“Rəvan” “Turan” hazırlığına start verdi
“Rəvan” bu gündən Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Turan”a qarşı keçiriləcək oyunun hazırlıqlarına start verdi. Bayıl təmsilçiləri şənbə günü “Bakı” ilə yoldaşlıq oyunu keçirdiyindən dünən futbolçulara istirahət verilmişdi. Bu gün isə “Rəvan” baş məşqçi Ramil Əliyevin rəhbərliyi altında məşqlərini bərpa etdi.

“Bayıl Arena”da baş tutan məşq prosesi ənənəvi isinmə hərəkətləri ilə başladı. Ardından bir qədər fiziki çalışmalara vaxt ayrıldı. Əsas diqqət isə toplu çalışmalara yönəlmişdi. Baş məşqçinin tapşırığı əsasında futbolçular həm tək toxunuşlu ötürmələr üzərində işlədi, həm də “kvadrat” oynadı. Hazırlığın sonunda qapıya zərbələrə daha çox diqqət ayrıldı.

Qeyd edək ki, baş məşqçi Ramil Əliyev düşərgəyə əvəzedicilərdən ibarət komandanın üzvlərini də cəlb edib. İndi qapıçı Sadiq Ramazanov və müdafiəçi Cəmil Rəhimli daha təcrübəli komanda yoldaşları ilə birgə hazırlıq keçir.

Xəbər 738 dəfə oxundu.