«Tour d’Azerbaidjan»ın təqdimatı oldu
Bu gün «Hyatt Ragensy» mehmanxanasının «Şuşa» zalında 1-5 mayda ölkəmizdə keçiriləcək «Tour d’Azerbaidjan» beynəlxalq velosiped yarışının təqdimatı oldu. İdman.com.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov açdı. O bildirdi ki, adı çəkilən tur paytaxtdan start götürəcək və ölkənin yeddi rayonunun ərazisində keçiriləcək:

«Xatırlayırsınızsa, biz ötən il də ulu öndər Heydər Əliyevin xatirəsinə belə tur təşkil etmişdik. Lakin həmin vaxt yaşı 23-ə qədər olan idmançılar mübarizə aparırdılar. Bu dəfə isə peşəkar komandalar güclərini yoxlayacaqlar. Ölkəmiz turnirdə yeni yaradılan «Sinerjy Baku Cucling Project» klubu ilə təmsil olunacaq. «Tour d’Azerbaidjan» Beynəlxalq Velosipedçilər İttifaqının Europe Tour çərçivəsində 2.2 kateqoriyalı veloyürüşdür.
İdman tədbirinin adına gəlincə, qəribədir ki, İran 23 ildir «Tour d’Azerbaidjan» yarışı keçirirdi. Biz buna qarşı çıxdıq. Beynəlxalq Velosipedçilər İttifaqı sağ olsun, etirazımızı qəbul etdi və həmin turnirin «Tour d’İran» adı ilə təşkil olunmasına qərar verdi.

Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son vaxtlar velosiped idmanının inkişafına da böyük təkan verilib. Ümumilli liderin 90 ililk yubileyi ərəfəsində təsadüf edəcək bu yarış Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə keçiriləcək. Bu tədbir vaxtaşırı «Eurosport» telekanalında işıqlandırılacaq; dünyanın müxtəlif bölgələrində keçirilən yarışlar zamanı reklam çarxında yer alacaq».

Sahib Ələkbərov onu da dedi ki, «Tour d’Azerbaidjan»ın rəsmi təqdimatı gələn ayın sonu baş tutacaq və böyük təntənə ilə qeyd ediləcək: «Aprelin 30-da Dənizkənarı Milli Parkda «Tour d’Azerbaidjan»ın açılışı keçiriləcək. Böyük bayram olacaq. Uşaqlar, qocalar və gənclər arasında yarış təşkil ediləcək və qalib həmin velosipedi qazanacaq. Komandaların təqdimatında incəsənət ustalarımız, o cümlədən, Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli də iştirak edəcək».

Təşkilat Komitəsinin sədri Bakı klubunun qarşısına çempionluq hədəfi qoymadıqlarını da diqqətə çatdırdı: «İdmançılarımız yarışa Avstraliyada və Türkiyədə hazırlaşıblar. Bu komandanın gələn ayın axırı təqdimatı olacaq. Klub legionerlər və 6 azərbaycanlıdan ibarətdir. Biz veloyürüşdə onların qarşısına çempionluq hədəfi qoymamışıq. Kollektiv 3 aydır yaradılıb. Onlar hələ bir-birinə uyğunlaşmalıdırlar. Bu səbəbdən də qarşılarına konkret vəzifə qoymamışıq».

Sonra turun Təşkilat Komitəsinin üzvü, Almaniyanın «Freunde event Logistic GmBH» şirkətinin direktoru Alberxt Röder turnirin marşrutu barədə məlumat verdi»: 5 mərhələdən ibarət olacaq veloturun ilk mərhələsi Heydər Əliyev Mərkəzinin yanından start götürəcək və ulu öndərin adını daşıyan prospektlə metronun «Koroğlu» stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra, yenidən ilk nöqtəyə qayıdacaq. Marşrutun ümumi uzunluğu 157 km təşkil edəcək.

Növbəti gün velosipedçilər «Şıx» çimərliyi ilə üzbəüz yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər. 183 km qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər. Mayın 3-də yarış iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kq) qayıdacaqlar.

4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq».

Röder, yarışın ümumi mükafat fondu barədə də məlumat verib: “Veloturda 40 ölkənin idmançılarından təşkil olunmuş 25 komanda gücünü yoxlayacaq. Yarışda Mərkəzi Avropa – Lüksemburq, Belçika və Hiderland klubları favorit hesab olunur. Düzdür, onlar ikinci heyətləri ilə Azərbaycana gələcəklər. Lakin bu heyət də zəif hesab olunmur. «Astana Continental» da güclü kollektivdir. Avstraliya isə yığma komanda kimi Bakıya gələcək. Turun ümumi mükafat fondu 69 min avro təşkil edəcək. Burada qalib 6 min avro qazanacaq. Bununla yanaşı, ilk «iyirmiliyə», spirint, dağ yarışlarında fərqlənənlərə də pul mükafatı veriləcək. Bildirim ki, mükafat fondumuz digər yarışlarla müqayisədə yüksəkdir».

Kamran HACI

Xəbər 1145 dəfə oxundu.