London Olimpiadası günbəgün yaxınlaşır - III yazı
Kanoe/kayak (29 iyul-11 avqust) - 16 medal dəsti

İdmançılarımızın da mübarizə aparacağını güman etdliyimiz yarışlar iki qismə bölünür - sprint (6-11 avqust) və slalom (29 iyul-2 avqust). Kəsəri ilə seçilən slalom mübarizəsinin ilk iki günü yalnız seçmələr olacaq və biletlərin qiyməti, kateqoriyasından asılı olaraq, 20, 30, 45 və 60 funt arasında dəyişəcək. Bu mərhələdə hər alıcıya 20, qalanlarında isə 6 biletdən artıq verilməyəcək. İyulun 31-də kişilərdə təklərin kanoe finalı olacaq. Ertəsi kişilər kayakda qalibi müəyyənləşdirəcəklər. Sonuncu gün kişilərin kanoe cütlükləri, kayakda isə qadınlar mübarizəni yekunlaşdıracaqlar.
Sprint mübarizəsinə də eyni qaydada start veriləcək. İki gün seçmələr olacaq. Azarkeşlərin mübarizəyə marağının qiyməti 20, 40 və 60 funtdur. Bu qiymətlər avqustun 10-da keçiriləcək seçmələrə də aiddir. Həlledici yarışların keçiriləcəyi günlər isə ən ucuz biletin qiyməti 35, bahaları 55 və 95 funt olacaq. Avqustun 8-də kişilər təklərdə kanoe və kayakın, cütlərdə isə kayakın bir kilometrlik məsafəsində, qadınlar dördnəfərlik kayakın 500 metrində fəxri kürsünü bölüşdürəcəklər. Ertəsi qoşaların kanoedə və dördlüyün kayakda kişi mübarizəsi bir kilometrə qədər davam edib, ən yaxşını aşkar edəcək. Qadınlar isə tək və cütlərin kayakını 500 metrə sürərək qalibi aşkarlayacaqlar.
Avqustun 11-də kişilər 3 dəst medal uğrunda kanoenin tək, kayakın isə həm tək, həm cüt sinfində yarışacaqlar. Qadınlar 200 metrdə kayakın qalibini üzə çıxaracaqlar.

Badminton (28 iyul - 5 avqust) - 5 medal dəsti

“Uembli"də 4 gün sübh tezdən gecə yarısınadək yalnız seçmə mərhələ yarışları keçiriləcək. Matçları 20, 35, 50 və 75 funta izləmək olar. Avqustun 1-2-də 1/16-dən yarımfinala qədər olan yolu görmək mümkündür. Bu müddətin azarkeş marağı 30, 45, 65 və 95 funtla hesablanır. Ayın 3-dən medalların sahibləri müəyyənləşməyə başlanacaq. Əvvəlcə, qarışıq qoşaların 3-cü yer uğrunda mübarizəsini son qeyd edilən məbləğə izləmək mümkündür. Final isə elə həmin gün 45, 65, 95 və 150 funta başa gələcək. Sonrakı günlər də qiymətlərdə dəyişiklik olmayacaq. Avqustun 4-də qadınların, ertəsi isə kişilərin tək və qoşa yarışlarının fəxri kürsüsünə aydınlıq gətiriləcək.

