Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Möhtərəm cənab prezident!
- Hörmətli xanımlar və cənablar!
- Əziz şəkililər!
Bu gün Azərbaycanın idman həyatında çox əlamətdar bir gündür. Bu gün Şəkidə yeni, müasir Olimpiya idman kompleksi açılır və idmançıların sərəncamına verilir. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu kompleks ən yüksək dünya standartlarına cavab verir. İki böyük salondan ibarətdir, eyni zamanda, üzgüçülüklə məşğul olmaq üçün hovuzu da var. İdmançıların istirahəti üçün burada kotteclər, yaşayış binaları da nəzərdə tutulubdur. Burada həm təlim-məşq toplanışları, həm də ən yüksək səviyyəli beynəlxalq yarışlar keçirmək mümkün olacaqdır. Biz artıq Azərbaycanın müxtəlif idman federasiyalarından xahiş etmişik ki, Azərbaycan cempionatlarını məhz bu kompleksdə keçirsinlər. Əşrəf müəllimin dediyi kimi, təxminən bir il bundan əvvəl Şəkidən Milli Olimpiya Komitəsinə müraciət gəldi ki, biz burada inşası yarımçıq qalmış bir idman qurğusunu bərpa edək. Biz mütəxəssisləri göndərdik və bütün məsələləri təhlil edəndən sonra belə bir qərara gəldik ki, o köhnə, demək olar ki, dağılmış vəziyyətdə olan idman qurğusunun əvəzinə, Şəkidə yeni, müasir, Şəkiyə yaraşan və eyni zamanda, ona əlavə yaraşıq verən bir idman kompleksi tikək. Qısa müddət ərzində biz bunu yaratdıq və bu gün kompleks açılır, idmançıların sərəncamına verilir.
Bu, Milli Olimpiya Komitəsinin beşinci tikdiyi idman kompleksidir. Bundan əvvəl Bakıda, Maştağa qəsəbəsində, Naxçıvanda, Gəncədə yeni idman kompleksləri açıldı və indi idmançılar onlardan çox səmərəli istifadə edirlər. Mən əminəm ki, burada da Şəki camaatı, idmançılar, uşaqlar, gənclər bu kompleksdən çox səmərəli istifadə edəcəklər. Çünki bu kompleksdə hər cür şərait var və burada gözəl vaxt keçirmək, istirahət etmək, idmanla məşğul olmaq mümkündür.
Biz istəyirik ki, Azərbaycanda idmanla məşğul olmaq kütləvi xarakter alsın. Cünki idman sağlamlıq deməkdir, sağlam həyat tərzi deməkdir və biz çalışırıq ki, hər bir insan, hər bir uşaq, hər bir gənc idmanla məşğul olsun, öz fiziki sağlamlığını möhkəmləndirsin. Beləliklə də Azərbaycanda idman kütləvi xarakter alsın. Bu proses də gedir və son illər ərzində idman bölmələrinə müşahidə olunan axın bunu bir daha sübut edir ki, idman artıq Azərbaycanın ictimai-siyasi həyatının çox güclü bir amilinə çevrilmişdir.
Biz bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Belə gözəl, yaraşıqlı idman komplekslərini Azərbaycanın digər bölgələrində də inşa edəcəyik. Hazırda Lənkəranda və Qubada da yeni idman kompleksləri inşa edilir. Bərdə şəhərində isə idman kompleksi hazırdır, orada son tamamlama işləri aparılır.
İdmanda yüksək nəticələr də hər bir ölkə üçün, hər bir dövlət üçün vacibdir. Çünki idmanda qazanılan nəticələr ölkənin ümumi inkişaf səviyyəsini, potensialını göstərir. Buna görə də Milli Olimpiya Komitəsinin fəaliyyətinin digər istiqaməti ondan ibarət idi ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda çıxışlarını təmin edək, məşqləri üçün gözəl şərait yaradaq və əlimizdən gələni edək ki, onlar yüksək nəticələr göstərsinlər. Bu, belə də oldu. Deyə bilərəm ki, son beş il ərzində Azərbaycan idmançıları olimpiya oyunlarında, dünya və Avropa cempionatlarında, müxtəlif beynəlxalq yarışlarda 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanıblar. Bu, çox böyük nəticədir.
Təsadüfi deyil ki, bizim Milli Olimpiya Komitəsinin 10 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti demişdir ki, Azərbaycan artıq dünyanın aparıcı ölkələri sırasındadır. Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti beynəlxalq konfransda öz çıxışlarının birində demişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti digər milli olimpiya komitələrinin fəaliyyəti üçün örnək olmalıdır. Bu, çox böyük qiymətdir.
Bizim fəaliyyətimizə ən böyük, ən vacib qiyməti cənab prezident yubiley tədbirində vermişdir. O, idmançıların və Milli Olimpiya Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirdi. Bu, bizim hamımızı ruhlandırdı. Çünki biz istəyirik ki, idmançılarımız daim qələbə qazansınlar. Əgər dövlət tərəfindən, şəxsən cənab prezident tərəfindən idmana qayğı və diqqət olmasaydı, əlbəttə ki, biz bu uğurları qazana bilməzdik.
Biz o uğurları qazanarkən, hər dəfə Azərbaycanın milli bayrağı beynəlxalq yarışlarda qaldırılanda, Azərbaycanın dövlət himni səslənəndə hər bir azərbaycanlı, hər bir vətənpərvər insan fəxr edir, qürur hissi keçirir ki, onun nümayəndəsi belə bir qələbə qazanıbdır, ölkəsinin bayrağı qaldırılır. Mən əminəm ki, idmançılarımız gələcəkdə də doğma xalqımıza qələbə sevincləri bəxş edəcəklər.
Əziz şəkililər, bu gözəl idman kompleksinin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, hamınıza cansağlığı, uğurlar arzulayıram.
Sağ olun.

9 noyabr 2002-ci il

Xəbər 3164 dəfə oxundu.