Milli Olimpiya Komitəsinin III Baş Məclisində MOK prezidenti İlham Əliyevin məruzəsi
- Hörmətli məclis iştirakçıları!
- Xanımlar və cənablar!
Bu gün biz bura Milli Olimpiya Komitəsinin son dörd il ərzindəki fəaliyyətinə yekun vurmaq və növbəti dörd illik müddətə MOK-un yeni tərkibini müəyyənləşirib, rəhbər orqanlarını seçmək üçün toplaşmışıq. Hesabat dövründə Milli Olimpiya Komitəsinin istər ölkə daxilində istərsə də beynəlxalq miqyasda nüfuzu artmışdır. İndi Milli Olimpiya Komitəsinin adı böyük hörmətlə çəkilir. Bu bir tərəfdən MOK-un ardıcıl, məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən dövlətimizin Olimpiya Hərəkatına, idmana diqqət və qayğısının, idmançılarımızın beynəlxalq miqyasda uğurlarının nəticəsidir. İndi Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır, Onda həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri baş verir, perspektivli gənc idmançılarımızın sayı günbəgün artır.
Bildiyiniz kimi, Azərbaycanda Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis edilmişdir. Gələn il onun on illiyi tamam olur və biz komitənin yubileyini təntənəli qeyd edəcəyik. Təəssüf ki, Olimpiya Komitəmiz fəaliyyətə başladığı ilk dövrdə işini tələb olunan səviyyədə qura bilməmişdi. Bu sahədə köklü dəyişikliklər edilməsi zərurəti yaranmışdı. 1997-ci ildə MOK-un yeni üzvləri, İcraiyyə Komitəsi və prezidenti, bir sözlə bu gün öz işi haqqında hesabat verən yeni heyət seçildi.
Biz fəaliyyətimizin ilk günlərində Azərbaycan Olimpiya Hərəkatının real vəziyyətini öyrəndik, mövcüd problemləri aşkara çıxardıq, işə əngəl törədən amilləri müəyyənləşdirdik və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər gördük. Bütün bunlar nə qədər çətin olsa da, öhtəsindən gələ bildik. Hesab edirəm ki, 1997-ci ildə seçilmiş yeni heyət komitənin fəaliyyətinə müsbət istiqamətdə əsaslı dönüş yarada bilmişdir. Respublikada Olimpizmin sürətli inkişafına zəmin yaratmış, ölkənin Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Komitənin qazandığı uğurlar çoxdur və onlar göz qabağındadır. Ən böyük uğurumuz isə Sidney Oyunlarında əldə olunmuşdur.
Əvvəlki olimpiadalarla müqayisədə XXVII Olimpiya Oyunlarına Azərbaycanda diqqət daha böyük idi. Bu da təsadüfi deyildi. Respublikada Olimpiya Hərəkatının təbliği və yayılması, habelə idmanın inkişafı istiqamətində qısa müddətdə xeyli tədbirlər həyata keçirilmişdir. Sidney olimpiadasına hazırlıq dövründə idmançılarımızın müxtəlif səviyyəli beynəlxalq yarışlarda uğurlu çıxışları hər bir Azərbaycan vətəndaşında haqlı qürur hissi doğururdu. Belə uğurlu çıxışların nəticəsi idi ki, Atlanta Olimpiadası ilə müqayisədə daha çox lisenziya qazanıldı.
Sidneydə respublikamız 31 idmançı ilə təmsil olundu. İdmançılarımız Avstraliyada üç medal - iki qızıl və bir bürünc medal qazana bildilər. Zemfira Meftahəddinova stend atıcılığı, Namiq Abdullayev isə sərbəst güləş üzrə yarışlarda gərgin idman mübarizəsi şəraitində qızıl medal qazanıb olimpiya çempionu oldular. Vüqar Ələkbərov isə boks yarışlarında bürünc medal əldə etdi. Bundan əlavə daha doqquz idmançımız diplomlarla təltif olundu. Rəsul Səlimov, Ruslan Xairov 5-ci, İslam Duquçiyev 6-cı, Elçin İsmayılov, Zülfiyyə Hüseynova, Natiq Eyvazov, Şamil Əfəndiyev 7-ci, Elxan Süleymanov 8-ci yerləri tutaraq Azərbaycanın həqiqətən güclü idman ölkəsi olduğunu bütün dünyaya sübut etdilər.
