Bakı şəhərində Taekvondo İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar!
- Əziz idmançılar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və taekvondo idman kompleksinin açılışı münasibətilə təbrik edirəm.
Bu gün Azərbaycana gəlmiş Dünya Taekvondo Federasiyasının prezidenti, eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti cənab Un Yonq Kimi xüsusi salamlayıram. Siz Azərbaycana xoş gəlmisiniz!
Azərbaycanda taekvondo idman növü çox sürətlə inkişaf edir. Hər bir inkişafın da öz göstəriciləri vardır. İdmanda bu göstəricilər özünü daha açıq-aydın büruzə verir. Bu da medalların sayı ilə ölçülür.
Çox şadam ki, Azərbaycan taekvondoçuları ölkəmizin idman şöhrətini dünyada çox yüksək tuturlar. Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun çıxışında qazanılan uğular haqqında məlumat verildi. Hər şey göz qabağındadır. Amma deyə bilərəm ki, 2000-ci ilə qədər Azərbaycanda taekvondo idman növü o qədər də böyük nailiyyətlər əldə edə bilməmişdi. Biz, idmana rəhbərlik edən şəxslər də bu idman növü ilə 2000-ci ildə Sidneydə keçirilən yay Olimpiya oyunlarında yaxından tanış olduq. Gördük ki, idmanın bu növü bizdə çox məşhur olan karate idman növünə bənzəyir.
Belə fikir oyandı ki, biz də həmin idman növündə tanınmış mütəxəssisləri cəlb edək və olimpiya idman növü olan taekvondonu Azərbaycanda inkişaf etdirək. Bu məqsədlə, ilk növbədə, federasiyanın tərkibi gücləndirildi, federasiyanın rəhbərliyinə Azərbaycanda tanınmış şəxslər gəldi və ondan sonra da inkişaf başlandı. İndi hər şey göz qabağındadır. Bu gün burada səsləndi və mən bunu bir daha demək istəyirəm ki, Azərbaycan MDB ölkələri arasında yeganə respublikadır ki, taekvondo idman növündə dünya çempionu vardır. Digər beynəlxalq yarışlarda, Avropa çempionatlarında, beynəlxalq birinciliklərdə idmançılarımız daim yüksək nəticələr qazanırlar. Mən əminəm ki, 2004-cü ildə keçiriləcək Olimpiya oyunlarında da idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edəcək, medallar uğrunda mübarizə aparacaqlar.
Taekvondonun Azərbaycanda inkişafı həm də ona görə mümkün olmuşdur ki, Dünya Taekvondo Federasiyasından bizə böyük dəstək, kömək var. Bu dəstəyə görə mən federasiyanın prezidenti cənab Un Yonq Kimə öz minnətdarlığımı bildirmək istəyirəm.
Siz bilirsiniz ki, Azərbaycanda taekvondo üzrə seçmə turnir, lisenziya turniri keçiriləcəkdir. Bu, bir növ o deməkdir ki, Azərbaycanda Olimpiya oyunlarının bir hissəsi keçiriləcəkdir. Biz Dünya Taekvondo Federasiyasına və şəxsən onun prezidentinə minnətdarıq ki, bu turnir məhz Azərbaycanda keçiriləcəkdir. Əlbəttə ki, bu Azərbaycanda taekvondo idman növünün daha da yayılmasına kömək göstərəcəkdir.
Mən əminəm ki, bu turnirdən sonra idman bölmələrinə uşaqların daha güclü axını hiss ediləcəkdir. Bu da bizim əsas məqsədimizdir. Əsas məqsədimiz budur ki, uşaqlarımız, gənclərimiz idmanla məşğul olsunlar, həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsunlar. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Bu istiqamətdə Azərbaycanda böyük işlər aparılır. 2000-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsi xüsusi proqram həyata keçirir və bunun nəticəsində bir neçə olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir. Bu proses davam edir. Deyə bilərik ki, bu siyasətin birinci mərhələsi artıq başa çatmaq üzrədir.
Biz söz vermişdik ki, Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün müasir şərait yaradılacaqdır. Bu, belə də oldu. Artıq Azərbaycanın bütün bölgələrində idman kompleksləri tikilib, biz də bunların açılışlarında iştirak etmişik. Bundan sonrakı mərhələ, əlbəttə, bu prosesin davam etdirilməsindən ibarət olacaqdır. Azərbaycanın hər bir yerində idmanla məşğul olmaq üçün şərait yaradılmalıdır. Biz də bunu təmin edəcəyik.
