Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Afinada Olimpiya çempionu Fərid Mansurovla görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Afinada XXVIII Yay Olimpiya oyunlarının qalibi Fərid Mansurovla və yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Elçin Cəfərovla görüşmüşdür.
Dövlətimizin başçısı Afina Olimpiadasında komandamıza ilk qızıl medalı qazandıran Fərid Mansurovu təbrik edərək, onun bu parlaq qələbəsinin Azərbaycanın idman tarixində əlamətdar hadisə olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan idmançısının ilk dəfə olaraq yunan-Roma güləşi yarışlarında Olimpiya çempionu adını qazandığını xatırladaraq, qızıl medalı Fərid Mansurovun boynundan asdı və dedi:
- Bizim milli komandamıza birinci qızıl medalı Fərid gətirdi. Özü də çox gərgin şəraitdə. Rəqibləri də kifayət qədər güclü idi, olimpiya, dünya çempionu idilər. Fərid, sən Azərbaycan xalqına böyük bayram gətirmisən. Bu, böyük bayramdır, bütün Azərbaycan xalqının bayramıdır. Bu, Azərbaycanın gücünü, idmanının səviyyəsini göstərir. Təkcə idmanın deyil, ölkəmizin səviyyəsini, şöhrətini göstərir.
Mən bir neçə dəfə bunu qeyd etmişəm ki, bizdə idmanda birlik var. Hamı - federasiyalar, idman cəmiyyətləri, nazirlik, Olimpiya Komitəsi - vahid bir qurum kimi fəaliyyət göstərir. Bəzi ölkələrdə, hətta çoxunda belə deyildir, əksinə, ziddiyyət var, toqquşma var. Amma bizdə bu birlik uğurumuzun əsas səbəbindən biridir. Əlbəttə, Fəridin özünün və məşqçilərinin rolu böyük olubdur. İkinci dəfədir, ikinci Olimpiya oyunlarıdır ki, Güləş Federasiyası Azərbaycana qızıl medal gətirir və ümid edirik, bu ənənə bundan sonra da yaşayacaqdır.
Mənim xatirimdədir, Sidneydə bizim üç güləşçi mübarizə aparırdı. Deyəsən onlardan ikisi dəvət olunmuş güləşçilər idi. Amma Fərid bizim yetirməmizdir, Azərbaycan idman məktəbinin yetirməsidir. Özü də gəncdir, 22 yaşındadır. İdmanın səviyyəsini məhz bu göstərir. Uşaq, yeniyetmə idmanı çox vacibdir. Bu olmasa, əlbəttə, yaxşı idmançı yetişə bilməz.
Mən xatırlayıram, yadınızdadırmı, dünya çempionatının qalibi olanda biz Milli Olimpiya Komitəsində ona ev verdik, hədiyyə təqdim etdik. Azərbaycanın idmançısı bax, belə olmalıdır.
Doğrudan da Azərbaycanda idman sürətlə inkişaf edir. Bunun üçün hər bir şərait yaradılıbdır. Çox sevinirəm ki, gənc idmançılar yetişir. Yəni idman kütləvi xarakter alır. Mən Milli Olimpiya Komitəsinə rəhbərliyə gələndə Fəridin 15 yaşı var idi. O vaxt idmanla məşğul olurdu?
Elçin Cəfərov (baş məşqçi): Cənab prezident, yeniyetmələr arasında çıxış edirdi.
İlham Əliyev: Bəli. Azərbaycanda keçirilən bütün beynəlxalq turnirlərin, yeniyetmələr, böyüklər arasında dünya, Avropa çempionatlarının da böyük əhəmiyyəti olubdur. Yəni bu, Azərbaycanda idmanın səviyyəsini göstərir.
Mən, eyni zamanda, Mehman Əzizovu qeyd etmək istəyirəm. Çox gözəl güləşdi, qələbəyə çox yaxın idi. Mövlud Mirəliyev də dördüncü yeri tutdu. Düzdür, bu, cüdoda beşinci yer hesab olunur, amma, əslində, dördüncü oldu. Özü də çox iradə ilə, əzmlə güləşirdi. Turan Mirzəyev ağırlıqqaldırmada dördüncü yeri götürdü. Bunlar böyük nəticələrdir. Əlbəttə, hər bir ölkə istəyir ki, medalların sayı çox olsun. Mən də, hamımız da istəyirik. Çünki bu, bizim idmanımızın səviyyəsini göstərir, ölkəmizi dünyada daha da gözəl təbliğ edir.
Mən medal qazanmayan idmançıları da qeyd etməliyəm. Yarışları izləyərkən çox sevinirdim ki, belə iradəli, cəsarətli idmançılarımız var. Düzdür, medal ala bilmirlər, amma ölkəmizi çox ləyaqətlə təmsil edirlər. Görülən işlər həm medallarda özünü göstərir, həm də Azərbaycanda idmanın kütləviliyində, yeni yaradılmış idman qurğularında. Yəni bu məsələyə kompleks şəkildə yanaşmışıq.
Əbülfəs Qarayev: Bokçularımız - Rövşən Hüseynov da, Cavid Tağıyev də, Ruslan Xairov da yaxşı döyüşdülər. Şahin İmranov da yaxşı döyüşdü. Əfsuslar olsun ki, onun zədəsi texniki məğlubiyyətə səbəb oldu.
İlham Əliyev: Bəli, 31:21 udurdu. Qadınlarımız İradə və Zemfira ilk medalları qazandılar. Atıcılıq Federasiyası həmişə olduğu kimi, bu olimpiadada medalları birinci qazanırlar. Vaqif müəllimin rəhbərlik etdiyi federasiya keçən dəfə bir qızıl qazanmışdı, indi iki bürünc medal qazanıblar. Amma Atıcılıq Federasiyası iki idmançı ilə təmsil olunub, ikisi də medal qazanıbdır. Təbrik edirik. Bu da bir göstəricidir. Bizim müxtəlif idman növlərində idmançılarımız var. Güləş, boks, güllə atıcılığı, ağırlıqqaldırma, cüdo, bədii gimnastika, taekvondo və sairə.
Əbülfəs Qarayev: Cənab prezident, əfsuslar olsun ki, bədii gimnastikada bizim əsas idmançımız zədələndi. Amma ehtiyat idmançımız çıxış edib, Azərbaycanı normal təmsil edibdir.
Abbas Abbasov: Cənab prezident, dünən Azərbaycanın dövlət himni səslənəndə Fərid himnimizi oxuyurdu. Namiq Abdullayev də Sidneydə oxumuşdu. Bu dəfə də Fərid onu təkrar etdi.
Fərid Mansurov: Cənab prezident, bu, hər bir idmançının ən böyük arzusudur.
İlham Əliyev: Əlbəttə, ölkənin himni səslənir. Bundan böyük sevinc ola bilməz!

26 avqust 2004-cü il

Xəbər 1055 dəfə oxundu.