Müstəqil Azərbaycan idmançılarının Sidney Oyunlarında qazandıqları yüksək nəticələr bizim qəlbimizi böyük qürur hissi ilə döyündürür. Dörd il əvvəl olimpiadada müstəqil dövlət kimi ilk dəfə iştirakımız tarixə bir gümüş medal ilə yazılmışdısa, yay olimpiya oyunlarında ikinci dəfə təmsil olunmağımız 2 qızıl və 1 bürünc medalla nəticələndi. Ötən dəfə 198 ölkə arasında 61-ci olan Azərbaycan komandası, Bu dəfə 199 ölkə arasında 34-cü yeri tutdu. Olimpiyaçılarımız Avropa ölkələri arasında 23-cü oldular. Bu, çox yüksək nəticədir. Təsadüfi deyil ki, Sidney Oyunlarının bağlanış mərasimində Azərbaycanın qazandığı nailiyyət ayrıca vurğulandı. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç idmançılarımızın bu qəlbəsi münasibətilə respublika prezidentinə təbrik teleqramı vurdu. Bunun yüksək nailiyyət olmasını biz Bakıda Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqun dilindən eşitdik.
Hər bir Milli Olimpiya Komitəsinin əsas vəzifəsi öz ölkəsinin Olimpiya Oyunlarında təmsil olunmasını təmin etməkdir. Ona görə də Milli Olimpiya Komitəsinin fəaliyyətini əsas qiymətləndirmə meyarı şübhəsiz ki, Olimpiya Oyunlarında iştirak və bu oyunlarda göstərilən nəticələrdir. Hesabat dövrü ərzində Azərbaycan Olimpiya Oyunlarında iki dəfə - 1998-ci ilədə Naqanoda qış, 2000-ci ildə Sidneydə Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
1998-ci ilin fevralında Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında ilk dəfə respublikamız 5 idmançı ilə təmsil olundu.
Milli Olimpiya Komitəsi belə hesb edir ki, Qış Olimpiya Oyunlarında iştirakımız davam etməlidir. Azərbaycanın adı bütün böyük idman yarışlarında, o cümlədən Qış Olimpiya Oyunları kimi mötəbər tədbirdə səslənməlidir.
Şübhə yoxdur ki, bütün ölkələrdən olan idmançıları bir araya gətirmək, böyükdən kiçiyə hamının diqqət mərkəzində olmaq baxımından Yay Olimpiya Oyunları xüsusilə seçilir. Ona görə də Olimpiya Komitəsi Sidney Oyunlarında iştiraka çox böyük məsuliyyətlə yanaşmışdır. Ümumiyyətlə, Sidney Oyunları ilə bağlı komitənin fəaliyyətini üç mərhələyə bölmək olar. Birinci mərhələ Sidney Oyunlarına hazırlığı, ikinci iştirakı, üçüncü mərhələ isə Sidneydən sonrakı tədbirləri əhatə etmişdir.
İcraiyyə Komitəsinin yeni tərkibi 1997-ci ildə elə ilk iclasında ümumi fəaliyyətimizin birinci mərhələsini təşkil edən Sidney Oyunlarına hazırlıq tədbirlərini müzakirə etdi. Sidney Oyunlarına hazırlıq konsepsiyasını təsdiq etdi və buna uyğun olaraq hazırlıq aparılmağa başlandı.
