Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, briqada generalı Coanni Qolanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Prezident sarayında Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, briqada generalı Coanni Qolanı qəbul etmişdir.
Dövlətimizin başçısı mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsinin çox əlamətdar hadisə olduğunu bildirdi.
Son illər ölkəmizin həyatının bütün sahələrində böyük uğurlar qazanıldığını nəzərə çarpdıran prezident İlham Əliyev respublikamızda hərbi idman sahəsində də böyük işlər görüldüyünü, çox əhəmiyyətli yarışların keçirildiyini və idmanın inkişafına daim diqqət və qayğı göstərildiyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, idmanın inkişafı ölkədə həm ümumi inkişafa, həm də gənclərin fiziki-mənəvi hazırlığının daha da möhkəmləndirilməsi işinə xidmət edir.
Cənab Coanni Qola 127 ölkəni əhatə edən Beynəlxalq Hərbi İdman Şurası adından Azərbaycan Prezidenti ilə görüşdən şərəf duyduğunu bildirdi və 28 May - Respublika günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevi təbrik etdi. Qonaq onun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin Beynəlxalq Hərbi İdman Şurası adından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin məzarlarını ehtiramla ziyarət etdiklərini söylədi.
Azərbaycanın qədim tarixə malik olduğunu xatırladan general Coanni Qola ölkəmizdə çox güclü fiziki hazırlığa malik gənc idmançıların yetişdiyini vurğuladı, respublikamızın Beynəlxalq Hərbi İdman Şurasında fəal iştirak etməsindən məmnun qaldığını bildirdi. Azərbaycanda çox böyük əhəmiyyəti olan tədbirlərin keçirildiyini söyləyən qonaq, ölkə idmançılarının Afina Olimpiadasında böyük uğurlar qazandıqlarını vurğuladı və bütün bu nailiyyətləri prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirdi. O, idmanda qazanılan uğurlara, böyük inkişafa və bu sahəyə göstərdiyi dəstəyə görə şəxsən prezident İlham Əliyevə Beynəlxalq Hərbi İdman Şurasının ehtiramını çatdırdı.
Cənab Coanni Qola məlumat verdi ki, Beynəlxalq Hərbi İdman Şurası İcraiyyə və Direktorlar Şurasının toplantısında, bu təşkilatın inkişafına göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti, Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev həmin təşkilatın ən yüksək mükafatı olan Ali ordenlə təltif olunmuşdur. Qonaq yüksək mükafatı dövlətimizin başçısına təqdim etdi.
Bu yüksək mükafata görə minnətdarlığını bildirən prezident İlham Əliyev bundan sonra da ölkəmizdə və regionda idmanın inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.

27 may 2005-ci il

Xəbər 1136 dəfə oxundu.