Taekvondo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşdə Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Çox sevindirici haldır ki, qısa bir müddət ərzində Azərbaycanda taekvondo sürətlə inkişaf edibdir. Taekvondo bizim üçün ənənəvi idman növü deyil və təsadüfi deyil ki, bu sahədə bizə Koreyadan, yəni bu idman növünün vətənindən gəlmiş məşqçilər kömək göstərirlər. Ancaq çox qısa bir müddət ərzində Azərbaycanda taekvondoya həm böyük maraq yaranıb, eyni zamanda, federasiyanın fəaliyyətində çox güclü dönüş baş vermışdır.
Biz Sidneydə olarkən orada idmanın müxtəlif növlərini izləyirdik. Çox narahat olurduq ki, Azərbaycan taekvondoçuları Sidneydə iştirak etmirlər, lisenziya qazana bilməyiblər. Düzdür, çox az bir zaman içərisində bunu etmək çətin idi. Ancaq olimpiadadan sonra biz taekvondoda həqiqi mənada böyük uğurları müşahidə edirik. Bu ilk növbədə onunla bağlıdır ki, taekvondo federasiyasının rəhbərliyinə yeni adamlar seçilmişlər. Yeni prezident və vitse-prezident seçilmişdir və onlar əməli şəkildə həm bizə, həm də bütün idman ictimaiyyətinə göstərirlər ki, Azərbaycanda hər bir idman növü üzrə çox güclü, mahir, perspektivli idmançılar vardır.
Ona görə də təsadüfi deyildir ki, yenə də qeyd edirəm, qısa bir müddət ərzində bizim idmançılarımız mötəbər yarışlarda böyük müvəffəqiyyətlə çıxış ediblər və vətənə çoxlu medallar gətiriblər. İndi biz bu medalları burada görürük.
Yəqin hamımıza aydındır ki, taekvondo idman növünün vətənində qələbə qazanmaq çox çətin bir işdir və idmançılarımızın komanda hesabında birinciliyi əldə etməsini, - bunu Füzuli də qeyd etdi, mən də razıyam ki, - biz heç gözləmirdik. Amma yenə də bildirirəm ki, bu, məhz gərgin, məqsədyönlü işin nəticəsidir.
Bundan sonra hərbçilərin ümumdünya oyunları keçirilmişdir. İdmançılarımız orada da öz istedadlarını göstəriblər, bacarıqlarını nümayiş etdiriblər. Beləliklə, mən hesab edirəm ki, indi Azərbaycan dünya taekvondo ailəsinin çox dəyərli bir üzvüdür. Yəqin ki, sizə də, gələcəkdə yarışacaq idmançılarımıza da çox ehtiyatla yanaşacaqlar, taktikanızı izləyəcəklər və sizinlə görüşlərə çox böyük məsuliyyətlə hazırlaşacaqlar. Siz gərək bunu nəzərə alasınız.
Gələcək fəaliyyətinizdə ona hazır olmalısınız ki, artıq taekvondoda Azərbaycanın yeri görünür və Azərbaycanın qüdrəti hiss olunur. Sizi gələcəkdə dünya cempionatı gözləyir. Mən əminəm ki, bizim idmançılarımız oradan vətənə qələbə ilə qayıdacaqlar. Ancaq dünya çempionatı bizim üçün birinci ciddi sınaq olacaqdır. Əlbəttə, beynəlxalq turnirlər, Koreyanın açıq çempionatı çoxdur, mötəbər yarışlardır, amma dünya çempionatı və olimpiada hər bir idman növü üçün bir nömrəli idman yarışıdır.
Biz Sidneydə olarkən orada Füzuli müəllimlə fikir mübadiləsi aparırdıq. Məhz Füzuli müəllimin taekvondoya gəlməsi ilə bu fikir yaranmışdır və mən bu gün çox şadam ki, o vaxt biz düzgün qərar qəbul edə bildik. Düzdür, Füzuli görkəmli karate ustasıdır, dünya çempionudur. Onu Azərbaycanda hamı tanıyır. Bir idman növündən başqa idman növünə yeni adamın gəlməsi, əlbəttə ki, müəyyən çətinliklərlə də müşayiət oluna bilər, müəyyən müqavimət də göstərilə bilərdi. Eşitdiyimə görə, göstərilmişdir. Amma gərək biz həmişə bir şeyi nəzərdə saxlayaq. Bizim üçün əsas meyar, əsas məqsəd idmançılarımızın uğurlu çıxışlarıdır, vətənə gətirilən medalların sayıdır. Bu iş iki istiqamətdə aparılmalıdır. İdmana rəhbərlik edən qurumlar, federasiyalar, Milli Olimpiya Komitəsi tərəfindən idmançılara mümkün qədər hər cür şərait yaradılmalıdır. İdmançılar isə buna cavab olaraq, öz nəticələri ilə bütün xalqımızı sevindirməlidirlər.
Mən görürəm ki, taekvondo idman növündə bu iki əsas prinsip öz əksini tapıbdır və bu, onu deməyə əsas verir ki, idmançılarımız gələcəkdə də çox böyük nailiyyətlər əldə edəcəklər.
Burada Kəmaləddin müəllim qeyd etdi, mən hesabat yığıncağında demişdim ki, Afina olimpiadasına cəmi üç il qalıbdır. Həqiqətən bunu o mənada demişdim ki, Afinaya indidən hazırlaşmaq lazımdır. Bizim bütün tədbirlərimiz, cədvəllərimiz, planlarımız, təlim-məşq toplanışları indidən ona yönəlməlidir ki, Afinaya tam hazır olaq. Mümkün qədər bütün idman növləri üzrə orada yüksək nəticələr göstərək.
