"Qəbələ" "Bakı" ilə sülh bağladı
U-19 Liqasının ilkin mərhələsini uğurla adlayan və yarımfinala vəsiqə qazanan "Qəbələ"nin 19 yaşa qədər futbolçulardan ibarət komandası finala çıxmaq uğrunda mübarizədə "Bakı" ilə üz-üzə gəlib.

Paytaxtda baş tutan ilk oyun "qırmızı-qaralar"ın tam üstünlüyü ilə keçib. Matç boyunca "Qəbələ" Fərid Hacıyev, Ehtiram Şahverdiyev və Sadiq Quliyevin simasında bir neçə fərqlənmək imkanı yaxalasa da, qarşılaşmada hesab açılmayıb. Cavab oyunu mayın 1-i Qəbələdə baş tutacaq.

Xatırladaq ki, bu mövsüm ilki keçirilən U-19 Liqası 7 komandanın iştirakı ilə reallaşıb. Meydançaya çıxdığı 6 oyunun 4-də qalib gələn "qırmızı-qaralar" 1 oyunu heç-heçə, 1 görüşü isə məğlubiyyətlə yekunlaşdırıb. Nəticədə turnir cədvəlinin II pilləsində qərarlaşıb və yarımfinala vəsiqə qazanıb.

Xəbər 813 dəfə oxundu.