Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2005-cı ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar!
Bu gün biz Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin geniş iclasını keçiririk. İclas ilin yekunlarına həsr edilmişdir. Bütövlükdə, 2005-ci il Azərbaycanda idmanın inkişafında çox uğurlu olmuşdur. Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərərək, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. 2005-ci ildə dünya, Avropa çempionlarımız olmuşdur.
Bütövlükdə, rəsmi beynəlxalq yarışlarda bu il 211 medal qazanılmışdır, onlardan 61-i qızıl medaldır. Bu, çox böyük göstəricidir və bir daha onu göstərir ki, Azərbaycanda idman sürətlə inkişaf edir. Gözəl idman ənənələri davam edir və əvvəlki illərdə əldə edilmiş uğurlar bu il də özünü büruzə verir.
Azərbaycanda müxtəlif beynəlxalq yarışlar, dünya çempionatı keçirilmişdir. Olimpiya idman növü üzrə ilk dəfə dünya çempionatı keçirilmişdir. Digər təşkilatlar, federasiyalar tərəfindən keçirilmiş turnirlər əlbəttə ki, Azərbaycanda idmanın inkişafına xidmət etmişdir. Sevindirici hal odur ki, bu beynəlxalq yarışlar, turnirlər təkcə Bakıda yox, Azərbaycanın bölgələrində də keçirilməyə başladı və Quba şəhərində voleybol üzrə çox mötəbər turnir keçirilmişdir. 8 ölkənin nümayəndələri bir həftə ərzində orada yarışdılar. Yəni, bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan idman ölkəsinə çevrilibdir. Azərbaycanda gözəl idman ənənələri mövcuddur, idmanla məşğul olmaq üçün bütün şərait var və yaradılır.
Bilirsiniz ki, müxtəlif bölgələrdə yeni olimpiya komplekslərinin tikintisi geniş vüsət alıbdır. 2000-ci ildən bu günə qədər bütün bölgələrdə komplekslər tikilib istifadəyə verilmişdir. Bu il Şamaxıda yeni kompleksin açılışı olmuşdur və bir neçə şəhərdə yeni tikiləcək komplekslərin təməlqoyma mərasimi keçirilmişdir. Yəni bu sahədə də bizim işlərimiz proqram üzrə gedir. Biz bəyan etdiyimiz kimi, öz sözümüzə sadiq qalaraq, Azərbaycanın bütün bölgələrində olimpiya idman komplekslərinin tikintisinə nail olduq. 2006-cı ildə bir neçə rayon və şəhərdə yeni komplekslərin tikintisi nəzərdə tutulmuşdur. Artıq bu, gözəl bir ənənədir və bu gün Azərbaycanın rayon və şəhərlərini idman komplekslərsiz təsəvvür etmək mümkün deyildir.
Mən xatırlayıram ki, biz birinci kompleksi burada, Bakıda istismara verəndə çox böyük qürur hissi keçirirdik. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin o vaxtkı prezidenti cənab Roqq kompleksin açılışına gəlmişdi. Yəni bu, onu göstərirdi ki, beynəlxalq və Avropa olimpiya komitələri belə tədbirlərə çox böyük diqqət verirlər. Amma baxın, o vaxtdan bu günə qədər 10-dan çox olimpiya kompleksi tikilibdir və bunların hamısı yüksək səviyyədə, yüksək zövqlə inşa edilmişdir. Bu komplekslər artıq təkcə idmançılara yox, eyni zamanda, adi vətəndaşlara da xidmət göstərir. Onların yanında üzgüçülük hovuzları, mehmanxanalar, digər xidmət infrastrukturu yaradılmışdır. Bütövlükdə, bu, rayonların sosial-iqtisadi inkişafının gələcəyinə və möhkəmlənməsinə xidmət göstərir.
Bizim bütün sahələrdəki uğurlarımız deməyə əsas verir ki, Azərbaycanda idman, Olimpiya hərəkatı möhkəmlənir. Biz çalışacağıq ki, bu gözəl meyilləri gələcəkdə daha da gücləndirək. Bizim idmançılarımız ölkəmizin idman şöhrətini qaldırırlar. Beynəlxalq yarışlarda Azərbaycanın dövlət himni səslənir və bayrağımız ucaldılır.
Bizdə çox gözəl gənc nəsil yetişir. Bu, məni xüsusilə sevindirir. Hər bir ölkənin idmanının inkişafında yerli kadrlar, gənc nəsil çox mühüm rol oynayır. Gənclər artıq böyüklər arasında yarışlarda böyük uğurlar qazanırlar. Ümumiyyətlə, bu, idmanın inkişafının göstəricisidir. Mən əminəm ki, gələcəkdə idman daha da sürətlə inkişaf edəcək, gənc nəslimiz fiziki cəhətdən sağlam olacaqdır. İdman eyni zamanda, mənəvi sağlamlıq deməkdir, normal həyat tərzi, normal tərbiyə deməkdir. Mən çox sevinirəm ki, bizim gənclərimiz həm fiziki, həm də mənəvi cəhətdən sağlamdırlar, onlar vətənpərvərlik ruhunda tərbiyə alırlar.
