Qazax şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Əziz qazaxlılar!
- Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və Qazax Olimpiya İdman Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, bu gözəl olimpiya kompleksində idmançılar çox uğurla çıxış edəcəklər. Gənc idmançılar burada məşqlər edəcək, Qazax sakinləri idmanla məşğul olacaqlar. Həm idmanla məşğul olmaq, həm də dincəlmək, asudə vaxt keçirmək üçün burada bütün imkanlar var. Bu, olimpiya kompleksidir, idman, istirahət, turizm mərkəzidir. Burada gözəl üzgüçülük hovuzu, gözəl idman salonları, məşq otaqları, mehmanxana, kotteclər tikilibdir, çox böyük ərazisi var. Əminəm ki, qazaxlıların istifadəsinə verilən bu kompleks uzun illər ərzində xidmət göstərəcək və sakinlər buradan çox səmərəli şəkildə istifadə edəcəklər.
Mən xatırlayıram, iki il bundan əvvəl burada kompleksin tikintisi ilə tanış olurdum, görürdüm ki, iş gedir. O vaxt göstəriş vermişdim ki, kompleks dünyanın ən yüksək standartlarına uyğun şəkildə tikilsin, burada ən müasir avadanlıq quraşdırılsın. Dünyada hansı ən qabaqcıl texnologiya, hansı ən müasir avadanlıq, tikinti materialları varsa, burada tətbiq olunsun. Mən çox şadam ki, bu gözəl kompleks dünyanın ən yüksək standartlarına cavab verir. Azərbaycanda belə komplekslərin tikintisi bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmlənməsi üçün çox böyük işlər görülür. Qazax Olimpiya Kompleksi Azərbaycanın müxtəlif bölgələrində tikilən 11-ci böyük olimpiya mərkəzidir. Bundan əlavə, Bakıda müxtəlif idman qurğuları - Heydər Əliyev adına İdman-Konsert Kompleksi əsaslı təmir olunub, bulvarda yerləşən İdman sarayı təmir edilib, Mingəçevirdə avarçəkmə bazası yenidən qurulur. Federasiyaların xətti ilə müxtəlif idman salonları tikilir. Yəni, Azərbaycanda idmanla məşğul olmaq üçün çox gözəl şərait var və mən əminəm ki, gələcək illərdə bizim ardıcıl, məqsədyönlü siyasətimiz nəticəsində Azərbaycanın hər bir yerində ən müasir idman qurğuları tikiləcəkdir. Deyə bilərəm ki, hazırda Azərbaycanın müxtəlif şəhər və rayonlarında 20 olimpiya kompleksi ya tikilir, yaxud da ki, onların tikintisi üçün hazırlıq işləri görülür. Bu, çox böyük quruculuq işləridir. Biz buna çox böyük investisiya qoyuruq. Amma biz bu investisiyaları insanların sağlamlığına qoyuruq, uşaqların idmanla məşğul olmasına qoyuruq. Bu investisiyaları Azərbaycanın gələcəyinə qoyuruq. Çünki idmanla məşğul olan insanlar, uşaqlar həm fiziki cəhətdən güclü olurlar, eyni zamanda, mənəvi cəhətdən də çox möhkəm, saf olurlar.
Biz də gələcək nəslimizi bu cür yetişdirməliyik. Onlar fiziki cəhətdən güclü, vətənpərvər olmalıdırlar və mənəvi cəhətdən Azərbaycan xalqına xas olan ən yüksək xüsusiyyətlərə malik olmalıdırlar.
Hər bir cəmiyyətin həyatında idmanın çox böyük rolu vardır. İdman həm ölkənin şöhrətini ucaldan bir sahədir, həm insanları fiziki cəhətdən sağlam edən sahədir, eyni zamanda, sosial sahədir. Bütün bu amillər idmanı ən cəlbedici və hər bir ölkədə çox mühüm yer tutan sahəyə çevirir. Mən çox şadam ki, Azərbaycanda idmana münasibət ən yüksək səviyyədədir. Dövlət xətti ilə bu münasibət göz qabağındadır. Azərbaycanda müxtəlif idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları, cəmiyyətləri bir komanda şəklində fəaliyyət göstərirlər. Bir nöqtəyə vururlar ki, bu da Azərbaycanda idmanın güclənməsi, Olimpiya Hərəkatının yayılmasıdır.