Respublika prezidentinin XXVII Olimpiya Oyunlarına hazırlıq haqqında 1998-ci il 20 fevral tarixli Sərəncamı bu hazırlıq prosesinə dövlət səviyyəsində yardımı təmin etdi. Sidney Oyunlarına hazırlaq prosesi idmançıların müxtəlif beynəlxalq yarışlarda iştirakı, təlim-məşq toplanışlarının təşkili və keçirilməsi, lisenziyaların qazanılması və bilavasitə Avstraliyaya səfərlə bağlı inzibati-təşkilati işləri əhatə etmişdir. Bütün bu məsələlər məclis iştirakçılarına paylanmış hesabat materialında müvafiq bölmələrdə geniş şəkildə əksini tapmışdır. Eyni zamanda bu ilin sonunda keçirdiyimiz məclislərdəki çıxışlarımda bu işlərin gedişi barədə məlumat vermişəm. Hesab edirəm ki, bu məsələlər üzərində geniş dayanmağa ehtiyac yoxdur.
2000-ci ilin avqust ayında XXVII Yay Olimpiya Oyunları ilə bağlı fəaliyyətimizin II mərhələsi başlandı.
Avqustun 25-də Respublika prezidenti Sidney Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalma mərasimində iştirak etdi, idmançılara xeyir-duasını və tövsiyyələrini verdi. Sidney Oyunlarına yola düşmək ərəfəsində komitə “Koka-Kola” şirkəti ilə birgə olimpiyaçılar üçün Olimpiya gecəsi təşkil etdi. Sentyabrın 2-də nümayəndə heyətimiz Sidneyə yola düşdü. İdmançılarımıza Sidneydə istər məşq, istərsə də istirahət üçün hər cür şərait yaratmağa nail olduq. Əldə olunmuş nəticələrlə Azərbaycan Olimpiya Hərəkatının tarixinə yeni səhifələr yazıldı: iki qızıl, bir bürünc, iki olimpiya, bir dünya rekordu, doqquz fəxri yer. Bu əsl qələbə oldu.
Azərbaycan idmançılarının Sidneydəki qələbələri hər birimizin qəlbində böyük sevinc və iftixar hissi oyatdı. Vətən öz olimpiyaçılarını böyük məhəbbətlə qarşıladı. Azərbaycan Prezideni Heydər Əliyev olimpiyaçıları qəbul etdi və idmançılarımızın Sidneydəki çıxışlarını yüksək qiymətləndirdi. Olimpiya çempionlarımız Zemfira Meftahəddinova, Namiq Abdullayev, onların məşqçiləri Hafiz Cəfərov, Vahid Məmmədov, sərbəst güləş üzrə yığmanın məşqçisi Yaqub Məmmədov “Şöhrət” ordeni, Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov, onun məşqçisi Rəşid Məmmədov, boks üzrə yığmanın məşqçisi Rauf Cabbarov “Tərəqqi” medalı ilə təltif olundular. Bütün idmançılarımız pul mükafatları aldılar. Ölkəmizin başçısının Milli Olimpiya Komitəsinin ünvanına söylədiyi xoş sözlər işimizə verilən böyük qiymətdir. Bu sözlər bizim məsuliyyətimizi birə on artırır. Olimpiya Oyunlarında idmançılarmızın parlaq qələbələri, bu qələbələrin dövlət tərəfindən yüksək qiymətləndirilməsi, idmançıların və məşqçilərin orden və medallarla, böyük pul mükafatları ilə təltif olunması ölkəmizdə uşaqların, gənclərin idmana marağını da birə on artırmışdır. Olimpiadadan sonra bütün ölkədə idman bölmələrinə sanki bir axın başlamışdır. Fərəhli haldır ki, valideyinlərdə də idmana böyük həvəs oyanmışdır. Biz buna çox sevinirik.
Ötən il oktyabrın sonunda biz Sidney Oyunlarının yekunlarına həsr olunmuş böyük tədbir keçirtdik. Sizin çoxunuz orada iştirak etmisiniz. Bu, həqiqətən, əsl Olimpiya bayramı idi. Olimpiyaçılarımız bu dəfə Komitəmizin mükafat və hədiyyələrini aldılar.
