Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul etmişdir
zərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Prezident sarayında Dünya Taekvondo Federasiyasının prezidenti Çanq Von Çunu qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı ölkəmizə səfəri zamanı Çanq Von Çunun idmanın, o cümlədən taekvondonun inkişafı ilə yaxından tanış olmaq imkanı əldə edəcəyini söylədi. Azərbaycanda idmanın bu növünün inkişafına böyük diqqət yetirildiyini bildirən prezident İlham Əliyev taekvondoçular üçün müvafiq infrastruktur yaradıldığını, ötən ilin oktyabrında müasir tələblərə uyğun taekvondo idman zalının istifadəyə verildiyini diqqətə çatdırdı.
Azərbaycanlı idmançıların koreyalı mütəxəssislərlə çox yaxşı əlaqələri olduğunu bildirən prezident İlham Əliyev qonağın səfərinin ölkəmizin idman əlaqələrinin gələcək inkişafına xidmət edəcəyinə əminliyini ifadə etdi.
Dünya Taekvondo Federasiyasının prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etdiyini söyləyən Çanq Von Çu ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyə və səmimi qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Azərbaycanlı idmançılara, xüsusilə taekvondoçulara Olimpiya oyunlarında uğurlar arzulayan qonaq prezident İlham Əliyevi Afinada görəcəklərindən məmnun olacaqlarını söylədi.

26 iyul 2004-cü il

Xəbər 1077 dəfə oxundu.