Mən çox şadam ki, Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmlənməsi ilə bərabər, idmançılarımız beynəlxalq yarışlarda da çox gözəl nəticələr göstərirlər. Hər il idmançılarımız beynəlxalq yarışlarda yüzlərlə qızıl, gümüş, bürünc medallar qazanırlar. Dünya, Avropa çempionatlarında Azərbaycanın bayrağı qaldırılır, dövlət himni səslənir, Azərbaycanın idman şöhrəti yüksəlir. Müstəqil ölkə kimi bizim Olimpiya oyunlarında iştirakımız da çox uğurlu olubdur. Sidney və Afina Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları səkkiz medal qazanmışlar. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir. Təsadüfi deyil ki, beynəlxalq olimpiya qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır, bizim fəaliyyətimizi çox yüksək qiymətləndirir və Azərbaycanda idmana olan münasibəti başqa ölkələrə də örnək, nümunə kimi göstərirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycanda dövlət səviyyəsində idmana çox böyük dəstək var, əməli, praktik işlər görülür. Azərbaycan Milli Olimpiya Komitəsi çox fəaldır və beynəlxalq idman, olimpiya qurumları ilə də bizim əməkdaşlığımız çox səmərəlidir və uğurludur. Bu yaxınlarda, keçən ay Masallıda olimpiya mərkəzinin açılışında Avropa Olimpiya Komitəsinin prezidenti iştirak edərkən demişdir ki, Azərbaycanda idman sahəsində çox böyük işlər görülür.
Biz çalışırıq ki, Azərbaycanda müxtəlif beynəlxalq yarışlar da keçirilsin. Gələn ay Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir. Ondan sonra, bu il Bakıda güləşin bütün növləri üzrə dünya çempionatı keçiriləcəkdir. Bu onu göstərir ki, bizə çox böyük inam var, etimad var və beynəlxalq qurumlar bilir ki, Azərbaycanda istənilən yarış ən yüksək səviyyədə keçiriləcəkdir. İndi təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində də ən mötəbər beynəlxalq yarışların keçirilməsi mümkündür. Mən bu gün bu komplekslə tanış olarkən göstəriş verdim ki, burada müxtəlif idman növləri üzrə həm Azərbaycan çempionatları keçirilsin və həm də beynəlxalq yarışlar keçirilsin. Bunu etmək üçün bütün imkanlar var. Beynəlxalq idman qurumları ilə bizim səmərəli əməkdaşlığımız, əlbəttə ki, Azərbaycanda idman hərəkatını daha da gücləndirir.
Bildiyiniz kimi, artıq bu sahədə bizim çox gözəl təcrübəmiz var. Növbəti addımımız da Azərbaycanın həm idman sahəsinə olan diqqətdir, eyni zamanda, Azərbaycanın ümumilikdə potensialını göstərir. Bu addım da ondan ibarətdir ki, bu yaxınlarda biz 2016-cı ildə Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmişik. Bu, Azərbaycanın çox böyük iqtisadi və siyasi potensialı olan ölkə kimi göstərilməsidir. Biz artıq bəyan edirik ki, biz bunu etməyə hazırıq. İqtisadi potensialımız buna imkan verir, Azərbaycanda idman infrastrukturu yaradılıb və o vaxta qədər daha da möhkəmlənəcəkdir. Azərbaycanı idman ölkəsi kimi tanıyan beynəlxalq qurumlar əlbəttə ki, bizə çox böyük diqqətlə yanaşırlar. Mən əminəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı idman sahəsində də daha böyük uğurlara gətirib çıxaracaqdır.
Gələn il Çində Olimpiya oyunları keçiriləcək və bizim idmançılarımız da bu oyunlara hazırlaşırlar. Təlim-məşq toplanışları da çox vacibdir və yüksək səviyyədə keçirilməlidir. Bir daha demək istəyirəm ki, bu toplanışların istənilən bölgədə keçirilməsi mümkündür.
Bir sözlə, idman həm insanı fiziki cəhətdən gücləndirir, həm mənəvi cəhətdən, həm də gənc nəslə imkan yaradır ki, öz fiziki sağlamlığını möhkəmləndirsin, asudə vaxtını səmərəli keçirsin. İdman sağlamlıqdır. Bizə isə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır. Biz müharibə şəraitində yaşayırıq və əlbəttə, həmişə hazır olmalıyıq ki, torpaqlarımızı istənilən yolla, hərb yolu ilə azad edək. Bunu etmək üçün hazırlıq çox güclü olmalıdır və uşaqlar vətənpərvərlik ruhunda böyüməlidir. Qazax rayonu da ön cəbhədədir, Ermənistanla həmsərhəddir. Qazaxlılar öz doğma torpaqlarını həmişə rəşadətlə qorumuşlar. Müharibədə çox böyük itkilər vermişlər, ancaq Azərbaycanın ərazi bütövlüyünü qorumuşlar, öz sərhədlərini qorumuşlar. İmkan verməmişlər ki, düşmən öz çirkin niyyətlərini burada həyata keçirsin. Halbuki, belə niyyətlər var idi. Qazaxlılar həmişə çox böyük məharətlə, böyük cəsarətlə doğma torpağımızın keşiyində durmuşlar. Azərbaycan xalqı bunu bilir və çox yüksək qiymətləndirir.