Olimpiya Oyunları dövründə hər bir nümayəndə heyəti öz ölkəsini tanıtdırmaq, mədəniyyətini, incəsənətini nümayiş etdirmək imkanı qazanır. Biz elə bir imkandan istifadə etdik. Sidney Oyunları zamanı Milli Olimpiya Komitəsinin rəhbərliyi bir sıra tədbirlərin təşkilatçısı və iştirakçısı oldu. Avqustun 18-də Sidneydə “Recent” otelində “Azərbaycan günü” keçirildi. Həmin gün qonaqlarımızı ölkəmizlə daha yaxından tanış edə bildik. Onlar Azərbaycan xalçalarından, respublika rəssamlarının əsərlərindən ibarət sərgiyə böyük heyranlıqla tamaşa etdilər, milli mətbəximizin yeməklərini daddılar. “Azərbaycan günü”ndə beynəlxalq və Avropa Olimpiya Komitəsinin rəhbərləri, beynəlxalq federasiyaların, milli olimpiya komitələrinin prezidentləri, ayrı-ayrı dövlətlərin idman nazirləri, görkəmli idmançılar iştirak edirdilər. Güman edirəm ki, bu tədbirdə iştirak etmiş hörmətli qonaqlarımızda Azərbaycan haqqında düzgün təsəvvür yarada bildik. Onlar Azərbaycana sevgi və məhəbbət hissi ilə bizdən ayrıldılar. Hesabat dövründə komitənin fəaliyyəti yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşmamışdır. MOK Olimpiya Hərəkatının və idmanın inkişafı ilə bağlı çoxşaxəli ardıcıl fəaliyyət göstərmişdir. Son illər Azərbaycan Milli Olimpiya Komitəsində beynəlxalq əlaqələrə xüsusi diqqət verilmişdir. 1997-2000-ci illərdə komitənin rəhbərliyi Beynəlxalq Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələri Assosiasiyasının, Avropa Olimpiya Komitəsinin baş məclislərində, digər tədbir və görüşlərdə fəal iştirak etmişdir.
Milli Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla, AOK-un prezidenti Jak Roqla keçirdiyim çoxsaylı görüşlərdə respublikada Olimpiya Hərəkatının, idmanın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, Beynəlxalq əlaqələrin genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilmişdir.
Olimpiya təşkilatlarının komissiya və işçi qruplarına Azərbaycandan üzvlərin daxil edilməsi Komitəmizin beynəlxalq nüfuzunun artmasından xəbər verir. AOK-un XXVII Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AOK-un Olimpiya Oyunlarına hazırlıq, baş katib Ağacan Abiyev isə Texniki Əməkdaşlıq komissiyasına üzv seçilmişlər. Onlar artıq üçünçü ildir müvafiq komissiyaların keçirdiyi toplantılarda fəal iştirak edirlər.
Azərbaycan Milli Olimpiya Komitəsində Ədalətli Oyunlar hərəkatı istiqamətində də ardıcıl iş gedir. MOK-un vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Avropa Ədalətli Oyunlar təşkilatının keçirdiyi tədbirlərdə müntəzəm iştirak edir.
Ümumiyyətlə, hesabat dövründə MOK-un rəhbərliyi, İcraiyyə Komitəsinin və MOK-un digər üzvləri 70 dəfə xarici ölkələrdə xidməti ezamiyyətdə olmuşlar. Həmin səfərlərin hər biri ümumi işimiz üçün bu və ya digər mənada əhəmiyyətli olmuş, bilavasitə komitənin beynəlxalq əlaqələrinə müsbət təsir göstərmişdir.
2000-ci il noyabrın 16-dan 19-na kimi Polşanın paytaxtı Varşava şəhərində AOK-un XXIX Baş Assambleyası keçirildi. Assambleyada Komitəmizin dörd nəfərdən ibarət nümayəndə heyəti iştirak etdi.
