Cüdo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşdə Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Mən sizinlə çoxdan görüşmək istəyirdim. Amma müəyyən səbəblərə görə bu, alınmırdı.
Sizinlə çempionatdan əvvəl görüşmək istəyirdim. Sonra qərara gəldim ki, çempionatdan sonra görüşək. Mən doğrudan da çox şadam ki, Azərbaycanda cüdo çox yüksək səviyyədə inkişaf edir. Bu, bizim üçün ənənəvi idman növü deyildir. Deyə bilərəm ki, bəlkə 10, ya 15 il bundan qabaq Azərbəycanda görkəmli cüdo ustaları mövcud idi. Bizim ilk nailiyyətimizi Nazim Hüseynov göstərmişdir. O, olimpiya çempionudur və bilirsiniz ki, Milli Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvüdür. Olduqca sevindirici haldır ki, Azərbaycanda cüdo çox inkişaf edibdir. Hazırda bizim çox gözəl, perspektivli gənc idmançılarımız var. Sidney olimpiadasında mən belə fikrə gəldim ki, Azərbaycan cüdoçuları gələcəkdə dünya, olimpiya çempionları ola bilərlər.
Çox sevindirici haldır ki, olimpiadadan sonra, 2001-ci ildə artıq bizim idmançılarımız Azərbaycana bir neçə medal gətiriblər. Avropa çempionatından Elçin və Rəsul qızıl və gümüş medal gətirdilər. Eyni zamanda dünya çempionatından iki bürünc medal gətirdilər. Nəzərə alsaq ki, bu medalları gətirən adamlar çox gəncdirlər, ümid edə bilərik ki, gələcəkdə çempionatlarda, xüsusilə Afinada keçiriləcək olimpiadada da Azərbaycan bayrağı qaldırılacaqdır.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda artıq güclü cüdo məktəbi mövcuddur. Mən çox şadam ki, bu nailiyyətləri öz gücümüzün hesabına əldə etmişik. Həm bizim idmançılarımız Azərbaycanda yaşayan, Azərbaycanda doğulmuş və böyümüş insanlardır, həm də məşqçilər yerli məşqçilərdir. Biz Sidneydə belə bir mənzərə ilə üzləşdik ki, bəzi inkişaf etmiş ölkələr medal naminə idmançıları xaricdən gətirirlər və onları öz komandalarına daxil edirlər. Beləliklə, yəqin ki, öz reytinqlərini qaldırmaq istəyirlər. Ancaq bizdə cüdoda vəziyyət tamamilə başqadır. Biz öz yerli kadrlarımızla böyük nailiyyətlər əldə etmişik.
Biz Elçinin və Rəsulun qələbələrinə artıq alışmışıq. Bu, bir növ ənənəvi xarakter alıbdır və deyə bilərəm ki, onlar öz məharətləri ilə bizi ona alışdırıblar ki, hər bir yarışda onlardan medal gözləyirik. Hər kəs bunu təbii hesab edir. Halbuki Avropa və dünya çempionatlarında medal qazanmaq çox böyük uğurdur, böyük nailiyyətdir.
Xüsusilə cüdo kimi idman növündə, hansı ki, bir gün ərzində idmançılar azı 4-5 dəfə tatami üzərinə çıxırlar. Əlbəttə ki, bu, həm fiziki, həm də mənəvi yükdür. Çox şadam ki, idmançılarımız həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən çox hazırlıqlılar.
Bu gün Elxan da buradadır. Səhv etmirəmsə, Elxan birinci dəfədir ki, belə beynəlxalq yarışda iştirak edirdi. Onun debütü çox uğurlu oldu. Bu onu göstərir ki, Azərbaycanda bir neçə güclü idmançı var.
Əlbəttə, bu qələbələr bizi arxayın etməməlidir. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Bilirəm ki, siz də bu fikirdəsiniz. Bütün imkanlarımızı ona yönəltməliyik ki, Azərbaycan cüdoçuları gələcəkdə də müxtəlif beynəlxalq yarışlarda yüksək yerləri tuta bilsinlər.
May ayında Avropa Cüdo Federasiyasının prezidenti cənab Vizir burada idi. Biz onunla görüşdük. Deyə bilərəm ki, o, Azərbaycanda cüdonun vəziyyətindən çox razı qalmışdı və bildirmişdi ki, öz tərəfindən bizə kömək göstərəcəkdir. İndi çempionatda bu nə dərəcədə öz əksini tapıbdır, mən deyə bilmərəm. Amma hər halda biz həmişə çalışmışıq ki, beynəlxalq idman qurumları ilə, təkcə Beynəlxalq Olimpiya Komitəsi ilə yox, Avropa Olimpiya Komitəsi ilə, - bilirsiniz ki, o, Azərbaycana çox böyük hörmət göstərir, - eyni zamanda müxtəlif beynəlxalq federasiyalarla işlər aparaq. Deyə bilərəm ki, Əbülfəz müəllim ilə birlikdə biz dünyanın müxtəlif ölkələrində bir sıra beynəlxalq federasiyalarda olmuşuq. Hesab edirik ki, bu əlaqələr məhz federasiyalar səviyyəsində olmalıdır.
Eyni zamanda cüdo federasiyası da bu sahədə çox böyük işlər görür və cənab Vizir mənə məlumat vermişdi ki, sizinlə çox gözəl əlaqələr yaranıbdır. Bu əlaqələri gücləndirmək lazımdır və artıq Azərbaycan beynəlxalq idman aləmində öz layiqli yerini tuta bilibdir.
Olimpiadadan sonra bizimlə görüşən bütün idman rəhbərləri, o cümlədən cənab Samaranç, Beynəlxalq Olimpiya Komitəsinin yeni seçilmiş prezidenti cənab Roq bizi ürəkdən təbrik edirlər və deyirlər çox şadıq ki, son illər ərzində Azərbaycanda idman sahəsində olan müsbət dəyişikliklər öz məntiqi nəticəsini veribdır. Yəni məntiqi nəticə də medaldır. Biz nə qədər çalışsaq, nə qədər şərait yaratsaq, yaxud da işlər görsək, əsas nəticə çempionatların və olimpiadaların medallarıdır. Yenə də deyirəm, şadam ki, bizim tərəfimizdən, uşaqlar və məşqçilər tərəfindən çox böyük işlər görülür və hamı bir nöqtəyə vurur. Ona görə mən sizin hamınızı - federasiyanı, məşqçiləri və idmançıları bir daha ürəkdən təbrik edirəm. Güman edirəm ki, belə gözəl görüşlərimizi, yəni qələbə ilə bağlı görüşlərimizi gələcəkdə də bir neçə dəfə keçirəcəyik. Sağ olun.

9 avqust 2001-ci il

Xəbər 2400 dəfə oxundu.