"Xəzər Lənkəran" iki ilklə əlamətdar olacaq
Topaz Premyer Liqasında yaranan 17 günlük fasilə sabah başa çatacaq. Həmin gün ölkə çempionatında 24-cü turun oyunları keçiriləcək. “Xəzər Lənkəran” bu dəfə öz meydanında AZAL-ı qəbul edəcək. İkinci “altılığ”ın lideri ilə qarşılaşma 2 ilklə əlamətdar olacaq.

Belə ki, tarixində ilk dəfə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olan Lənkəran təmsilçisi ikinci “altılıq”da 1-ci ev oyununa çıxacaq. Lənkəran stadionunda baş tutacaq ilk belə görüş həm də yeni baş məşqçinin debütü ilə yadda qalacaq.

Uelsli mütəxəssis Con Toşak ilk dəfə “Xəzər Lənkəran”ı baş məşqçi kimi meydana çıxaracaq. O, komandanın AZAL-la 23-cü duelində debüt edəcək.

Əvvəlki 22 qarşılaşmada Lənkəran təmsilçisi aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn komanda 4 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Rəqib qapısına 29 qol vuran “Xəzər Lənkəran” cəmi 12-ni buraxıb. İndi 30-cu qolun astanasında olan futbolçular bu 22 matçdan 18-ni çempionat, 4-nü kubokda keçirib.

Hər iki yarışda üstün olan “ağ-yaşıllar” çempionatda 12 qələbə qazanıb. Oyunların yalnız 1/3-də xal itirən komanda 3 dəfə 1 xalla kifayətlənib, eyni sayda oyunda meydanı məğlub tərk edib. Bu görüşlərdə Lənkəran təmsilçisi 24, bakılılar isə cəmi 9 dəfə fərqlənib.

“Xəzər Lənkəran”ın ev oyunlarında meydan sahibləri 8 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Komanda qonaqların qapısına 17 top vurub və cəmi 7-ni buraxıb.

Xəbər 826 dəfə oxundu.