Milli Olimpiya Komitəsinin IV Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti, MOK-un prezidenti İlham Əliyevin yekun nitqi
Bizim Baş Məclisimiz başa çatır. Mən bir daha qeyd etmək istəyirəm ki, son 4 il ərzində Azərbaycanın idman ictimaiyyəti çox səmərəli işləyibdir, biz qarşımızda duran bütün məsələləri, vəzifələri ləyaqətlə yerinə yetirmişik. Ümid edirəm ki, Milli Olimpiya Komitəsi bundan sonra da, növbəti dövr ərzində səmərəli işləyəcəkdir.
Mən xatırlayıram, 4 il bundan əvvəl, Sidney Olimpiya Oyunlarından sonra ilk yığıncaqda demişdim ki, növbəti olimpiya oyunlarına cəmi dörd il qalır. Bu fikri təkrarlamaq istəyirəm. Növbəti olimpiya oyunları daha da gərgin şəraitdə keçəcəkdir. Buna şübhə yoxdur, çünki ildən-ilə rəqabət artır. Müxtəlif ölkələrdə güclü idmançılar yetişir. Bəzən ölkələr özləri üçün ənənəvi olmayan idman növlərində də güclü idmançılar hazırlayırlar. Bütün bunları nəzərə alaraq, biz gərək gündəlik fəaliyyətimizdə məsələyə daha da ciddi yanaşaq. Yəni Pekində keçiriləcək Olimpiya Oyunları rəqabət baxımından daha da çətin olacaqdır. Amma mən şübhə etmirəm ki, bizim idmançılarımız - bu gün fəaliyyət göstərən və o vaxta qədər yetişəcək idmançılarımız ölkəmizi Pekin Olimpiya Oyunlarında da layiqincə təmsil edəcəklər.
Amma o vaxta qədər, əlbəttə ki, hələ beynəlxalq yarışlar - turnirlər, Avropa, dünya çempionatları olacaqdır. Əminəm ki, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, müvafiq federasiyalar və idman cəmiyyətləri həmişə olduğu kimi, bütün qüvvələrini birləşdirəcək, idmançılarımızın uğurlu çıxışlarını təmin etmək üçün öz səylərini əsirgəməyəcəklər. Mən buna şübhə etmirəm və əminəm ki, Azərbaycan idmanı ənənəvi olaraq daim yüksək zirvələrdə olacaqdır.
Bu fürsətdən istifadə edib sizin hamınızı qarşıdan gələn Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, bundan sonra da biz hamımız doğma Vətənimizə ləyaqətlə xidmət edək.
Sağ olun!

28 dekabr 2004-cü il

Xəbər 2074 dəfə oxundu.