Fərəhli haldır ki, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq çıxışında Olimpiya Hərəkatında fəal mövqe tutan ölkələr cərgəsində Azərbaycanın da adını çəkdi. O, Azərbaycan idmançılarının Sidney Oyunlarında qazandıqları böyük nailiyyətlərin Olimpiya Hərəkatına və idmana hərtərəfli qayğının nəticəsi olduğunu qeyd etdi. Doktor Jak Roq yeni olimpiya komplekslərinin tikintisi, idmançıların sosial problemlərinin həllinə qayğı və kütləvi idman sahəsindəki fəaliyyətimizi yüksək qiymətləndirdi.
Baş Assambleyada bizim təklifimizi qəbul edərək Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci ildəki ilk iclasının Bakıda keçirilməsi qərarına yekdilliklə səs vermişdir.
Varşava toplantısı zamanı mən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqla, bir sıra Milli Olimpiya Komitələrinin prezidentləri ilə işgüzar görüşlər keçirə bildim.
Varşavada Avropa Olimpiya Komitəsinin komissiya və işçi qrupları da öz iclaslarını keçirdi. Texniki Əməkdaşlıq komissiyasının növbəti toplantısını Bakıda keçirmək barədə qərar qəbul olundu.
2001-ci ilin fevralında komissiya Bakıda öz iclasını keçirtdi. Tədbirin iştirakçıları Bakı toplantısının yüksək səviyyədə keçməsindən və ümumiyyətlə Azərbaycana səfərlərindən çox razı qaldılar. Komissiyanın sədri və üzvləri ilə görüşüm zamanı mən bunu bir daha hiss etdim.
Respublikada idmanın inkişafını və təbliğini, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılmasının zəruriliyini əsas götürərək Milli Olimpiya Komitəsinin yeni tərkibi fəaliyyətinin ilk dövründən öz vəsaiti hesabına təqaüdlər təsis etmişdir. MOK İcraiyyə Komitəsinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq 1998-1999-cu illərdə üç kateqoriya üzrə aylıq təqaüdlər verilmişdir. 2000-ci ildə təqaüd kateqoriyalarının sayı dördə çatdırılmışdır.
Milli Olimpiya Komitəsi Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri ilə seçilən veteran idmançılar üçün də xüsusi təqaüd təyin etmiş və 1998-ci ildən bəri bu təqaüdlər ödənilir. 1998-2000-ci illərdə idmançılara və onların məşqçilərinə 2 milyard 220 milyon 350 min manat məbləğdə təqaüd verilmişdir. Bu təqaüdlər 1998-ci ildə 309 milyon 600 min manat olmuşdusa, sonrakı illərdə onun miqdarı üç dəfəyə yaxın artmışdır. Aydındır ki, bu az deyildir.
Bizi sevindirən cəhət odur ki, olimpiya təqaüdləri idmançılara daha çox məşq etməyə, ustalıqlarını artırmağa, qələbə uğrunda mübarizəyə həvəsləndirdi. Nəticədə 1998-2000-ci illədə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər sürətlə artmağa başladı. 1997-ci ildə idmançılarımız vətənə 136 (54 qızıl, 45 gümüş, 37 bürünc) medal gətirmişdilərsə, 1998-ci ildə medalların sayı 168 (60, 45, 63), 1999-cu ildə (70, 45, 51), 2000-ci ildə isə 160 (53, 38, 69) olmuşdur. 1997-də olimpiya növləri üzrə medalların sayı 32 (3, 12, 17) olduğu halda, 98-ci ildə bu rəqəm 47-yə (16, 14, 17), 99-cu ildə isə 49-a (15, 14, 20) çatmışdır.
