Ronaldunun İsraildə qoruması olacaq
Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu İsraildə fərdi qoruma ilə təmin ediləcək. İdman.com.az saytı xəbər verir ki, futbol ulduzunun təşrifinə bir neçə gün qalmışdan İsraildə maraq ən yüksək nöqtəyə qalxıb. İsrail Futbol Federasiyası hətta Ronaldonun fərdi qoruma təminatı üçün əlavə məsrəflərə getməli olub. Bu da bütün Portuqaliya nümayəndə heyətinin onlarla polis və təhlükəsiz xidməti əməkdaşları tərəfindən qorunacağına rəğmən ediləcək.

Federasiya hətta xüsusi xəbərdarlıq edərək fanatları Portuqaliya yığmasının «Ramat-Qan»dakı yeganə məşqinə, eləcə də futbolçuların qalacağı otelə getməkdən daşındırmağa çalışır. Həmin məşq cümə axşamı olacaq. Cümə günü baş tutacaq İsrail – Portuqaliya matçına artıq bütün biletlər satılıb. Polis indi sosial şəbəkələrdə biletlərin 800 dollaradək qiymətə satılması hallarını izləməyə çalışır.

İsrail yığması bir neçə gündür Tel-Əvivdən 20 kilometr şimalda məşqlərə başlayıb. Baş məşqçi Eli Qutman qat-qat üstün rəqibə qarşı üç mərkəz müdafiəçisi, iki dayaq yarımmüdafiəçisi çıxartmağa hazırlaşır. İsrail mətbuatında gedən yazılara görə, yığmanın bəzi oyunçuları məşqçini planladığı 5-3-2 deyil, 4-3-3 sxemi ilə oynamağa çağırırlar.

Xəbər 1103 dəfə oxundu.