Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Prezident sarayında Rusiya Olimpiya Komitəsinin prezidenti Leonid Tyaqaçov başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan dövlətinin başçısı qonaqları salamlayaraq, Rusiya nümayəndə heyəti üzvlərinin Bakıda keçirdikləri görüşlərdən, idman komplekslərində olmasından, ölkələrimizin olimpiya komitələri arasında ikitərəfli sənədin imzalanmasından razı qaldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın və Rusiyanın olimpiya komitələri arasında yaranmış əməkdaşlığın yüksək səviyyədə olduğunu, Leonid Tyaqaçovun Rusiya Olimpiya Komitəsinə rəhbərliyə gəlməsindən sonra bu əməkdaşlığın daha da möhkəmləndiyini qeyd etdi. Bildirildi ki, ölkələrimizin olimpiya komitələrinin rəhbərləri arasında dostluq əlaqələrinin olması ikitərəfli əməkdaşlığın inkişafında mühüm amillərdən biridir.
Dövlətimizin başçısı bir çox istiqamətlərdə fəal inkişaf edən Azərbaycan-Rusiya əlaqələrindən danışaraq, cari ilin qışında Rusiyaya etdiyi rəsmi səfərini uğurlu adlandırdı. Respublikamızın rəhbəri dedi ki, Rusiyada Azərbaycan və Azərbaycanda Rusiya illərinin keçirilməsi bir çox məsələlərin, o cümlədən Olimpiya Hərəkatı, idman sahəsində, ümumən, humanitar sahədə məsələlərin həll edilməsinə imkan verəcəkdir.
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətinin üzvlərini Azərbaycanda artıq üçüncü dəfə keçirilən “Nə? Harada? Nə vaxt?” zəka oyunu üzrə dünya çempionatının bağlanış mərasiminə də dəvət etdi.
Rusiya Olimpiya Komitəsinin prezidenti Leonid Tyaqaçov səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkür edərək, ona Rusiyanın bütün olimpiyaçılarının səmimi salamını yetirdi. Onun sözlərinə görə, Rusiyanı və Azərbaycanı yaxınlaşdıran həm də budur ki, ölkələrimizə idmanın inkişafına, sağlam həyat tərzinin tətbiqinə böyük diqqət yetirən şəxsiyyətlər rəhbərlik edirlər. Leonid Tyaqaçov idman sahəsində ikitərəfli əməkdaşlıqdan söz açaraq, səfər zamanı qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış müqaviləni tarixi sənəd adlandırdı.
Prezident İlham Əliyev onunla Rusiya Prezidenti Vladimir Putin arasında yaranmış sıx dostluq əlaqələrindən danışaraq qeyd etdi ki, hər iki dövlətin başçılarını idmana məhəbbət birləşdirir. Dövlətimizin başçısı idmanı cəmiyyətin həyatının ayrılmaz amili kimi qiymətləndirərək vurğuladı ki, Rusiyada da, Azərbaycanda da idmanın, o cümlədən də kütləvi idmanın inkişafına böyük diqqət yetirilir. O dedi: “Mən siyasətə idmandan gəlmişəm və bu gün Milli Olimpiya Komitəsinə başçılıq etməyimin 7 ili tamam olur”. Azərbaycan Prezidenti Rusiya idmançılarının uğurlarından danışaraq qeyd etdi ki, son vaxtlar Rusiya idman sahəsində özünün keçmiş nüfuzunu qaytarmağa müvəffəq olmuşdur. O, ümidvar olduğunu söylədi ki, qarşıdakı Olimpiya Oyunlarında həm Rusiya, həm də Azərbaycan idmançıları uğurla çıxış edəcəklər.
Leonid Tyaqaçov Azərbaycan rəhbərinə Olimpiya kuboku təqdim etdi.

31 iyul 2004-cü il



Xəbər 945 dəfə oxundu.