Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Prezident sarayında Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnovu və Rusiya Olimpiya Komitəsinin baş katibi Leonid Miroşniçenkonu qəbul etmişdir.
Azərbaycan və Rusiya olimpiya komitələri arasında möhkəm əlaqələrin olduğunu vurğulayan prezident İlham Əliyev beynəlxalq konfranslarda, habelə Bakıda keçirdikləri görüşləri, xüsusilə Azərbaycan MOK-un on illiyi ilə bağlı tədbirləri məmnunluqla xatırladığını söylədi.
Dövlətimizin başçısı vaxtilə, Vitali Smirnovun Rusiya Olimpiya Komitəsinə başçılıq etdiyi dövrlərdə əlaqələrin yüksək səviyyədə olduğunu və indi də davam etdiyini vurğuladı, qonağın son illər inşa edilmiş idman obyektləri ilə tanışlığı zamanı əldə etdiyi təəssüratlarla maraqlandı.
Ölkəmizə yenidən, 40-cı dəfə səfər etməsindən məmnunluğunu bildirən Vitali Smirnov prezident İlham Əliyevi dövlət başçısı seçilməsi və Beynəlxalq Olimpiya Komitəsinin ali mükafatı - “Olimpiya ordeni” ilə təltif olunması münasibətilə təbrik etdi. O dedi: “Mən bu ordenlə təltif olunmağınızla bağlı iclasda iştirak etmişəm. Bu iclasda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və dörd vitse-prezidenti iştirak edirdi.
Onlar bu qərarı yekdilliklə qəbul edərək Sizin ölkənizdə idmanın inkişafı və yüksəlişinə verdiyiniz şəxsi töhfələri xüsusi qeyd etdilər. Böyük məmnunluqla vurğulandı ki, Siz ölkə prezidenti olduqdan sonra da Olimpiya Komitəsinin prezidenti vəzifəsində də qalmısınız. Bu, dövlətin başçısı kimi Sizin bədən tərbiyəsi, idman və olimpiya hərəkatının inkişafına, sağlam və möhkəm gənclərin tərbiyəsinə necə böyük bir diqqət yetirdiyinizi bir daha göstərir.
Mən Beynəlxalq Olimpiya Komitəsinin bu qərarı ilə və onu yerinə yetirməyimlə fəxr edirəm. Biz, habelə Sizinlə dostluğumuz və ölkənizin idman təşkilatları ilə əlaqələrimizlə də fəxr edirik”. Qonaq Beynəlxalq Olimpiya Komitəsinin gələcəkdə də prezident İlham Əliyevin dəstəyindən yararlanacağına əmin olduğunu söyləyərək dedi: “Olimpiya Hərəkatı çox incə bir hərəkatdır və Sizin kimi təcrübəli rəhbərlərin onu dəstəkləməsinin böyük əhəmiyyəti var”.
Yüksək mükafata görə Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirən prezident İlham Əliyev Olimpiya Hərəkatındakı fəaliyyətini həyatının ən əziz bir hissəsi olduğunu söylədi. Dövlətimizin başçısı dedi: “Mən prezident seçildikdən sonra Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qaldım və bu vəzifəni gələcəkdə də saxlayacağam. Siz idmanın hər bir ölkənin həyatında mühüm rolunu qeyd etdiniz. Mən bununla razıyam. Bir daha mənim fəaliyyətimə verilmiş bu yüksək qiymətə görə təşəkkürümü bildirirəm”.

19 aprel 2004-cü il

Xəbər 1108 dəfə oxundu.