Məşqçilərimizin xaricə yolu açılıb
AFFA-nın Futbol Akademiyasında UEFA-nın Bakıda ilk dəfə təşkil olunmuş Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sertifikatlar təqdim olunub.

Tədbir iştirakçılarına AFFA-nın prezidenti Rövnəq Abdullayevin təbriki çatdırılıb. Bildirilib ki, Pro kurslarının keçirilməsinə UEFA tərəfindən ciddi nəzarət olunub və AFFA-nın təşkilatçılığını Avropa futbol qurumu yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, ölkəmizdə təşkil olunacaq növbəti Pro kurslarına digər ölkələrdən də böyük maraq göstərilir və məşqçilər Azərbaycanda keçiriləcək kurslarda iştirak edə bilmək üçün AFFA-ya müraciət edirlər.

AFFA-nın Texniki direktoru Bernhard Lippert Pro kurslarının təşkilində əməyi olanların hər birinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Pro kateqoriyası alan məşqçilər arasında Qurban Qurbanov, Şahin Diniyev, Arif Əsədov, Təbriz Həsənov, Yaşar Vahabzadə və s. var.

Pro kateqoriyası alan məşqçilər xarici klublarda baş məşqçi kimi faəliyyət göstərmək hüququ qazanıb.

Xəbər 750 dəfə oxundu.