Romanov «Harts»ı azarkeşlərə satacaq
Litvalı iş adamı Vladimir Romanov bir qrup azarkeşlə klubun satışı ilə bağlı danışıqlar aparır. Söhbət klubun ona məxsus səhmlər payının alınmasından gedir. Yaxın günlərdə klub danışıqların gedişi ilə bağlı rəsmi bəyanat verməlidi. Mütəşəkkil azarkeşlər qrupunun klubun indiki sahibinə məxsus bütün səhmlərini alması gözlənilir.

İdman.com.az saytı xəbər verir ki, Romanov 2005-ci ildə «Harts»a sahib olmuşdu. Bu müddət ərzində klub iki dəfə Şotlandiya kubokunu qazanıb və çempionatda bir dəfə də olsun altıncı pillədən aşağı enməyib. Azarkeşləri səhmləri Romanovdan almağı hələ ötən ilin noyabrından planlaşdırırdılar. Ancaq o zaman səhmlərin sahibi rədd cavabı vermişdi. Azarkeşlərin narahatlığı bir həftə öncə «Ukio bankas»ın fəaliyyəti məhdudlaşdırıldıqda artdı.

Vergi və maaş verməyən klubun satışı barədə Romanov ilk dəfə 2011-ci ilin sonunda danışıb. Həmin zaman o, komandanı 50 milyon funt dəyərində qiymətləndirmişdi. Eyni zamanda «Harts» tez-tez vergi ödənişlərində çətinlik çəkir, futbolçular maaşlarını vaxtında almırdılar. Şənbə günü klubun sükanına Vladimir Romanovun dövründə 11-ci baş məşqçi Qeri Lokke keçib.

Xəbər 1021 dəfə oxundu.