Bakı şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Möhtərəm cənab prezident!
- Avropa Olimpiya Komitəsinin hörmətli prezidenti cənab Roq!
- Hörmətli xanımlar və cənablar!
Bu gün biz yeni idman-sağlamlıq kompleksinin açılışı münasibətilə buraya toplaşmışıq. Bu, çox əlamətdar hadisədir. Bu hadisənin gözəlliyi ondan ibarətdir ki, bu idman mərkəzi Milli Olimpiya Komitəsi tərəfindən tikilib istifadəyə verilən ilk idman qurğusudur. Bir il bundan qabaq Milli Olimpiya Komitəsi qərar qəbul etdi ki, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında yeni, müasir, dünya standartlarına cavab verən idman mərkəzləri tiksin. Qısa bir zaman içərisində biz bu sahədə işə başladıq və deyə bilərəm ki, indi birinci addımı atdıq. Bir il ərzində Bakıda gözəl, müasir, yeni, bütün dünya standartlarına cavab verən idman kompleksinin tikintisinə nail olduq.
Bu idman kompleksi iki salondan ibarətdir. Burada müxtəlif idman növləri üzrə həm məşqlər keçiriləcək, eyni zamanda turnirlər, çempionatlar, beynəlxalq yarışlar təşkil etmək mümkün olacaqdır.
Onu da qeyd etmək istəyirəm ki, elə bu ərazidə Milli Olimpiya Komitəsi öz inzibati binasını da inşa edir. Azərbaycanda Milli Olimpiya Komitəsi yeddi ildən çoxdur ki, fəaliyyət göstərir. Ancaq bu vaxta qədər onun öz binası olmamışdır. Bu məqsədlə burada Milli Olimpiya Komitəsi öz inzibati binasını ba inşa edir. Yeni bina elə buradan da görünür. Yaxın gələcəkdə biz onun da açılış mərasiminə toplaşacağıq və beləliklə Azərbaycanda Olimpiya Hərəkatının mərkəzi yaradılır.
Mən demək istərdim ki, Milli Olimpiya Komitəsi kompleksin tikilməsi ilə bu sahədə öz işini bitmiş hesab etmir. Azərbaycanın bütün bölgələrində buna oxşar idman mərkəzləri yaradılacaqdır. Artıq Naxçıvan şəhərində buna bənzər idman kompleksi inşa edilir. Biz tezliklə Gəncə şəhərində də idman kompleksinin inşasına başlayacağıq. Bizim arzumuz budur ki, Azərbaycanın hər bir güşəsində idmanla məşğul olmaq üçün lazımıi yeni, müasir şərait yaradılsın.
Əlbəttə, bizə olimpiya çempionları lazımdır və onlar var. Bizə Avropa, dünya çempionları lazımdır. Amma eyni zamanda, biz gərək idmanın kütləviliyini mütləq təmin edə bilək, buna nail olaq. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyədə saxlaya bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. Buna görə də mən bütün uşaqları, bütün gəncləri idmanla məşğul olmağa dəvət edirəm.
Əlbəttə, bunun üçün həvəs olmalıdır. Hesab edirəm ki, bizim idmançılarımızın Sidney olimpiadasında göstərdikləri yüksək nəticələr o həvəsi qat-qat artıracaqdır. Eyni zamanda şərait də olmalıdır. Məhz həmin şəraiti biz yaradırıq və gələcəkdə də yaradacağıq.
Azərbaycanda hər şey yeniləşir, hər şey inkişaf edir. O cümlədən idman. Əgər Azərbaycanda son yeddi il ərzində ictimai-siyasi sabitlik bərqərar olmasaydı, əgər Azərbaycanda güclü iqtisadiyyat yaradılmasına güclü təkan verilməsədi, əgər əmin-amanlıq, sülh olmasaydı, biz idmanda da heç bir nailiiyyətə çata bilməzdik. Dövlətimizin başçısının ardıcıl siyasəti, deyə bilərəm ki, ölkənin yenidən qurulması, müasir, siviliyasiyalı Azərbaycan qurulması idmana da böyük təsir etmişdir. Məhz bu qayğı və diqqətin nəticəsində bizim idmançılarımız 1999-cu ildə müxtəlif beynəlxalq yarışlarda 100-dən çox medal qazana biliblər. Bu qayğının və diqqətin məntiqi nəticəsidir ki, bizim idmançılarımız Sidneydən qələbə ilə qayıtdılar.
Mən fürsətdən istifadə edərək, idmançılarımızı bu böyük qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Onlara uğurlar arzulamaq istəyirəm. Onlar həqiqətən böyük qəhrəmanlıq göstəriblər. Bütün xalqımız sevinc, bayram içində idi. Bizim bayrağımız qaldırılmışdır. Bizim Dövlət himnimiz səslənmişdir. İdmançılarımız olimpiya oyunlarından əvvəl söz vermişdilər ki, Vətənə qələbə ilə qayıdacaqlar və öz sözlərinə sadiq çıxdılar.
Hörmətli xanımlar və cənablar!
Mən əminəm ki, bu idman kompleksində məşq edəcək uşaqlarımızın, gənclərimizin arasında gələcəyin dünya və olimpiya çempionları olacaqdır. Mən bütün gənclərimizi bir daha idmana dəvət edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, 2004-cü ildə Afinada olimpiya oyunlarında da Azərbaycanın bayrağı qaldırılacaq, Azərbaycanın Dövlət himni səsləndiriləcəkdir.
Sağ olun.

21 oktyabr 2000-ci il

Xəbər 3258 dəfə oxundu.