Avropa çempionatının medalçıları mükafatlandırıldı
Bu gün Azərbaycan Güləş Federasiyasında ölkəmizi Avropa çempionatında uğurla təmsil etmiş güləşçilərin mükafatlandırılma mərasimi keçirilib.

Federasiyanın baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov tədbirdə çıxış edərək AGF-nin prezidenti cənab Fazil Məmmədovun salamlarını çatdırıb. Güləşçilərimizin Avropa çempionatındakı nəticələrini təhlil edən Baş katib idmançıları və onların məşqçilərini təbrik edib, onlara öz məsləhətlərini verib.

"Böyüklərdən ibarət yığma komandalarımızın qazandıqları medullar ötən ilki nəticələrdən bir qədər aşağı oldu. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Məlum olduğu kimi, Gürcüstan keçirilən Avropa çempionatı Olimpiadadan sonra ilk rəsmi yarış idi. Yığmamızın daha çox gənc üzvlərinə şans verilmişdi. Onlardan bəziləri etimadı doğrultdu. Qazanılan medalların əyarında qızıl ola bilərdi. Buna bəzi məqamlarda güləşçilərin öz səhvi səbəb oldusa da, hakim xətaları ilə də rastlaşdıq. Ancaq ümumilikdə güləşçilərimizin çıxışını qənaətbəxş hesab etmək olar. Çalışmaq lazımdır ki, gələcək yarışlarda nəticələri daha da yaxşılaşdırasınız. Bunun üçün əzmlə, səylə çalışmalı, nizam-intizamlı olmalı, məşqçilərin tapşırıqlarına əməl etməli, bugünkü uğurları davam etdirməklə həm federasiya rəhbərliyinin, həm də valideynlərinizin ümidlərini doğrultmalısınız", - o deyib.

İdmançıların şəxsi məşqçiləri də Federasiya rəhbərliyinə yaradılan şəraitə görə öz təşəkkürlərini bildirib, güləşçilərin məqsədlərinin hər zaman yüksək nailiyyətlər qazanmaq olduğunu bildiriblər. Çıxış edən məşqçilər bundan sonra da yeni istedadlar üzə çıxarmaq əzmində olduqlarını və bunun üçün var-gücləri ilə işləməyə davam edəcəklərini vurğulayıblar.

Daha sonra güləşçilər mükafatlandırılıb. Xatırladaq ki, Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa çempionatını güləşçilərimiz 1 gümüş və 6 bürünc medalla başa vurublar.

Xəbər 965 dəfə oxundu.