Fariz Məmmədov: «Avropa kəmərinə sahib çıxmaq istəyirəm»
Ölkəmizin peşəkar boksçusu Fariz Məmmədov cari mövsümə uğurla başlayıb. İdman.com.az saytı xəbər verir ki, həftə sonu Almaniya paytaxtı Berlinin “Merkur” arenasında keçirilmiş döyüşdə, həmyerlimiz polşalı rəqibi Mariuzs Biskupskini üstələyib. Reytinq xarakterli və 6 raunddan ibarət olan mübarizədə təmsilçimiz xal hesabı ilə qələbə qazanıb. Görüş ərzində Fariz 36 yaşlı həmkarını 2 dəfə noqdauna da sala bilib.
Qeyd edək ki, 8 illik fasilədən sonra Məmmədov 2-ci dəfə rinqə çıxıb. Bundan öncə idmançımız erməni əsilli boksçu Jeqise Tomazyana nokautla qalib gəlmişdi.

Bu gün titullu rinq ustamız Vətənə döndü. Heydər Əliyev adına beynəlxalq hava limanında Fariz Məmmədovu ölkə bokssevərləri və media nümayəndələri qarşıladılar. Qalib idmançımıza çələng təqdim olundu. Sonra həmyerlmizin iştirakı ilə media nümayəndələri üçün qısa brifinq təşkil edildi.
Suallardan öncə boksçu ürək sözünü dedi. Bildirdi ki, ölkə rəhbərliyinin idmana yüksək səviyyədə qayğı göstərir. Təbii, bu dəstəkdən mən də faydalanıram. Qalib idmançıların hava limanında böyük hərarətlə qarşılanması hamı kimi, məni də fərəhləndirir. Belə diqqət və qayğının qarşılığında Fariz Məmmədovun qalib gəlməməyə haqqı yoxdur. Burada jurnalistlərin də əməyi var. Bizim qələbələri sizlər təbliğ edir, axı.

Daha sonra Fariz KİV nümayəndəlirinin suallarını cavablandırdı. O, ilk olaraq döyüş barəsində danışdı: «Görüşə qədər fiziki və psixoloji problemlərlə üzləşdim. Ağır məşqlərdə əlim zədələndi. Sonra xəstələndim. Daha sonra məcburən rəqibimi dəyişməli oldum. Bütün bunlara rəğmən, çətinliklərə sinə gəlib, qalib gəldiyimə görə məmnunam.

Görüşə yaxşı hazırlaşmışdım. Artıq 2 ay idi ki, yalnız bu görüş barədə düşünürdüm və gərgin məşqlər keçirdim. Rəqibim də çox güclü və təcrübəli döyüşçü idi. Əslində bir həftə öncəyə kimi fərqli rəqiblə görüşəcəyimi düşünürdüm. Peşəkar boksda belə məqamlar hər zaman olur. Dediyim kimi, polşalı boksçu peşəkar arenada tanınır. O indiyə kimi 45 peşəkar döyüş keçirmişdi. Mən isə buna qədər 15 görüşqdə mübarizə aparmışam. Layiqli rəqiblərlə döyüşməyi, risk etməyi sevirəm. Sevinirəm ki, bu döyüşdən də qələbə ilə ayrıldım».

Fariz, bu qələbəni yaxınlarda dünyasını vaxtsız dəyişmiş dostu, «Qəbələ» Futbol Klubunun sabiq əməkdaşı Mübariz Nəcəfova həsr etdiyini bildirdi: «Bu döyüşə Mübarizlə birlikdə gəlməyi planlaşdırmışdıq. Dostumun vaxtsız vəfatı bu planımızın gerçəkləşməsinə imkan vermədi. Qələbəni Mübarizə həsr edirəm. Ruhu şad olsun».

Məmmədov gələcək planlar barədə də danışdı. O, qarşıda bir neçə döyüşdə də qüvvəsini sınayacağını dedi: «Əsas məqsədim reytinq siyahısına qayıtmağım idi. Bilirsiniz ki, məlum hadisə ilə bağlı uzun müddət döyüşmədim. Belədə, sıralamada mövqemi tamam itirdim. İndi hər şey yaxşıya doğru gedir. Maraqlı təkliflər var. Bunlar üzərində düşünürük. Bildiyiniz kimi, 2004-cü ildən əsas sahib çıxmışam. Hazırda hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir və bu istiqamətdə irəliləyirəm. Hazırda qitədə reytinqdə 2-ci yerdəyəm. Çox güman, mayda bir döyüş də keçirdim. Amma rəqibim hələ ki, müəyyənləşməyib. Bilirəm ki rəqiblərim getdikcə ciddiləşir. Bundan əlavə dekabr ayında Azərbaycanda ilk dəfə Bakıda Avropa kəməri uğrunda döyüşüm gözlənilir. Məndən başqa, boksçumuz Azad Əzizovun da döyüşməsi planlaşdırılır. Həmin görüşlər «Eurosport» telekanalı vasitəsi ilə 2 saat canlı yayımlayacaq».

Sonda Fariz Məmmədov hazırlığında önəmli rol oynayan məşqçilərinə və «Qəbələ» Futbol Klubuna təşəkkürünü bildirib. Qeyd edək ki, titulu idmançımız «Qəbələ» boks klubunun baş məşqçisidir və döyüşlərə bu təşkilatın adından qatılır.

Kamran HACI

Xəbər 1253 dəfə oxundu.