Bakının Maştağa qəsəbəsində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Möhtərəm cənab prezident!
- Hörmətli xanımlar və cənablar!
- Əziz idmançılar!
Bu gün Azərbaycanın idman həyatında çox əlamətdar bir gündür. Bu gün burada, Maştağa qəsəbəsində yeni, dünya standartlarına cavab verən idman kompleksi tikilib idmançılarımızın sərəncamına verilir. Mən bu münasibətlə sizin hamınızı təbrik edirəm.
2001-ci il Azərbaycanın idmanı üçün çox uğurlu il olubdur. Bundan əvvəlki illər də bizim üçün uğurlu olub, amma 2001-ci il bizi xüsusilə sevindirir. Çünki, adətən, olimpiya oyunlarından sonrakı ildə idmançılar o qədər də böyük nəticələr göstərmirlər, daha çox istirahətə üstünlük verirlər. Ancaq Azərbaycanda 2001-ci ildə idmançılarımız çox yüksək nəticələr göstərmişlər. Bu il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında idmançılarımız 173 medal qazanıblar, onların 54-ü qızıl medaldır.
Sevindirici haldır ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Bütün idman növləri inkişaf edir. Bizim üçün ənənəvi olan növlərdə, eyni zamanda Azərbaycan üçün yeni olan növlərdə də idmançılarımız beynəlxalq yarışlarda ən yüksək kürsüyə sahib olurlar. Bu il ərzində stend atıcılığı, boks, güləş, ağır atletika, cüdo, karate, taekvando və başqa idman növlərində idmançılarımız Avropa, dünya çempionatlarının medallarına layiq görülmüşlər.
Bizim fəaliyyətimiz beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti cənab Samaranç və indiki prezident cənab Roq Bakıda olarkən, eyni zamanda müxtəlif beynəlxalq konfranslarda son illər ərzində Azərbaycanda idman sahəsində görülən işləri çox yüksək qiymətləndirmişlər. Bizə beynəlxalq idman qurumları tərəfindən böyük hörmət göstərilir, böyük inam göstərilir. Məhz bu inamın və hörmətin nəticəsində Azərbaycanda dünya səviyyəli yarışların keçirilməsi mümkün olmuşdur.
Bilirsiniz ki, Azərbaycanda yeniyetmələr arasında boks üzrə Avropa və dünya çempionatları keçirilmişdir. Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası Azərbaycanda, Bakıda keçirilmişdir. Gələn il isə böyüklər arasında sərbəst güləş üzrə Avropa çempionatı keçiriləcəkdir.
Hörmətli qonaqlar!
Azərbaycanda idmana olan qayğı dövlət səviyyəsindədir. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev idmançılarımıza daim diqqət və qayğı göstərir. Məhz bu qayğı və diqqətin nəticəsində bütün bu uğurları əldə etmək mümkün olmuşdur.
Bizdə gözəl idman ənənələri var. Eyni zamanda, hazırda güclü potensialımız, güclü gənc idmançılarımız var. Bayaq dediyim kimi, Azərbaycanda bütün idman növləri sürətlə inkişaf edir. Ən sevindirici odur ki, biz gələcəyə də çox nikbinliklə baxırıq. Çünki yeniyetmə idmançılarımız çox yüksək nəticələr göstərirlər.
Bizə olimpiya oyunlarının medalları lazımdır, dünya və Avropa çempionatlarının medalları lazımdır. Ancaq eyni zamanda bizə sağlam gənclər lazımdır, sağlam millət lazımdır. Buna görə də Milli Olimpiya Komitəsi çalışır ki, Azərbaycanda idmanın kütləviliyini təmin etsin. Bu məqsədlə Azərbaycanın bütün bölgələrində yeni idman qurğularının tikilməsinə qərar verilmişdir.
Keçən il Bakıda olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda Naxçıvanda, Gəncədə, Bərdədə, Şəkidə idman komplekslərinin tikintisi gedir. Lənkəranda idman kompleksinin tikilməsi haqqında qərar verilmişdir. Nəhayət, burada, Maştağa qəsəbəsində biz yeni, çox gözəl idman kompleksinin açılışına toplaşmışıq. Deyə bilərəm ki, bu idman kompleksinin tikilməsinin təşəbbüskarı da məhz cənab prezident olmuşdur. Bir neçə ay bundan əvvəl Maştağa qəsəbəsinin nümayəndələri cənab prezidentə müraciət etmişdilər ki, burada yeni idman kompleksinin tikilməsinə kömək göstərsin. O da bizə tapşırıq vermişdi ki, biz bunu icra edək. Biz də bunu etmişik və bu gün burada gözəl idman bayramını bir yerdə keçiririk.
Cənab prezident, mən söz verirəm ki, Milli Olimpiya Komitəsi öz işini bu istiqamətdə davam etdirəcək və Azərbaycanın hər bir bölgəsində buna oxşar idman kompleksləri, qurğuları tikiləcəkdir.
Əziz dostlar, mən sizi bu idman kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm. İdmançılara uğurlar, yeni-yeni qələbələr arzulayıram. Sağ olun.

29 dekabr 2001-ci il

Xəbər 2686 dəfə oxundu.