Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhərində üzgüçülük hovuzunun açılış mərasimində iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Bərdə şəhərində yeni tikilmiş üzgüçülük hovuzunun açılış mərasimində iştirak etmişdir.
Şəhərin küçələrinə çıxmış bərdəlilər dövlətimizin başçısını böyük səmimiyyətlə, hərarətlə salamlayır, ehtiramlarını bildirirdilər. Prezident İlham Əliyev avtomobildən düşərək, Bərdə sakinləri ilə səmimiyyətlə görüşüb, hal-əhval tutdu. Bərdəlilər ölkəmizin, o cümlədən rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlərdən razılıqla söhbət açdılar, Bərdəyə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdilər.
Mərasimə toplaşmış minlərlə şəhər sakini, idmançılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı gənc idmançılarla görüşdü, problemləri ilə maraqlandı, tövsiyələrini verdi və onlara uğurlar arzuladı.
Azərbaycan Prezidenti İlham Əliyev üzgüçülük hovuzunun rəsmi açılışını bildirən qırmızı lenti kəsdi, yeni idman qurğusu ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, 2004-cü il fevralın 11-də təməli qoyulmuş bu idman qurğusunun ümumi sahəsi 1600 kvadratmetr, hovuzun uzunluğu 25, eni 12,5, dərinliyi 1,4-1,6 metrdir. Binanın zirzəmisində hovuzun kommunikasiya sistemi yerləşdirilmişdir.
Burada idmançılar üçün hər cür şərait yaradılmışdır. Həkim, məşqçi, istirahət və xidmət otaqları vardır. Bir saat ərzində hovuzdan 50 nəfər istifadə edə bilər.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, bacarıqlı idmançıların yetişdirilməsində hovuzun əhəmiyyətini vurğuladı və öz xeyir-duasını verdi.

11 sentyabr 2004-cü il

Xəbər 955 dəfə oxundu.