Sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnirin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar!
- Hörmətli idman həvəskarları, qonaqlar və yarış iştirakçıları!
Bu gün Azərbaycanda sərbəst güləş üzrə gənclər arasında ilk dəfə beynəlxalq turnir keçirilir. Bu münasibətlə Azərbaycana müxtəlif ölkələrdən qonaqlar, idmançılar gəlib. İcazə verin, bu turnirin iştirakçılarını və qonaqlarını Milli Olimpiya Komitəsi adından təbrik edim, onlara uğurlar arzulayım.
Azərbaycanda bu turnirin keçirilməsi heç də təsadüfi deyil. Hələ Sidneydə, Olimpiya Oyunlarında Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası Beynəlxalq Güləş Federasiyasına bu turniri Azərbaycanda keçirmək xahişi ilə müraciət etmişdi. Eyni zamanda elə o vaxt biz onlardan xahiş etmişdik ki, yaşlılar arasında sərbəst güləş üzrə Avropa çempionatını da Azərbaycanda keçirsinlər. Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, hər iki təklifimiz onlar tərəfindən müsbət qəbul olunmuşdur. Bu münasibətin nəticəsində Azərbaycanda gənclər arasında birinci mötəbər turnir keçirilir. Azərbaycanda, ümumiyyətlə, bütün idman növləri üzrə turnirlər keçirilir. Dünya çempionatı, Avropa çempionatı keçiriləcək. Ümumiyyətlə, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevriləcək. Azərbaycanda keçirilən hər bir turnir idman növlərinin inkişafına böyük təkan verəcək. Hər bir turnirdən sonra idman növlərinə kütləvi surətdə axın başlayır. Bu da bizi çox sevindirir, çünki idmanın kütləviliyini artırır. Biz istəyirik ki, hər bir vətəndaş, hər bir gənc, hər bir uşaq idmanla məşğul olsun, vətənə qələbələr gətirsin. Beynəlxalq Güləş Federasiyası bizə çox böyük hörmət göstərib, böyük inam göstərib və bu hörmət və inamın nəticəsində biz turniri keçiririk. Bu gün bizimlə birlikdə Namiq Abdullayev də vardır. Namiq Abdullayev Azərbaycan xalqının qəhrəman oğludur. Namiq Abdullayev Azərbaycan Respublikasının bayrağını ucaldan adamdır. Mən onu bir daha hamımızın adından böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu qələbəni heç vaxt unutmamalıyıq, hər zaman yadımızda saxlamalıyıq və elə etməliyik ki, bu qələbələrin sayı artsın. Diqqətinizə çatdırmaq istəyirəm ki, 2001-ci ilin dörd ayı ərzində Azərbaycan idmançıları yalnız dünya və Avropa çempionatlarında 6 medal qazana biliblər. Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Metəhəddinova dünya çempionu titulunu qazanıbdır. Ağırlıqqaldırma üzrə keçirilən Avropa çempionatından üç idmançımız vətənə medallarla qayıdıbdır: Nizami Paşayev qızıl medal, Elxan Süleymanov gümüş medal, Turan Mirzəyev bürünc medal. Bu yaxınlarda bodibildinq üzrə Bakıda keçirilən Avropa çemponatında idmançılarımız 2 medal qazandılar: Tahir Faxrutdinov qızıl medal, Yalçın Məmmədov bürünc medal. Görün, bu gün Azərbaycanda idman potensialı nə qədər güclüdür, idman nə qədər sürətlə inkişaf edir. Mən sizi bu turnirin açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm, siz idmançılara uğurlar, qələbələr arzulayıram.

15 may 2001-ci il

Xəbər 2729 dəfə oxundu.