Şəmkir şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərasim iştirakçıları ilə görüş zamanı nitqi
- Sizi gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.
İki il yarım bundan əvvəl, bax bu yerdə, - bura boş bir yer idi, - təməl daşını bərabər qoyduq. Düz deyirsiniz, o vaxt demişdim ki, açılışında özüm gəlib iştirak edəcəyəm və bu gün çox böyük məmnuniyyət hissi ilə bu gözəl binanın qarşısında sizinlə görüşürük.
Doğrudan da, bu, Şəmkirə, şəmkirlilərə gözəl hədiyyədir və burada idmanla məşğul olmaq üçün gözəl şərait var. Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün gözəl imkanlar var - üzgüçülük hovuzu, açıq meydançalar, tennis, basketbol, futbol, voleybol zalı. Yəni, bura bir idman və gənclər mərkəzidir. Şəhərə də əlavə yaraşıq verir. Bu gözəl bina şəhərin girişində yerləşir. Əzəmətli binadır və burada ən müasir standartlar tətbiq olunubdur, gözəl memarlıq abidəsidir. Həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Mən əminəm ki, burada uşaqlar, gənc nəsil, idmançılar məşğul olacaqlar, öz peşəkarlığını artıracaqlar. Eyni zamanda, Şəmkir sakinləri üçün də burada yaxşı şərait var.
O ki qaldı, idmanın ümumi inkişafına, Azərbaycan idman dövlətidir. Bunu təkcə biz yox, bütün dünyanın idman aləmi deyir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, qeyd etdiyiniz güləş üzrə Avropa çempionatında, dünya kubokunda uğurlarımız deməyə əsas verir ki, Azərbaycan dünya miqyasında birincilər sırasındadır. Həm yeniyetmələr, həm uşaqlar, həm də ki, peşəkar idmançılarımız çox böyük istedada malikdir. Şəmkirdə də ənənəvi olaraq həmişə gözəl idmançılar olub. Bu gün idmanla məşğul olmaq üçün ən gözəl şərait də var. Mən çox istəyirəm ki, uşaqlar bu idman bölmələrinə - burada idman bölmələri təşkil edilsin, - gəlib idmanla məşğul olsunlar. Bu, həm ölkəmizin idman şöhrətinin ucaldılması üçün, həm də ki, hər bir gəncin sağlamlığı üçün, vətənpərvərlik ruhunda böyüməsi üçün çox lazımdır. Azərbaycanda idman artıq çox geniş yayılır, hər yerdə idman kompleksləri tikilir. Bu, uzunmüddətli proqramdır. Biz bütün yerlərdə, bütün şəhərlərdə gözəl idman infrastrukturu yaradırıq. Şəmkirdə bu gözəl idman kompleksi, deyə bilərəm ki, Azərbaycanda tikilmiş komplekslər içində birinci yerlərdədir.
Bizim böyük planlarımız var. Azərbaycanda indi müxtəlif beynəlxalq yarışlar keçirilir. Hətta biz Olimpiya oyunlarını Azərbaycanda keçirmək istədik. Ancaq bizim birinci müraciətimiz hələ ki, cavabsız qaldı. O da təbiidir. Dünyada elə hal olmayıb ki, ilk dəfə hansısa ölkə müraciət etsin və Olimpiya oyunlarını keçirməyə müvəffəq olsun. Amma bizim müraciətimiz onu göstərir ki, biz buna qadirik. Həm ölkənin iqtisadi inkişaf baxımından, həm də idman infrastrukturunun mövcudluğu baxımından buna qadirik. Azərbaycanda istənilən idman yarışı keçirilə bilər.
Ona görə mən bu gün idmançılara uğurlar və yeni qələbələr arzulayıram. Yəni, gənc nəsil sizə - bizim qəhrəman idmançılara, oxşamalıdır. Yaxşı nümunələr var, Şəmkirin yetirməsi Mövlud Mirəliyev də Pekin Olimpiya oyunlarında çox böyük nailiyyət göstərib.
Şəmkirin ümumi inkişafı da çox ürəkaçandır. Burada gözəl işlər görülüb, yeni müəssisələr, iş yerləri açılır, şəhər abadlaşır. Bu gün bura gəlməzdən əvvəl Şəmkirçay su anbarının təməl daşını qoyduq. Böyük bir layihədir. Bu layihə hələ Sovet İttifaqı zamanında dəfələrlə beşillik plana salınırdı, çıxarılırdı. Ona görə ki, vəsait yox idi. Son bir neçə il ərzində bu layihə üzərində biz çox ciddi işlədik. Düzdür, çox böyük vəsait tələb edir. İlkin hesablamalara görə, haradasa, 400 milyon manat dəyərində investisiya qoyulacaqdır. Amma biz qərara gəldik ki, bunu etməliyik. Çünki bu, bölgə üçün lazımdır. On minlərlə hektar torpaq suvarılacaqdır. Minlərlə insan işlə təmin olunacaqdır. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu tikinti zamanı yüzlərlə, minlərlə insan burada işləyəcəklər, özləri üçün iş yerləri tapacaqlar. Yəni, bu investisiya bütün rayon infrastrukturuna öz müsbət təsirini göstərəcəkdir. Ən önəmlisi isə kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir. Biz ərzaq təhlükəsizliyini təmin etmişik. Bu gün yeni sahələrin işə salınması, suvarma məsələlərinin həlli əlbəttə ki, Azərbaycanı ərzaq təhlükəsizliyi baxımından çox gücləndirəcəkdir. Bizim ərzaq məhsullarımız ixrac edilir, yaxın zamanlarda daha da geniş həcmdə ixrac ediləcəkdir.
Bu gün, eyni zamanda, qonşu rayonlarda da olmuşuq. Göygöldə yeni böyük xəstəxananın açılışında iştirak etdik, Şəmkirçay su anbarı, yeni şərab zavodu, Gəncədə yeni obyektlərin yaradılması ilə tanış oldum. Sabah Gədəbəy rayonunda Azərbaycan üçün yeni bir sənaye sahəsi açılır, qızıl sənayesi. Ora böyük investisiyalar qoyulur. Yəni, bu zonanın bütünlükdə inkişafı üçün çox gözəl şərait var, gözəl işlər də görülüb. Bütün görülən işlər münasibətilə mən sizi təbrik edirəm. Şəmkirlilərin bu işlərdə çox böyük əməyi olub, böyük fədakarlığı olub və həmişə mən də çalışacağam ki, rayon üçün önəmli olan problemləri birlikdə həll edək.

25 may 2009-cu il

Xəbər 2788 dəfə oxundu.