Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Möhtərəm cənab prezident!
- Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycanın idman tarixində çox əlamətdar bir gündür, Gəncədə Milli Olimpiya Komitəsinin yeni idman kompleksi açılır və istifadəyə verilir. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu kompleks dünyanın ən yüksək standartlarına cavab verir, iki salondan ibarətdir. Burada həm gözəl məşq etmək, təlim-məşq toplanışları keçirmək, həm də ən yüksək səviyyəli beynəlxalq yarışları keçirmək mümkün olacaqdır. Mən əminəm ki, burada yaşayan idmançılar, gənclər, uşaqlar bu kompleksdən səmərəli istifadə edəcəklər.
Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf edir. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Təkcə onu demək kifayətdir ki, son beş il ərzində idmançılarımız beynəlxalq yarışlarda, olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanıblar. Biz istəyirik ki, idmançılarımızın məşğul olmaq üçün şəraiti yaxşı olsun. Bu məqsədlə Milli Olimpiya Komitəsi xüsusi proqram təsdiq edib və o, həyata keçirilir.
Biz çox istəyirdik ki, idmançılarımızın beynəlxalq yarışlarda çıxışlarını təmin edək və buna da nail olduq. İndi deyə bilərəm ki, elə bir beynəlxalq yarış, çempionat yoxdur ki, bizim idmançılarımız orada iştirak etməsin. Bu, çox önəmli bir amildir, çünki beynəlxalq yarışlarda çıxış edərək, idmançı lazımi təcrübə toplayır.
Eyni zamanda, biz çox istəyirdik ki, Azərbaycanda beynəlxalq yarışlar da keçirilsin. Demək olar ki, keçmişdə bizdə belə bir təcrübə yox idi. Lakin son üç il ərzində Azərbaycan beynəlxalq yarışlar meydanına çevrilibdir. Qısa bir müddət ərzində Azərbaycanda yeniyetmələr arasında boks üzrə Avropa çempionatı, sonra isə dünya çempionatı keçirilmişdir. Şahmat üzrə, bodibildinq, sərbəst güləş üzrə Avropa çempionatları Azərbaycanda keçirilmişdir.
Bu, bir tərəfdən, Azərbaycanda idmanın daha da geniş yayılmasına böyük xidmət edir. Eyni zamanda, Azərbaycanı bütün idman aləmi qarşısında daha da yaxşı tanıdır. Deyə bilərəm ki, Azərbaycanda keçirilmiş bütün beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunmuşdur. Bunu təkcə biz yox, bu yarışlarda iştirak edən qonaqlar, idmançılar da deyirlər. Ümumiyyətlə, beynəlxalq idman qurumları tərəfindən Azərbaycana böyük inam, hörmət var. Bizim fəaliyyətimizə çox yüksək qiymət verilir. Bir faktı diqqətinizə çatdıra bilərəm. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti beynəlxalq konfransların birində Avropa milli olimpiya komitələri prezidentlərinin qarşısında çıxış edərək demişdir ki, Avropanın bütün milli olimpiya komitələri Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətindən nümunə götürməlidirlər. Hesab edirəm ki, bundan yüksək qiymət ola bilməz.
Azərbaycanın Milli Olimpiya Komitəsi təbliğat işləri ilə də ciddi məşğuldur. Bu məqsədlə 1998-ci ildən başlayaraq biz “Olimpiya” jurnalı nəşr edirik və idmanda gedən bütün proseslər bu jurnalda öz əksini tapır. Eyni zamanda, bu yaxınlarda Milli Olimpiya Komitəsi “Olimpiya dünyası” adlı qəzet də buraxmağa başlamışbır.
Biz idmançılara böyük qayğı və diqqətlə yanaşırıq. Milli Olimpiya Komitəsi görkəmli idmançılara, onların məşqçilərinə və idman veteranlarına xüsusi təqaüd təsis edib və bir neçə ildir ki, 60-dan çox idmançı, məşqçi, veteran bu təqaüdü alır.
Biz istəyirik ki, idmanla məşğul olmaq üçün yaxşı şərait olsun. İdmanla məşğul olmaq istəyənlərin sayı artsın və son illər ərzində idman bölmələrinə müşahidə olunan axın bunu sübut edir ki, biz buna nail ola bilmişik.
Milli Olimpiya Komitəsi idmanın kütləviliyinə çox böyük diqqət göstərir. Biz istəyirik ki, hər bir uşaq, hər bir gənc idmanla məşğul olsun. Çünki idman insanı həm fiziki çəhətdən sağlam edir, həm də mənəvi cəhətdən gücləndirir, təkmilləşdirir. Bu məqsədlə Milli Olimpiya Komitəsi bir neçə il bundan əvvəl xüsusi proqram təsdiq edib və bu proqramın nəticəsidir ki, bu gün burada gözəl idman kompleksi açılır.
Bundan əvvəl Bakıda, Maştağa qəsəbəsində, Naxçıvanda buna oxşar idman kompleksləri açılmışdır. Bu gün biz bu bayramı Gəncədə də qeyd edirik. Deyə bilərəm ki, Azərbaycanın müxtəlif bölgələrində artıq bu işlər gedir və yaxın gələcəkdə Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait yaradılacaqdır.
Biz idmançılarımızla fəxr edirik. Hər dəfə Azərbaycanın milli bayrağı qaldırılanda, Azərbaycanın dövlət himni səslənəndə hər bir vətənpərvər insan qürur hüssi keçirir. Fəxr edir ki, onun ölkəsinin nümayəndəsi qələbə qazanıb, onun ölkəsi zəfər çalıbdır.
Mən xüsusilə qeyd etmək istəyirəm ki, idmana dövlət tərəfindən də qayğı çox yüksək səviyyədədir. Cənab prezident şəxsən bu məsələlərlə mütəmadi olaraq maraqlanır, öz göstərişlərini verir, idmançılara, idmanla məşğul olan bütün insanlara, mütəxəssislərə öz köməyini göstərir. Əgər bu qayğı, diqqət, kömək və xoş münasibət olmasaydı, biz bu uğurları qazana bilməzdik.
Əziz dostlar!
Əziz gəncəlilər!
Mən sizi bir daha bu gözəl idman kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, burda məşq edəcək, yarışacaq gənclər Azərbaycan idmanının şöhrətini daim yüksək tutacaq, vətənə yeni-yeni qələbələr gətirəcəklər. Sağ olun.

12 sentyabr 2002-ci il

Xəbər 2950 dəfə oxundu.