Milli Olimpiya Komitəsi respublikada idmanın kütləviliyini artırmaq, yeniyetmə və gənclərin idmana cəlb olunmasını gücləndirmək məqsədilə 1998-ci ildə Respublika Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ilk dəfə olaraq Yeniyetmələrin Respublika Oyunlarını keçirmişdir. Oyunların gedişi göstərdi ki, bu tədbirin ənənə şəklinə salınması məqsədə uyğundur. MOK-un təşəbbüsü ilə 2000-ci ildə Yeniyetmələrin II Respublika Oyunları təşkil olundu. Respublikanın prezidenti Heydər Əliyev 1998-ci ildə olduğu kimi bu dəfə də təntənəli açılış mərasimində iştirak etdi.
Son üç ildə MOK Olimpiya hərəkatı ilə bağlı iki mötəbər tədbirdə yeniyetmələrin iştirakını təmin etmişdir. 1998-ci ildə Moskvada Yeniyetmələrin Ümumdünya Oyunlarında Azərbaycan 102 idmançı ilə proqrama daxil olan 14 idman növünün 12-də təmsil olunmuşdur. Respublika idmançıları Moskva Oyunlarında uğurla çıxış edərək cüdo və güləş növlərində medallar qazanmışlar.
1999-cu ildə Danimarkanın Esbyorq şəhərində keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Günlərində Azərbaycan 33 idmançı ilə təmsil olundu. İdmançılarımız yarışlardan vətənə 4 bürünc medal gətirə bildilər. Olimpiya Hərəkatının təbliğinə və idmanın kütləviliyinə xidmət edən tədbirlərdən bir də hər il BOK-un himayəsi altında keçirilən Beynəlxalq Olimpiya Qaçış günüdür. Olimpiya Qaçış Günü respublikamızda artıq beşinci ildir ki, keçirilir. 2000-ci ildə Olimpiya Qaçış Günü Azərbaycanın paytaxtı Bakıda və respublikanın ən iri şəhərlərindən biri olan Gəncədə təşkil olunmuşdur. Bu tədbirdə 3000-dən çox qaçış həvəskarı iştirak etmişdir.
Olimpiya Komitəsində elmi-metodiki sahədə də, böyük iş aparılır. Bu missiyanı həyata keçirmək məqsədilə Olimpiya Xartiyasının tələb və prinsiplərinə müvafiq olaraq 1998-ci ilin aprelində Respublika Milli Olimpiya Akademiyası yaradılmışdır. Həmin il Olimpiya Akademiyası “Olimpizmin tarixi və fəlsəfəsi” problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirmişdir.
Olimpiya Komitəsinin qarşısında duran mühüm məslələrdən biri də, Komitənin fəaliyyətini işıqlandıran və əhali arasında Olimpizmin təbliğinə xidmət edən mətbuat orqanı nəşr etdirmək olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” jurnalının ilk nömrəsi 1998-ci ilin mayında nəşr olunmuşdur. Artıq üçünçü ildir ki, bu jurnal Azərbaycan və ingilis dillərində çıxır, beynəlxalq, qitə və milli olimpiya komitələrinə, beynəlxalq federasiyalara və idman təşkilatlarına göndərilir.
