“İnter” “Qalatasaray”la eyni qrupda
Bakı “İnter”i “The children champion cup Lukoil” turnirinə qatılacaq. Yarışda bank klubunun U-12 komandası iştirak edəcək.

“The children champion cup Lukoil” turniri 2002-ci ildən etibarən keçirilir. Bu turnir UEFA Çempionlar Liqasının uşaqlar üçün analoqudu. Turnir hər il keçirilir və yarışmada İngiltərənin “Çelsi”, Serbiyanın “Partizan”, Rusiyanın ÇSKA (Moskva) və “Spartak”, Ukraynanın “Dinamo”(Kiyev) və “Şaxtyor”, Türkiyənin “Qalatasaray” kimi klubları, o cümlədən digər ölkə komandalarının da iştirak edir.

Bu il turnirdə Avropanın 30 komandasının iştirak edəcəyi gözlənilir. Yarışın reqlamentinə əsasən, bu klublar regional qaydaya uyğun 5 qrupa ayrılacaq. Belə ki, oyunları Moldovanın paytaxında keçiriləcək birinci qrupda Belarus, Ukrayna, Moldova, Macarıstan və Rumıniya klubları çıxış edəcək. Növbəti qrupda Latviya, Estoniya, İsveç, Norveç, Litva və Danimarka klubları mübarizə aparacaq və bu qrupun oyunları Vilnusda baş tutacaq.

Digər qrupda mübarizə Serbiyada aparılacaq və burada Xorvatıstan, İspaniya, Fransa, İtaliya, Yunanıstan və Serbiya komandaları qarşılaşacaq. Çexiyanın Liberets şəhərində keçiriləcək növbəti qrupun iştirakçıları Almaniya, Avstriya, Çexiya, Hollandiya və Slovakiya klubları olacaq. “İnter”in mübarizə aparacağı təsnifat qrupunun oyunları Türkiyənin Antalya şəhərində yerləşən “Mardan” stadionunda baş tutacaq. Artıq “İnter”in bütün rəqiblərinin adları da məlumdur. Belə ki, bu zonada Türkiyənin “Antalyaspor” və “Qalatasaray”, Bolqarıstanın “Levski”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” komandaları mübarizə aparacaq.

Qeyd edək ki, bu altı komanda püşkün köməyilə 2 qrupa ayrılıcaq və bu üçlüyün ən yaxşı komandaları sonradan turnirin final mərhələsinə yeganə vəsiqə uğrunda yarışacaq. Qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar təsəlliedici yerlər uğrunda mübarizə aparacaq.

Turnirin final hissəsi sentyabr ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Bu mərhələdə 6 komanda gücünü sınayacaq. Yarışın məsul siması da “Qızıl top”un sahibi, dünyaşöhrətli bolqarıstanlı futbolçu Xristo Stoiçkov olacaq.

Xəbər 828 dəfə oxundu.