Mən çox böyük məmnunluq hissi keçirirəm ki, artıq federasiyalar tərəfindən də belə komplekslərin tikilməsinə başlanmışdır. Azərbaycanın bir neçə idman federasiyası bu işlə məşğuldur və bu, uğurla davam etdirilir.
Bu gün açılışında iştirak etdiyimiz kompleks də məhz federasiyanın təşəbbüsü ilə bərpa olunub və artıq taekvondoçuların sərəncamına verilir. Bu, köhnə bir binadır. Bakı şəhərində bu binanı yaxşı tanıyırlar. Hamımız da yaxşı xatırlayırıq ki, bu bina çox yararsız vəziyyətə düşmüşdü, tamamilə dağılmaq ərəfəsində idi. Onu bərpa etdilər, müasir şəkildə təmir olundu, lazımi avadanlıq gətirildi və beləliklə, idmançılarımızın sərəncamına verilibdir. Bu bir daha onu göstərir ki, harada iradə, xoş niyyət varsa, orada iş görülməsi də mümkündür.
Ən böyük təbliğat, ən böyük nailiyyət real işin görülməsidir. Biz bu işi görürük. Bunu ona görə edirik ki, istəyirik Azərbaycanda idman kütləvi xarakter alsın. İdmanla məşğul olanların sayı artsın, Azərbaycan gəncləri, bütün xalqımız sağlam olsun. Mən əminəm ki, bu istiqamətdə işlər davam etdiriləcəkdir. Azərbaycanda idmana rəhbərlik edən qurumlar arasında həmrəylik, vahid strategiya var, biz vahid komanda şəklində fəaliyyət göstəririk. Sizə deyə bilərəm ki, beynəlxalq idman tədbirlərində iştirak edərkən, öz həmkarlarımızla, Beynəlxalq Olimpiya Komitəsinin rəhbərləri ilə görüşərkən dəfələrlə bildirilmişdir ki, Azərbaycan, bəlkə də, çox nadir ölkələrdən biridir ki, burada idmana rəhbərlik edən qurumlar arasında heç bir anlaşılmazlıq yoxdur. Təəssüflər olsun ki, bir çox ölkədə olimpiya komitəsi, nazirlik, federasiyalar arasında daim rəqabət aparılır. Azərbaycanda bu rəqabət yoxdur. Azərbaycanda əməkdaşlıq, işbirliyi var. Çünki biz bir məqsədə qulluq edirik. O da ondan ibarətdir ki, Azərbaycanda idman inkişaf etsin.
Azərbaycanda bu inkişaf da var. Olimpiya oyunlarından sonra müxtəlif idman növlərində, o cümlədən taekvondoda dünya çempionlarımız olubdur. Bu proses davam edəcəkdir. Ona görə davam edəcəkdir ki, Azərbaycanda gənc nəsil yetişir. Azərbaycanda yeniyetmələrin, gənclərin idmanla məşğul olmasına diqqət göstərilir. Əgər biz yeniyetmələr arasında dünya və Avropa çempionatlarına nəzər salsaq görərik ki, ölkəmizin idmançıları orada da qabaqcıl yerlərdədirlər.
Bu o deməkdir ki, beş-on ildən, iyirmi ildən sonra Azərbaycan idmançıları ölkəmizi daim ləyaqətlə təmsil edəcəklər. Bu o deməkdir ki, başlanmış proses dönməz xarakter almışdır. Mən bu nəticələri görəndə, Milli Olimpiya Komitəsinin prezidenti kimi, çox böyük məmnunluq hissi keçirirəm.
Biz 1997-ci ildə bu işlərə başlayanda bəziləri buna inanmırdı, qeyri-ciddi yanaşırdı. Amma biz bilirdik ki, düzgün yoldayıq. Bilirdik ki, görüləcək tədbirlər nəticəsində Azərbaycanda idman inkişaf edəcək və Azərbaycan dünyanın aparıcı idman ölkəsinə çevriləcəkdir.
Əziz dostlar!
Mən bu gözəl binanın, idman kompleksinin açılışı münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, idmançılarımıza yeni uğurlar, qələbələr arzulayıram.
Sağ olun!

10 oktyabr 2003-cü il

Xəbər 2942 dəfə oxundu.