Vergi xidməti əməkdaşları arasında şahmat turniri başa çatıb
Aprel 27-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, yarışa Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası da dəstək verib.

Rəqabətə ayının 6-da start verilib. Turnirdə nazirliyin struktur vahidlərinin əməkdaşları iştirak ediblər. Yarış olimpiya sistemi üzrə keçirilib.

Mübarizənin qalibi Vergilər Nazirliyinin Aparatından Əli Həsənov olub. Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov turnirdə 2-ci sıranı tutub. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov qalib gəlib. Turnirdə yüksək nəticələr göstərmiş əməkdaşlar mükafatlandırılıblar.

Tədbirə qatılan qrossmeyster Sərxan Quliyev, iştirakçılarla eyni zamanda oyun seansı keçirib.

Xəbər 1282 dəfə oxundu.