Bir halda ki, Azərbaycan Sidneydə iki qızıl, bir bürünc medal qazana bilibsə, mən o fikirdəyəm ki, Afinada bu nəticələr daha da yüksək olmalıdır. Ancaq dünyada rəqabət artır. İndi dünyada müxtəlif idman növləri inkişaf edir və bəzən gözlənilmədən hansısa ölkənin nümayəndəsi onun üçün ənənəvi olmayan idman növündə yüksək nəticələr göstərir. Ona görə Afinada keçiriləcək olimpiya oyunları təbii ki, idmançılarımzdan daha böyük güc, daha yüksək hazırlıq tələb edəcəkdir. Rəqiblərimiz daha da hazırlıqlı olacaqlar. Buna baxmayaraq, mən bu məsələyə çox nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan müxtəlif idman növlərində Afinada ləyaqətlə təmsil olunacaqdır.
İdman inkişafdadır. Nəticələr də göz qabağındadır. 2001-ci ilin birinci yarısında Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən dünya, Avropa çempionatlarında da böyük nailiyyətlər əldə ediblər. Qızıl, gümüş, bürünc medallar qazanıblar. Bu, bizi çox sevindirir və onu göstərir ki, olimpiadadan sonra Azərbaycanda gərgin iş gedir. Adətən, olimpiadalardan sonra idmançılarda bir növ arxayınlıq hissi yaranır, idmançılar bəlkə də istirahətə daha çox maraq göstərirlər. Təbii ki, bu da olmalıdır. Amma çox şadam ki, bizdə olimpiadadan sonra çox böyük, gözəl nəticələr müşahidə olunur.
Mən taekvondoçularla belə geniş tərkibdə ilk dəfədir görüşürəm. Ondan qabaq ayrı-ayrılıqda bizim görüşlərimiz olubdur. Ancaq hesab etdim ki, bu görüş lazımdır. Çünki sizi gələcəkdə çox məsuliyyətli yarışlar gözləyir. Siz müstəqil Azərbaycan dövlətini təmsil edirsiniz. Azərbaycan gənc, müstəqil dövlətdir. Bizim həmişə, bütün zamanlarda çox görkəmli, istedadalı idmançılarımız olubdur. Ancaq o vaxt Azərbaycan müstəqil dövlət deyildi və təbii ki, idmançılarımız Sovet İttifaqının komandası tərkibində çıxış edirdilər. Ancaq Azərbaycan müstəqil dövlət olandan sonra, əlbəttə, bu, bizim məsuliyyətimizi qat-qat artırır.
Sidneydə keçirdiyimiz unudulmaz günlər - Füzuli də bizimlə bərabər olubdur - hələ indiyənə qədər mənim gözümün qabağındadır. O sevinc hissi, qələbə hissi, hansı ki, biz orada yaşamışıq və burada da bütün millət, bütün xalq yaşayıb - gərək biz onu yenə təkrar edək. Bizim xalqımıza, müstəqil ölkəmizə yeni-yeni böyük qələbələr gətirək. Bu da sizdən asılı olacaqdır.
Bu gün bizimlə bərabər Koreyadan gəlmiş dostlarımız da buradadırlar, Azərbaycan dilində danışmağı da bilirlər. Bu da çox gözəl haldır. Çünki bu onu göstərir ki, Taekvondo Federasiyası artıq beynəlxalq aləmdə tanınır. Sizin beynəlxalq əlaqələriniz güclənir. Əgər belə olmasaydı, yəqin onlar buraya gəlməzdilər. Əlbəttə ki, onların tərəfindən göstərilən yardımlar, hesab edirəm, gələcək fəaliyyətimiz üçün, gələcək çıxışlar üçün çox əhəmiyyətli olacaqdır. Ona görə bu fürsətdən istifadə edib, onlara Milli Olimpiya Komitəsinin adından təşəkkürümü bildirmək istəyirəm ki, öz vətənlərindən ayrılıb Azərbaycana gəliblər, bizimlə bərabər işləyirlər, bizə kömək edirlər. Əminəm ki, bu köməyin real, əməli, praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik.
Əziz dostlar, bir sözlə, mən sizi qazanılmış bütün nailiyyətlər, qələbələr münasibətilə bir daha təbrik edirəm. Arzu edirəm ki, sizin medallarınızın sayı daha da çox olsun. Əminəm ki, siz dünya çempionatında çıxış edəcəksiniz və yüksək nəticələr göstərəcəksiniz. Ola bilsin ki, kimsə medal qazanmaya da bilər. O da faciə deyildir. Əsas məsələ ondadır ki, sizin hər biriniz yarışlarda iştirak edəndə bilməlisiniz ki, Azərbaycanda, Bakıda sizin qələbələrinizi gözləyirlər. Sizin fəaliyyətiniz, çıxışlarınız Azərbaycanda izlənir və hər bir azərbaycanlı, hər bir vətənpərvər vətəndaş bu ümidlə yaşayır ki, Azərbaycanın bayrağı bir daha qaldırılsın. Azərbaycanın, müstəqil dövlətimizin dövlət himni bir daha səslənsin.
Mən sizin hamınıza - federasiyanın rəhbərlərinə, xarici qonaqlara, ilk növbədə idmançılara uğurlar arzu edirəm. Hesab edirəm ki, dünya çempionatından sonra biz burada bir daha görüşəcəyik və siz yeni qələbələr haqqında mənə məruzə edəcəksiniz. Sağ olun.

29 avqust 2001-ci il

Xəbər 2855 dəfə oxundu.