Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Basketbol Federasiyasının rəhbərlərini, milli basketbol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin başçısı İlham Əliyev iyulun 15-də MOK-un binasında Basketbol Federasiyasının rəhbərlərini, İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarında qızıl medal qazanmış milli basketbol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir.
Prezident İlham Əliyev dedi ki, çox şadam ki, bütün idman növləri sürətlə inkişaf edir və Azərbaycan üçün o qədər də ənənəvi olmayan növlər indi ölkəmizdə həm çox populyardır, həm də idmançılar gözəl nəticələr göstərirlər. Basketbol Azərbaycanda keçmişdə, Sovet İttifaqı zamanında o qədər də geniş yayılan idman növü olmamışdır. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra basketbol demək olar ki, sıfır səviyyəsində idi. Ancaq son beş ildir ki, federasiyaya yeni prezident seçiləndən sonra gözəl nəticələr əldə olunur. Federasiya möhkəmlənib, məşhur olimpiya çempionu məşqçi gətirilib, məşqlər üçün şərait var və nəticələr də özünü göstərir.
İlk dəfə keçirilən İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarında Azərbaycan basketbolçuları birinci yeri tutublar, çempion olublar. 60-a yaxın ölkənin iştirak etdiyi yarışlarda birinci yeri tutmaq böyük nailiyyətdir. Mən bu münasibətlə sizi təbrik edirəm və arzu edirəm ki, həmişə Azərbaycanın idman şöhrətini belə yüksək saxlayasınız.
Bilirəm ki, artıq Azərbaycanda klublar da öz səviyyələrini qaldırırlar. Xaricdən idmançılar gətirilir. Bu da çox vacibdir. Çünki həmin idman növünü inkişaf etdirmək üçün indiki mərhələdə bu lazımdır. Amma çox sevinirəm ki, bizim milli komandamız birinci yeri tuta bilibdir. Ona görə, sizin hamınızı - federasiyanı, məşqçiləri, idmançıları təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da bütün yarışlarda gözəl nəticə göstərəsiniz.
Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov dövlətimizin başçısına idmançılar adından minnətdarlığını bildirərək dedi ki, 60 komandadan 32-nin islam dünyasının zəngin neft ölkələrinin milli komandaları olduğunu nəzərə alsaq, qazandığımız yer daha üstündür. Bu qələbə idmanın şəxsən Sizin qayğınız sayəsində möhkəm təməl üzərində inkişafının nəticəsidir.
Federasiyanın rəhbəri 1997-ci ildən bəri idmanda baş vermiş yüksəlişdən, Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Basketbol Federasiyasının birgə fəaliyyətindən danışdı. Prezident İlham Əliyevin baş məşqçi Rimas Kurtinaytislə ilk görüşünü xatırladaraq dedi ki, o, məhz Sizin sayənizdə Azərbaycana gəlmişdir. Biz bundan sonra da çalışacaq, yeni qələbələr qazanacaq, ölkəmizin idman şərəfini daim ucaldacağıq.
Nadir Nəsibov basketbolçular adından prezident İlham Əliyevə qızıl medal təqdim etdi.
Dövlətimizin başçısı böyük qələbə münasibətilə onları bir daha təbrik etdi və dedi ki, ilk dəfə keçirilən bu yarışlar islam ölkələrinin olimpiya oyunlarıdır. Gələcəkdə dörd ildə bir dəfə keçiriləcəkdir. Sizin qələbəniz tarixi qələbədir. Artıq İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarının tarixinə yazılıbdır ki, basketbol yarışlarında ilk çempion Azərbaycan komandası oldu.
Dediniz ki, islam ölkələri arasında Azərbaycandan maddi cəhətdən qat-qat zəngin ölkələr var. Bilirəm ki, o ölkələrin bəzilərində xarici idmançılar da var, onları cəlb edirlər, bəzi hallarda onların adlarını da dəyişirlər, vətəndaşlıq verirlər, yəni komandaları gücləndirirlər. Ona görə bu qələbə bizim üçün daha önəmlidir, əzizdir. Bilirəm, mübarizə də çox gərgin idi. Çox şadam ki, basketbolçularımız belə gözəl nəticələr göstərirlər.
Mən xatırlayıram, Rimas Kurtinaytis buraya gələndə biz hamımız çox istəyirdik ki, basketbolda bir yenilik, dönüş yaransın, bu idman növü inkişaf etməyə başlasın. O vaxt artıq voleybolçu qızlarımız ilk uğurlarını göstərməyə başlamışdılar. Ona görə çox istəyirdik ki, bu, digər idman növlərində də müşahidə olunsun. İndi Azərbaycanda basketbol yüksək səviyyəyə qalxıbdır. Mən bu gün voleybolçu qızlarla da görüşəcəyəm. Bundan əvvəl “Atasport” otüstü hokkey komandası ilə də görüşdüm. Onlar çempionlar liqasında 2-ci yer tutublar. Bu da böyük nailiyyətdir.
Bir də deyirəm, bu onu göstərir ki, əgər istənilən növdə təşkilatçılıq məsələləri öz həllini tapırsa, idmana, idmançılara qayğı lazımi səviyyədədirsə, təlim-məşq toplanışları vaxtlı-vaxtında keçirilirsə, yaxşı məşqçi varsa, federasiya yaxşı işləyirsə, idmana rəhbərlik edən bütün qurumlar birgə işləyirsə nəticə də olacaqdır. Bu nəticəni əldə etmək üçün vaxt lazımdır. Hardasa, bəlkə 3-4 il lazımdır. Mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bütün idman növlərində baş vermiş hadisələri çox yaxşı bilirəm, bütün güclü idmançıları şəxsən tanıyıram və görürəm ki, 3, 4, hətta 5 il lazımdır ki, bir irəliləyiş olsun. Bu, basketbolda da var. Artıq bu meyl yaranıbdır. Əminəm ki, bundan sonra inkişaf daha sürətlə gedəcək, gənclər basketbol bölmələrinə daha həvəslə gedəcəklər və bizim ölkəmiz daha yaxşı tanınacaqdır.
Basketbol dünyada ən populyar idman növlərindən biridir. Şəxsən özüm idmanla məşğul olan bir adam kimi və idman həvəskarı olduğum üçün, idman yarışlarını izləyirəm. Əlbəttə, maraq baxımından futbol ilk yerdədir. Amma ondan sonra maraqla izlədiyimiz idman növü həqiqətən basketboldur.
Bir daha bildirmək istəyirəm ki, artıq bu, tarixdir. Təkcə islam dünyası deyil, bütün dünya bunu bilir ki, Azərbaycan İslam Ölkələrinin Birinci Həmrəylik Oyunlarının qalibidir. Mən çox razıyam. Bu nəticəni görəndə adamın ürəyi açılır. Sizi bir daha təbrik edirəm, yaxşı idmançılarsınız, gəncsiniz, yaxşı gələcəyiniz var. Artıq belə gənc yaşlarınızda çempion tituluna malik olmusunuz. Əminəm ki, gələcəkdə də yaxşı çıxış edəcəksiniz.
Azərbaycan Prezidenti İlham Əliyev basketbolçularla səmimi görüşdü, onları bir daha təbrik etdi. Prezidentin adından komandanın üzvlərinə və məşqçilərə hədiyyələr təqdim olundu.

15 iyul 2005-ci il

Xəbər 1154 dəfə oxundu.