Yeniyetmələr arasında boks üzrə Avropa çempionatı iştirakçılarına verilən ziyafətdə Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
- Əziz qonaqlar!
Bu gün bizim dəvətimizi qəbul edib buraya gəldiyinizə görə Milli Olimpiya Komitəsi adından mən sizə öz təşəkkürümü bildirirəm.
İki gün bundan əvvəl biz sizinlə birlikdə yeniyetmələr arasında boks üzrə Avropa çempionatının rəsmi açılış mərasimində iştirak etmişik. Mərasim çox təntənəli şəkildə keçirildi və ilk görüşlər onu göstərir ki, bu çempionatda iştirak etmək üçün Azərbaycana çox hazırlıqlı komandalar gəlmişlər. Bizi xüsusi sevindirən odur ki, ilk döyüşlərdə Azərbaycan milli komandasının üzvləri qələbələr qazana bilmişlər. Əminəm ki, onlar bu gözəl başlanğıcı davam etdirərək çempionatda ən yüksək pilləyə qalxacaqlar.
Azərbaycan idmanının çox böyük və gözəl ənənələri var. Azərbaycan idman məktəbi dünya idmanına böyük tövhələr vermişdir. Olimpiya və dünya çempionları Rəfiqə Şabanova, Xəzər İsayev, Füzuli Musayev, Məhəddin Allahverdiyev, Arif Niftəliyev və başqaları Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Atlantada keçirilmiş sonuncu Olimpiya Oyunlarında komandamızın nümayəndəsi Namiq Abdullayev gümüş medala layiq görülmüşdür. Azərbaycan idman məktəbinin yetirməsi İlqar Məmmədov iki dəfə olimpiya çempionu olmuşdur və bu da çox böyük nailiyyətdir. İlqarın həyat yoldaşı Yelena Jemayeva bu yaxınlarda Azərbaycan milli komandasının tərkibində Avropa çempionu adını qazanmışdır. Bizim karate komandamız bu yaxınlarda yenə də dünya çempionu olmuşdur. Bunların hamısı çox böyük nailiyyətdir. Bu, onu göstərir ki, Azərbaycanda idman yaşayır, inkişaf edir və bundan sonra da yaşayacaqdır.
Azərbaycanda demək olar ki, bütün idman növləri geniş yayılmışdır. İndi bizim məqsədimiz Azərbaycanda idmanı hərtərəfli inkişaf etdirmək, onun maddi texniki bazasını möhkəmləndirmək və 2000-ci ildə Sidneydə keçiriləcək Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etməkdir. Bunun üçün hər çür imkanımız vardır. Əminəm ki, bizim milli komandamız Sidneydən Vətənə medallarla qayıdacaqdır.
Son zamanlar Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə idmanın inkişafı üçün çox böyük işlər görür. İdmançılara qayğı gündən günə artır, onların məişət problemləri ilə yaxından məşğul oluruq, kömək edirik, beynəlxalq yarışlarda iştirak etmək üçün onlara şərait yaradırıq. Yarışqabağı təlim-məşq prosesində zənn edirəm ki, müsbət dəyişikliklər baş verir. Bütün bu amillər bizə bunu deməyə imkan verir ki, Sidney Olimpiadasında Azərbaycanın milli komandası çox fəal çıxış edəcəkdir.
İki gün bundan əvvəl çempionatın açılış mərasimində mən demişəm və bu gün bir daha təkrarlamaq istəyirəm ki, tezliklə Milli Olimpiya Komitəsi tərəfindən Bakıda və Azərbaycanın digər şəhərlərində yeni, müasir standartlara uyğun idman kompleksləri tikiləcəkdir. Beləliklə, nəinki Bakıda, Azərbaycanın bütün bölgələrində idmanla məşğul olmaq üçün yeni, müasir şərait yaradılacaqdır.
Bu günlər Avropa çempionatının məhz Bakıda keçirilməsində Azərbaycanın Boks Federasiyasının böyük əməyi və zəhməti olmuşdur. Akademik Emil Jeçev açılış mərasimindəki çıxışında bu məqamı xüsusilə qeyd etmişdir. Mən də bu fikirlə tamamilə razıyam. Professor Ağacan Abiyevin rəhbərliyi altında Azərbaycan Boks Federasiyası çox səmərəli işləyir. Hesab edirəm ki, bizim boks federasiyası Azərbaycanda ən nümunəvi federasiyalardan biridir. Mən federasiyaya gələcək işlərində də uğurlar diləyirəm və hesab edirəm ki, Azərbaycanın digər idman federasiyaları da geri qalmamalıdır. Çalışmalıdırlar ki, öz idman növləri üzrə gələcəkdə keçiriləcək dünya və Avropa yarışlarını Azərbaycana, Bakıya gətirsinlər.
Əziz dostlar, siz bizim ölkəmizin qonaqlarısınız. Biz çox istəyirik ki, Bakıda keçirdiyiniz günlər sizin üçün xoş və səmərəli olsun.
Azərbaycanın çox böyük tarixi və zəngin mədəniyyəti var. Hələ 20 min il bundan öncə Azərbaycan ərazisində insanlar yaşayıb-yartmışlar. Hesab edirəm ki, Azərbaycanın tarixi abidələri ilə tanışlıq sizin üçün çox maraqlı olacaqdır. Çempionatın təşkilat komitəsi bu işdə sizə yardım göstərəcəkdir. Bir sözlə, biz istəyirik ki, siz vətəninizə dönəndə müstəqil Azərbaycan Respublikası haqqında ən xoş fikirlər və təəssüratlar aparasınınz.
Bir daha sizin hamınızı salamlayıram, sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Sağ olun.

3 avqust 1999-cu il

Xəbər 3058 dəfə oxundu.