1999-cu ildən başlayaraq Milli Olimpiya Komitəsinin aylıq bülleteni də nəşr edilir. 2000-ci ildə Milli Olimpiya Komitəsi “Azərbaycan XXVII Olimpiya Oyunlarında” adlı kitabını çap etdirmişdir. Sidney Oyunları ərəfəsində buraxılmış bu kitabda Azərbaycanın, Bakının, respublika Olimpiya Hərəkatının tarixi haqqında yığcam material verilməklə yanaşı, Avstraliyaya yola düşən idmançılar və nümayəndə heyəti barədə geniş məlumat əksini tapmışdır. İki dildə nəşr olunmuş bu kitab Sidneydə müxtəlif ölkələrin nümayəndələrinə, jurnalistlərə, idmançılara, olimpiya mütəxəssislərinə təqdim olunmuşdur. Bu kitab və jurnalımızın son nömrələri bu gün sizə də paylanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda Olimpiya Komitəsinin özünün idman kompleksləri və inzibati binası yox idi. Bu, bir tərəfdən normal işləməyə imkan vermir, digər tərəfdən Komitənin həm respublikada, həm də beynəlxalq aləmdə imicinə xələl gətirirdi. Hesabat dövründə biz bu sahədəki çatışmazlıqları aradan qaldırmaq istiqamətində real işlər görə bildik. Artıq Bakıda MOK üçün inzibati bina və iki universal zaldan ibarət Olimpiya kompleksi tikilmişdir. Kompleks ən müasir idman avadanlıqları, rabitə vasitələri ilə təchiz edilmiş, burada tamaşaçılara xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır. Oxşar Olimpiya Kompleksləri Azərbaycanın daha iki şəhərində - Naxçıvanda və Gəncədə də tikilməkdədir. Həmin obyektlər ilin sonunadək istifadəyə veriləcəkdir. Onu da deməliyəm ki, ötən ilin oktyabrında Gəncədə olarkən şəhərdə tikiləcək olimpiya kompleksinin təməl daşını mən özüm qoymuşam.
Ötən ilin 20 oktyabrında Bakıda yeni Kompleksin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev, AOK-un prezidenti Jak Roq, AOK-un baş katibi Mario Peskante iştirak edirdilər.
Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyəyə qaldıra bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. İdmana vəsait qoyulması, millətin gələcəyinə sərmayə qoyulması deməkdir.
Mən əminəm ki, bizim qurub-yaratdığımız idman komplekslərində məşq edəcək gənclərimizin arasında gələcəyin dünya və olimpiya çempionları yetişəcəkdir.
MOK bu sahədəki qeyd olunan komplekslərin və inzibati binanın tikilməsi ilə bitmiş hesab etmir. Bizim arzumuz budur ki, Azərbaycanın hər bir guşəsində idmanla məşğul olmaq üçün lazımi, müasir şərait yaradılsın.
Beləliklə, yeni Olimpiya Kompleksi idmançıların ixtiyarına verilmişdir. İndi onlar kompleksin zallarında məşq edirlər. Burada tez-tez müxtəlif yarışlar keçirilir. Respublikanın qadınlardan ibarət voleybol komandası Avropa seçmə turnirinə məhz bizim yeni olimpiya kompleksində hazırlaşdı və İsrailin yığma komandası üzərində inamlı qələbə çalaraq növbəti dövrədə iştrak etmək hüququ qazandı. Yeni kompleksin ayağı sayalı oldu. Bu, işimizin real, əməli nəticəsidir. Bu, bir-biri ilə zəncir kimi bağlı olan fəaliyyətin qanunauyğun nəticəsidir. Güman edirəm belə işlər, belə nəticələr hamını sevindirməlidir.
Yaxın gələcəkdə biz MOK-un ən müasir avadanlıqlarla təchiz olunmuş inzibati binasının da açılış mərasiminə toplaşacağıq. Bu ofis binasında əməkdaşların, idman mütəxəssislərinin səmərəli fəaliyyəti üçün günün tələblərinə cavab verən şərait yaradılmışdır. Beləliklə, 2 il ərzində biz Azərbaycanda olimpiya hərəkatının inzibati-idman mərkəzini yarada bilmişik.
Mən bu məruzədə MOK-un maliyyə məsələləri üzərində xüsusi dayanmaq istəmirəm. Çünki siz təftiş komissiyasının hesabatını dinləyəcəksiniz və bu hesabatda maliyyə məsələləri öz əksini tapmışdır. Lakin mən bəzi rəqəmləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Çünki bu rəqəmlər MOK-un bütün sahələrdə fəaliyyətinin dinamikasını özündə əks etdirir. Əgər 1997-ci ildə MOK 217.350.000 manat sərf etmişdisə, 1998-ci ildə xərclənən vəsaitin miqdarı 1.557.300.000 manat, 1999-cu ildə 4.294.848.000 manat, 2000-ci ildə 14.829.520.000 manat olmuşdur. Məncə bu rəqəmlər MOK-un fəaliyyətinin genişliyi və səmərəliliyi haqqında çox şey deyir.
