“Olimpiya” jurnalının təqdimat mərasimində Azərbaycan Respubikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məruzəsi
- Hörmətli xanımlar və cənablar!
- Hörmətli qonaqlar!
Biz bu gün Milli Olimpiya Komitəsinin “Olimpiya” jurnalının təqdimat mərasiminə toplaşmışıq. Gələn qonaqların hamısına Milli Olimpiya Komitəsi adından təşəkkürümü bildirirəm.
İlk dəfədir ki, Azərbaycanda Olimpiya Hərəkatına, ümumiyyətlə idmana aid belə yüksək səviyyəli jurnal nəşr olunmuşdur.
1998-ci ildə Azərbaycanda idmanla, Olimpiya Hərəkatı ilə bağlı bir sıra məsələlər ilk dəfə olaraq öz həllini tapmış, bu sahədə əhəmiyyətli uğurlar qazanılmışdır. Yığma komandamız Yaponiyanın Naqano şəhərində Qış Olimpiya Oyunlarında iştirak etmişdir. Bu hadisə Qış Olimpiya Oyunlarında Azərbaycanın birinci iştirakı kimi artıq idman və Olimpiya tariximizə yazılmışdır.
1998-ci ildə Azərbaycanda ilk dəfə Respublika Yeniyetmələr Oyunları təşkil edilmiş və çox yüksək səviyyədə keçirilmişdir. Bu yaxınlarda idmançılarımız Ümumdünya Yeniyetmələr Oyunlarında iştirak edəcəklər. İyul ayının 9-da 150 nəfərdən ibarət gənc idmançımız Moskvaya yola düşəcək. Mən onlara uğurlar diləyirəm və güman edirəm ki, onlar Vətənə əliboş gəlməyəcək, medallarla qayıdacaqlar.
Milli Olimpiya Komitəsinin qərarı ilə 1998-ci ilin əvvəlindən qabaqcıl idmançılara və onların məşqçilərinə təqaüdlər verilməyə başlanmışdır. Eyni zamanda keçmişdə Azərbaycanın idman şərəfini ucaldan, onu yüksəklərə qaldıran veteran idmançılarımız üçün də təqaüd təyin olunmuşdur.
İlk dəfədir ki, bizim idmançılarımız - ağırlıqqaldıranlarımız Danimarkada Avropa kuboku uğrunda keçirilən komanda yarışlarında qələbə qazanmış və Avropa kubokunu Azərbaycana gətirmişlər. Bu böyük bir nailiyyətdir. Mən idmançıları və onların məşqçilərini bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm.
Nəhayət, ilk dəfə olaraq Azərbaycanda “Olimpiya” jurnalı nəşr olunmuşdur. Biz belə bir qərara gəlmişik ki, jurnalın ikinci nömrəsi iki dildə - Azərbaycan və ingilis dillərində çıxsın. Çünki məqsədimiz ondan ibarətdir ki, bu jurnal bütün dünyaya yayılsın. Biz bu jurnalı Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin strukturlarına, beynəlxalq idman federasiyalarına, milli olimpiya komitələrinə göndərəcəyik. Hesab edirəm ki, Azərbaycan idmanının, ümumiyyətlə Olimpiya Hərəkatının, Olimpiya ideallarının təbliği işində bu jurnalın əvəzsiz rolu olacaqdır.
Beləliklə, Azərbaycanda idmana və Olimpiya Hərəkatına olan qayğı günbəgün artır. Məhz bu qayğının nəticəsində biz qısa zamanda böyük nəticələr əldə edə bilmişik. Sizi əmin etmək istəyirəm ki, gələcəkdə də Milli Olimpiya Komitəsi idmanın inkişafı naminə əlindən gələni əsirgəməyəcəkdir.
Fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, dünyanın hər yerində, eləcə də Azərbaycanda idmanın sponsorlara böyük ehtiyacı var. Beynəlxalq Olimpiya Komitəsinin özü də böyük dərəcədə sponsorların hesabına fəaliyyət göstərir. Mən də respublikamızdakı təşkilatlara, şirkətlərə müraciət edərək onları Azərbaycanda idmana kömək etməyə çağırıram. Hesab edirəm ki, bu müraciət cavabsız qalmamalıdır.
Sizi “Olimpiya” jurnalının birinci nömrəsinin çapdan çıxması münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, işinizdə uğurları diləyirəm.
Sağ olun!

1 iyul 1998-ci il

Xəbər 2758 dəfə oxundu.