Vergi işçiləri arasında ümummilli liderin 90 illik yubileyinə şahmat turniri
Bu gün Vergilər Nazirliyinin inzibati binasında vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi şahmat turnirinin açılışı mərasimi keçirilib. İdman.com.az saytı xəbər verir ki, mərasimdə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov çıxış edib. Bildirib ki, Azərbaycanda şahmatın zəngin inkişaf yolu var və şahmat ölkəmiz üçün ənənəvi idman növlərindəndir:

- Azərbaycanda böyük şahmatçılar yetişib. Bu idman növünün daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın müstəqil dövlətin təmsilçisi kimi beynəlxalq səviyyədə uğurlarının artması isə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlanılıb. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılıb, şahmata maraq kütləvi xarakter alıb və Azərbaycan şahmat məktəbi formalaşmağa başlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti onu da qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirir. Bu məqsədlə 2009-cu ildə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncam imzalayıb. Vurğulayıb ki, şahmatçılara göstərilən dövlət qayğısının nəticəsində onların beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Azərbaycanlı şahmatçılar müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər.

Vergi orqanlarının bütün struktur bölmələrinin nümayəndələrinin iştirak etdiyi, olimpiya sistemi üzrə keçirilən turnir aprel ayının 27-də başa çatacaq.

Qeyd edək ki, bu yarışın təşkili Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyası tərəfindən də dəstəklənir.

Xəbər 1483 dəfə oxundu.