Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yeni binasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar!
Mən sizi və Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini Polis günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı, uğurlar arzulayıram.
İyulun 2-də Azərbaycanda Polis günü qeyd olunur. Bu gün həm Bakı Şəhər Baş Polis İdarəsinin yeni inzibati binasının açılışını qeyd etdik. Eyni zamanda, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yeni binasının açılışında bərabər iştirak edirik. Bunlar gözəl hadisələrdir. Bu onu göstərir ki, Daxili İşlər Nazirliyinin bütün infrastrukturu yeniləşir, müasirləşir. Həm bölgələrdə, həm Bakı şəhərində daxili işlər orqanları üçün nəzərdə tutulmuş yeni binalar tikilir.
Biz neçə ay bundan əvvəl Daxili İşlər Nazirliyinin yeni gözəl hospitalının açılışında bərabər iştirak etmişdik. Bu gün Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yeni binasının açılışındayıq. Yəni bu onu göstərir ki, Azərbaycan dövləti öz polisinə, polis işçilərinə həmişə olduğu kimi diqqət göstərir, qayğı göstərir və belə də olmalıdır.
Polisin, polis orqanlarının hər bir ölkə üçün çox böyük əhəmiyyəti vardır. Asayişin qorunması işində, cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir və bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının çox böyük zəhməti var, xidməti var. Mən polis işçilərinin işini çox yüksək qiymətləndirirəm. Çox şadam ki, bizim görkəmli idmançılarımız Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində fəaliyyət göstərirlər.
Azərbaycan idmanının çox böyük potensialı, çox böyük gücü var. Həm kütləvi qaydada idmanla məşğul olmaq üçün şərait yaradılır, həm Azərbaycan xalqı peşəkar, görkəmli idmançılar yetişdirir, həm də bizim idmançılar dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında qabaqcıl yerlərdədirlər. Azərbaycanda idmanın belə geniş vüsət alması çox mühüm bir hadisədir. Gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ümumiyyətlə, ölkənin idman şöhrətinin yüksəklərə qaldırılması üçün Azərbaycan dövləti hər şeyi edir və mən çox şadam ki, bizim tanınmış görkəmli idmançılar - Olimpiya çempionları, dünya, Avropa çempionları Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində öz fəaliyyətlərini davam etdirirlər.
İki gündən sonra sizin bayramınızdır - biz Polis gününü qeyd edəcəyik. Bu bayram ərəfəsində bir daha bütün polis işçilərinə uğurlar, cansağlığı, yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək olsun!

30 iyun 2009-cu il

Xəbər 3412 dəfə oxundu.