MOK ölkədə idmanın inkişafı üçün bir sıra başqa tədbirlər də həyata keçirmişdir. 1999-cu ildə katedlər arasında boks üzrə Avropa çempionatının Bakıya salınmasında, bu çempionatın yüksək səviyyədə təşkili və keçirilməsində Komitənin rolu böyük olmuşdur. Bir sıra mötəbər beynəlxalq yarışların Bakıya salınması, həmçinin beynəlxalq Olimpiya təşkilatlarının müxtəlif toplantılarının respublikamızda təşkil olunması istiqamətində MOK-un əməli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, bu cür tədbirlərin keçirilməsinə razılıq alınması üçün dörd-beş il qabaqcadan iş görülməlidir, onda son iki ildə əldə edilmiş uğurların həqiqi qiymətini aydın hiss etmək olar. Bu il yeniyetmələr arasında boks üzrə dünya çempionatı, gələn il isə sərbəst güləş üzrə yaşlılar arasında dünya çempionatı Bakıda keçiriləcəkdir. Bütün bunlar böyük nailiyyət olub Azərbaycan Olimpiya Komitəsinin yaxşı işinə, çoxşaxəli fəaliyyətinə yüksək qiymətin, komitəyə böyük beynəlxalq inamın təzahürüdür.
Yaxın günlərdə, dəqiq desək, aprelin 6-da Bakıda Avropa Olimpiya Komitəsinin iclası keçiriləcək. Deməli, dünya Olimpiya Hərəkatının ən qabaqcıl və nüfuzlu nümayəndələri Azərbaycana gələcəklər. Bu hadisə bir tərəfdən komitəmizin beynəlxalq olimpiya ailəsində layiqli yer tutduğunu sübut edirsə, digər tərəfdən, ölkəmizin bundan sonra dünya miqyasında daha yaxşı tanınmasına zəmin yaradır.
Daha bir olimpiada dövrü başa çatdı. Qarşıda bizi Afina Yay Olimpiya Oyunları gözləyir. Milli Olimpiya Komitəsinin 1997-2000-ci illərdəki fəaliyyəti sayəsində Azərbaycan Olimpiya Hərəkatının ön sıralarına çıxa bildi, Olimpiya Oyunlarında yüksək nəticələri ilə seçildi, beynəlxalq olimpiya ailəsində yüksək, özünə layiq yeri tuta bildi.
Sidney Oyunlarından qabaq biz söz vermişdik ki, vətənə medallarla qayıdacayıq. Biz bunu etdik!
Biz xalqımıza söz vermişdik ki, Sidneydə Azərbaycanın dövlət himni səslənəcək və milli bayrağımız qaldırılacaqdır.
Və belə də oldu. Himnimiz iki dəfə səsləndi, bayrağımız üç dəfə qaldırıldı.
Biz hamımız, bütün vətənpərvər insanlar, istəyirik ki, Olimpiya Oyunlarının yekun cədvəlində Azərbaycan Ermənistanı qabaqlasın. Biz bu qələbə sevincini doğma xalqımıza bəxş elədik. Cəmi 1 bürünc medal qazana bilən Ermənistan, 2 qızıl və bir bürünc medal qazanan Azərbaycan qarşısında çox zəif və aciz görünürdü və bizdən geridə qalmışdır.
Biz bütün dünyaya sübut edə bildik ki, gənc, müstəqil Azərbaycan dövləti nəyə qadirdir.
Mən əminəm ki, doğma Azərbaycanın vətənpərvər övladları bütün sahələrdə, bütün işlərdə daima qələbə çalacaqlar.
Qələbə həmişə bizimlə olacaqdır!

24 mart 2001-ci il

Xəbər 3828 dəfə oxundu.