Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Otüstü Hokkey Federasiyasının rəhbərlərini, “Atasport” hokkey komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev iyulun 15-də MOK-un binasında Otüstü Hokkey Federasiyasının rəhbərlərini, Avropa çempionları kuboku yarışlarında ikinci yeri tutmuş qadınlardan ibarət “Atasport” hokkey komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir.
Prezident İlham ƏIiyev görüş iştirakçılarını salamlayaraq dedi ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Çox şadam ki, idmanın komanda növləri də ölkəmizdə inkişaf edir. Azərbaycanda otüstü hokkey keçmişdə çox məşhur idi, amma sonra bu, bir növ unuduldu. Federasiyaya yeni rəhbərlik gələndən sonra dönüş yarandı. Otüstü hokkey çox sürətlə inkişaf edir və komandamız çempionlar liqasının klubları arasında ikinci yeri tutdu. Bu, böyük nailiyyətdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Nəzərə alaq ki, komandanın tərkibində başqa ölkələrin nümayəndələri var və onların bəziləri, bəlkə də hamısı Azərbaycan dilini bilmir. Ona görə mən söhbətimi rus dilində davam edirəm. Bilirəm, Azərbaycan dilini hələlik heç də hamı başa düşmür. Amma ümidvaram ki, öyrənəcəklər.
Sizi böyük nailiyyətlə, böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Çempionlar liqasında ikinci yeri tutmaq böyük nailiyyətdir. Komanda çox yaxşı oynayır, böyük uğurlar qazanır, klub da yüksək səviyyədə çıxış edir. Yaxşı şərait yaradılır, yaxşı stadion var, məşqlər keçirilir. Bir sözlə, idmanla məşğul olmaq və idmanın bu növünü inkişaf etdirmək üçün hər cür şərait mövcuddur. Azərbaycanda otüstü hokkeyin böyük ənənələri var. Hələ 20-30 il əvvəl komandamızın SSRİ çempionatında necə çıxış etdiyini xatırlayıram. O vaxt mən idmanla məşğul olur, hər şeylə maraqlanır, yarışlara gedirdim. Düzdür, futbol komandasına azarkeşlik etdiyim kimi azarkeşlik etmirdim. Çünki otüstü hokkeyin qaydalarını çox da dəqiq bilmirdim. Buna baxmayaraq, yadımdadır ki, komandamız pis oynamırdı. Bu, xoş idi, çünki idmanın bu növü bizdə ənənəvi növlərdən deyildi. Lakin sonra iş elə gətirdi ki, idmanın bu növü də, komandalar da, əslində, olmadı. Olsa da, az idi. Lakin federasiya möhkəmləndikdən, yeni rəhbərlik gəldikdən sonra vəziyyət dəyişdi. Xatirimdədir, iki-üç il əvvəl Beynəlxalq Otüstü Hokkey Federasiyasının prezidenti buraya gəlmişdi. Biz onunla görüşdük. Dedi ki, Azərbaycanı xaricdə necə yaxşı komanda, necə gözəl qızlar təmsil edirlər, qələbələr qazanırlar. Mən sizi təbrik edirəm, sizə yeni-yeni uğurlar arzulayıram.
Otüstü Hokkey Federasiyasının prezidenti Fazil Məmmədov, vaxt ayırıb onları qəbul etdiyi üçün dövlətimizin başçısına təşəkkür etdi, qadınlardan ibarət yığma komandanın 2002-ci ildən bəri qazandığı nailiyyətlər barədə məlumat verdi. O dedi ki, cənab prezident, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş idmana dövlət qayğısının Sizin Milli Olimpiya Komitəsinə prezident seçilməyinizdən sonra ciddi şəkildə davam etdirilməsi Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən otüstü hokkeyin inkişafına güclü təsir göstərmişdir. “Atasport” klubu 2005-ci ilin mayında Hollandiyada qitənin 8 ən güclü klubu ilə qarşılaşdı və ikinci yeri tutdu.
Komandamız təkcə bu ölkənin “Den Boş” klubuna uduzmuşdur. Həmin klub 24 dəfə çempion olmuşdur.
Bu ilin sentyabrında Bakıda qadınlar arasında Avropa milli komandalarının növbəti çempionatı keçiriləcəkdir. Burada dünya çempionatına və olimpiya oyunlarına vəsiqə qazanılacaqdır. Komandamız bu yarışa ciddi hazırlaşır. Çalışacağıq ki, bütün ümidləri doğruldaq. Biz bu idman növünün bazasını da yaradırıq. 21 yaşlı qızlarımız Sloveniyada keçirilən qitə birinciliyində gümüş medal qazanmışlar. Azərbaycanda 13 qadın, 6 kişi komandası var və bunlar bütün regionları əhatə edir. 9 idman məktəbi açılıbdır.
Federasiyanın prezidenti Bakıda keçiriləcək yarışa hazırlıq barədə də məlumat verdi, Amerika şirkəti tərəfindən stadionun süni örtüyünün dəyişdiriləcəyini bildirərək, ölkə prezidentina xitabən vurğuladı ki, bizə göstərdiyiniz qayğıya cavab olaraq, qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlməyə çalışacağıq.
Dövlətimizin başçısı İlham Əliyev dedi ki, otüstü hokkeyin geniş yayılması onu göstərir ki, Azərbaycanda istənilən idman növü inkişaf edə bilər. Yenə deyirəm, Azərbaycanda son illərə qədər otüstü hokkey faktiki olaraq yox idi. Amma qısa müddət ərzində görün hansı səviyyəyə gəlib çıxıblar, çempionlar liqasında 2-ci olublar. Yığma komanda da yaxşı nəticə göstərir. Azərbaycanın müxtəlif yerlərində də bu növə maraq var. Əvvəllər, yəni Sovet İttifaqı vaxtında kişilər oynamırdı, komanda yox idi. Sumqayıtda bir komanda var idi. Amma indi çoxalıbdır. Komanda idman növlərində qadınlar kişilərdən bir az güclüdürlər.
“Atasport” komandasının kapitanı Zeynəb Nuriyeva prezident İlham Əliyevə otüstü hokkey ağacı, top və xatirə hədiyyəsi təqdim etdi.
Dövlətimizin başçısı adından komanda üzvlərinə və məşqçilərə hədiyyələr təqdim olundu.

15 iyul 2005-ci il

Xəbər 1117 dəfə oxundu.