Bu gün rayonun inkişafında gedən müsbət proseslər məni çox sevindirir. Qazaxın iqtisadi potensialı güclənir, icra hakimiyyəti başçısının çıxışında səslənən rəqəmlər bunu əyani şəkildə göstərir. Burada böyük infrastruktur layihələri həyata keçirilir. Yol infrastrukturu yeniləşir. Bakı-Qazax avtomobil yolu tikilir və yəqin ki, bu yaxınlarda ən müasir, ən gözəl standartlara uyğun şəkildə istifadəyə veriləcəkdir. Gözəl olimpiya kompleksi tikilmişdir. Bildiyiniz kimi, bir müddət bundan əvvəl mənim göstərişimlə Qazaxda böyük Müalicə-Diaqnostika Mərkəzinin tikintisinə başlanmışdır və artıq qurtarmaq üzrədir. Bu da rayonun inkişafına çox böyük töhfədir. İnsanlar orada gözəl müalicə olunacaqlar, tibbi müayinədən keçəcəklər. Ağır xəstələr, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr, həftədə 2-3 dəfə Bakıya getməyə məcbur idilər. Onlar burada keyfiyyətli müalicə alacaqlar və bu mərkəz insanların sağlamlığına çox böyük dəstək olacaqdır.
Körpülər tikilir, məktəblər tikilir, müəssisələr, fabriklər işə başlayır, iş yerləri açılır. Yəni bütün ölkədə gedən proseslər Qazaxda da gedir və Qazaxın siması dəyişir. Mən Qazaxda dəfələrlə olmuşam və bu gün buraya gələrkən bu gözəl dəyişiklikləri gördüm. Yeni parklar salınır, küçələr abadlaşır, çox gözəl xiyabanlar salınır, binalar tikilir. Budur Azərbaycanın bugünkü reallıqları, budur bizim siyasətimizin əməli, praktik nəticələri.
Bizim siyasətimiz görülən real işlərdir, həll olunan məsələlərdir. İnvestisiya qoyuluşu, sosial məsələlərin həlli, quruculuq, abadlıq işləri, inkişafdır. Azərbaycanın ümumi inkişafı çox sürətlə gedir. Qazax rayonu da çox sürətlə inkişaf edir. Biz iqtisadi inkişaf baxımından ən dinamik və sürətlə inkişaf edən ölkəyik. Azərbaycanda elə sahə yoxdur ki, orada inkişaf olmasın, gözəl zavodlar, fabriklər, məktəblər, xəstəxanalar, idman qurğuları tikilir, aeroportlar tikilir, muzeylər, teatrlar bərpa edilir, yollar salınır. Azərbaycan indi inkişaf dövrünü yaşayır. Biz həmişə onu da yadda saxlamalıyıq ki, bu gözəl imkanları bizə ulu öndərin siyasəti yaratdı. Məhz onun Azərbaycana rəhbərliyə qayıdışından sonra bütün xoşagəlməz meyillər artıq keçmişdə qaldı və ölkə uğurla inkişaf etməyə başladı. İqtisadi islahatlar, siyasi islahatlar, quruculuq-abadlıq işləri, neft strategiyamız bu gün bizə imkan verir ki, bütün məsələlər öz həllini tapsın və belə gözəl komplekslərin tikintisi də mümkün olsun. Bundan sonra Azərbaycanın qarşısında çox üfüqlər açılır, çox gözəl perspektivlər var. Biz bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl yaşasınlar, rifah içində yaşasınlar. Mənim də məqsədim budur və bu məqsədə doğru biz uğurla gedirik. Bütün Azərbaycan xalqı indi quruculuq işləri ilə məşğuldur. Bütün Azərbaycan xalqı ölkəmizin inkişafında fəal iştirak edir, o cümlədən qazaxlılar da.
Mən bu gözəl gündə bir daha demək istəyirəm ki, indiyədək görülən işlər çox sevindiricidir. Bizim çox böyük planlarımız var. İldən-ilə ölkəmiz daha da güclənəcək, bütün sahələrdə inkişaf gedəcək və Azərbaycan qüdrətli dövlətə çevriləcəkdir.
Əziz bacılar və qardaşlar, çox sevinirəm ki, bu gün yenidən Qazaxdayam. Çox sevinirəm ki, olduqca gözəl əsər yaradılmışdır. Qazaxlılar da bundan istifadə edəcəklər. Çox sevinirəm ki, Qazax şəhərində, qədim Azərbaycan torpağında gözəl quruculuq, abadlıq işləri gedir. Bu münasibətlə mən sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, həyatınızda hər şey yaxşı olsun. Arzu edirəm ki, həmişə sevinc içində yaşayasınız, həmişə əmin-amanlıq, sabitlik olsun, ölkəmiz çiçəklənsin, inkişaf etsin, Azərbaycan xalqı irəliyə getsin.

30 may 2007-ci il

Xəbər 2642 dəfə oxundu.