İndi təhsil sahəsinə də çox böyük diqqət göstərilir. Bu il Azərbaycanda 130 orta məktəb tikilibdir. Bir il ərzində 130 məktəb - bunun analoqu heç vaxt olmamışdır. Yəni bu, gənclərə, uşaqlara, gəncliyə göstərilən diqqətdir. Bu, Azərbaycanın inkişafıdır. Hər bir ölkənin inkişafını müəyyən edən, onu təcəssüm etdirən müxtəlif amillər var. O cümlədən savad, bilik, idman, ümumi səviyyə - bütün bunlar bu məqsədi güdür. Əlbəttə ki, biz idmana böyük diqqət göstərərək, bütün bu amilləri də nəzərdən keçiririk. Azərbaycanın dünyadakı idman şöhrəti, bizim idmançılarımızın uğurlu çıxışları, o çıxışların nəticəsi olaraq mötəbər yarışlarda yüksək yerlər tutması, eyni zamanda, gənc idmançıları, uşaqları da stimullaşdırır. Onlar da tanınmış idmançılara oxşamaq istəyirlər. Bütün bu proseslər bir-birilə bağlıdır. Bütün bu proseslərin təməlində müstəqil Azərbaycanın siyasəti dayanır. Bu siyasət öz bəhrəsini verməkdədir. Bütün sahələrdə biz bunu müşahidə edirik.
Bu gün aşağıda fotosərgi ilə tanış olarkən mən keçmişin bəzi şəkillərinə tamaşa edirdim. Bir şəkil də çox maraqlı idi - 1992-ci, ya 1993-cü il idi, bizim Respublika stadionumuzda idmanla yox, başqa işlərlə məşğul olurdular. Stadion demək olar ki, kənd təsərrüfatı üçün istifadə olunurdu. Biz o illəri də görmüşük. Demək olar ki, idmanın maddi-texniki bazası yox idi. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə azalırdı. Tanınmış idmançılar ölkəni tərk edirdilər. Çünki onlar başqa ölkələrdə daha yaxşı şəraitlə təmin olunurdular. Bütün o mənfi meyillərin qarşısı alındı və yavaş-yavaş, tədricən, amma çox inamla, düşünülmüş strategiya və taktika çərçivəsində biz öz siyasətimizi apardıq.
Bu gün Azərbaycanda idman inkişaf edir. Azərbaycan beynəlxalq aləmdə, idman aləmində özünə layiq yerini tutubdur. Bizi örnək kimi, nümunə kimi göstərirlər. Həqiqətən, indi bütün ölkələrin, hər halda regionda yerləşən ölkələrin, MDB məkanında yerləşən ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, Azərbaycanda idman sahəsində olan inkişaf heç bir ölkədə yoxdur. Bu inkişaf özünü idmançılarımızın çıxışlarında, yeni, gözəl olimpiya komplekslərinin tikintisində və bütövlükdə idmana, idmançılara Azərbaycanda olan münasibətdə əks etdirir. Bu da çox vacibdir.
Mən hesab edirəm ki, Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, federasiyaların birgə fəaliyyəti nəticəsində bu gün Azərbaycanda idmançılara hörmətlə yanaşırlar. Bu, belə də olmalıdır. Şübhəsiz ki, yaxşı, gözəl nəticə göstərmiş idmançıların əməyi də dövlət tərəfindən, nazirlik, Olimpiya Komitəsi, federasiyalar tərəfindən nəzərdə tutulur, onların məişət problemləri öz həllini tapır. Çalışırıq ki, idmançılara kömək edək. Bunu biz bundan sonra da davam etdirəcəyik. Mən ümid edirəm ki, 2006-cı il də bizim idmançılarımız üçün uğurlu olacaqdır. Artıq 2008-ci ilin Yay Olimpiya Oyunlarına ciddi hazırlıq gedir. Yəqin ki, 2006-cı ildə bu məsələ ilə daha ciddi məşğul olacağıq. Çünki üç ildən sonra Yay Olimpiya Oyunları keçiriləcəkdir.
Bir sözlə, mən bir daha bu ilin yekunlarını təhlil edərək, bu günlərdə materiallarla tanış olarkən gördüm ki, bu gözəl meyillər davam edir.

27 dekabr 2005-ci il

Xəbər 2305 dəfə oxundu.