Basketbol (28 iyul - 12 avqust) - 2 medal dəsti

Uest Hemdəki Olimpiya parkının basketbol arenası və Çarltonun "Norf Qrinviç" salonunda keçiriləcək yarışlarda 1/4 finala qədər hər gün 6 oyun keçiriləcək. Yarışa qadınlar başlayacaq və meydanı günaşırı kişilərlə dəyişəcəklər. Biletlər bu mərhələdə iki oyunluq olacaq. Qiymətlər, yerindən asılı olaraq 20, 35, 50 və 75 funt arasındadır. Yalnız amerikalı sehrbazların meydana çıxacağı cütlükdə son iki kateqoriyadan olan biletlərin dəyəri 75 və 115 funtdur. Avqustun 7-də qadınların 1/4 finalının dəyəri (iki oyuna bir bilet) 20, 40, 65 və 95 funtdur. Ertəsi kişilərin eyni statuslu yarışında daha bir kateqoriyadan olan bilet satışa çıxarılacaq: 35, 45, 55, 85 və 125 funt sterlinq - ayın 9-da keçiriləcək qadınların yarımfinalı da bu qiymətədir. Avqustun 10-da kişilərin yarımfinalının və 11-də qadınların bürünc medal uğrunda görüşünün arenadan izlənməsinin dəyəri 45 funtdan başlayaraq 65, 95, 110 və 150 funtdur. Avqustun 11-də qadınların finalı və ertəsi kişilərin 3-cü yer uğrunda görüşü tamaşaçıların ailə büdcəsinə, ən çoxu-325, ən azı-50 funt ziyan vuracaq. Digər biletlər 95, 150, 225 funtadır. Bu görüşə qədər bir nəfər 6 bilet ala bilərsə, kişilərin finalına - olimpiya oyunlarının ən çox gözlənilən tamaşalarından birinə bir ələ cəmi 4 bilet veriləcək. Bu dəfə adi kateqoriyadan olan bilet satışa çıxarılmayacaq. Qiyməti 95 funtdan başlayacaq. Ara biletlər 125, 185, 295, ən yaxşıları isə 425 funt sterlinqə olacaq.

Müasir beşnövçülük (11-12 avqust) - 2 medal dəsti

Pyer de Kubertenin ən çox sevdiyi proqram, baha başa gəldiyinə görə praqmatiklərin Oyunların proqramından silib atmağa belə hazır olduğu, lakin olimpizmin ayrılmaz hissəsi, onün ən böyük rəmzi və əbədiyyəti olan beşnövçülük yarışlarının birinci günü kişilər ən yaxşıları müəyyənləşdirəcəklər. 75 funtluq ilk yarışın biletləri cəmi bir, Qrinviç-parkda isə 20 və 35 funta, 2 kateqoriya üzrə satılacaq. Olimpiya parkının həndbol arenasında qılıncoynatma yarışı sonra üzgüçülük mərkəzində davam edəcək, Qrinviç-parkda isə atçılıq və kombinasiya yarışı təşkil olunaraq, mükafatçılar müəyyənləşəcək. Ertəsi eyni qayda üzrə qadınlar ən güclüləri müəyyənləşdirəcəklər. Qiymətlər də dəyişməzdir.

Oxatma (27 iyul - 3 avqust) - 2 medal dəsti

Yarışın iyulun 27-də keçiriləcək təsnifat mərhələsinə giriş pulsuzdur. Amma sonrakı gündən qiymətlər qüvvəyə minəcək. 4 kateqoriyaya bölünmüş biletlər iki cür olacaq: seçmə və final mərhələ üçün. Birinci hissənin dəyəri 20, 30, 45 və 60 funt, medal uğrunda mübarizəni izləmək 30, 45, 65, 95 funtdur. Maraqlıdır ki, seçmə mərhələlərə bir nəfər 20 bilet də ala bilər. Finallar üçünsə cəmi 6 nəfərin giriş payına sahib çıxmaq olar.
Qeyd edək ki, bu turnirdə mübarizə əvvəlcə komanda hesabında (28 iyul - kişilər və 29 iyul - qadınlar) aparılacaq və yarış 1/8 finaldan start götürəcək. İyulun 30-dan, 1/32 finaldan başlamaqla, fərdi turnirlər oynanılacaq və seçmələr avqustun 2-dək davam edəcək. Ayın 2-də qadınlar, ertəsi kişilər olimpiya fəxri kürsüsünə yüksələnləri müəyyən edəcəklər.

Xəbər 1102 dəfə oxundu.