«Arsenal» transfer bombasını partladır
Premyer Liqada çətin dövrdən keçən «Arsenal» gələn mövsüm üçün iddialı heyət qurmağa çalışır. Düz 8 ildi kubok qazana bilməyən komandada gözlər «Mançester Siti»nin ulduzu Edin Dzekoya dikilib.

Bu mövsüm istənilən oyunu sərgiləyə bilməyən və çox vaxt ehtiyatda qalan ulduz futbolçunun mövsümün sonunda komandadan ayrılması gözlənilir. İngiltərə mətbuatı bir neçə gün əvvəl «Mançester Siti»nin «Napoli»dən Kavanini transfer edəcəyini və Dzekonun yenidən Bundesliqaya dönəcəyini, Robert Levnadosvkiylə yolları ayırmağa hazırlaşan Dortmund «Borussiya»sına keçəcəyini yazmışdı.

Lakin indi bu futbolçunun «Arsenal»a keçəcəyi iddia olunub. Robin van Persinin «Mançester Yunayted»də transferindən sonra heyətə qatılan Lukas Podolski və Olivier Qiroudun istənilən nəticəni verməməsi «topçular»ı diqqəti Edin Dzekoya yönəltməyə məcbur edib.

İngiltərə mətbuatının məlumatına görə, bu keçiddə əsas problem transfer haqqıdı. «Mançester Siti» Dzeko üçün «Volfsburq»a 27 milyon avro ödəmişdi. “Şəhərlilər”in ziyana düşməməyə çalışaraq, «Arsenal»dan böyük məbləğ istəyəcəyi proqnozlaşdırılır.

Xəbər 825 dəfə oxundu.