar təşkilatının rəhbəri Tomas Aygentalerin fikrincə, Höness vergidən ən azı 12 milyon avronu yayındıra bilər. O, Hönessin vergidən yayınma hesabatının onu həbsdən yalnız verdiyi faktların dəqiqliyi təqdirində qurtara biləcəyini söyləyib.

Xəbər 837 dəfə oxundu.