Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti, MOK rəhbəri İlham Əliyev avqustun 5-də Prezident sarayında Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettini qəbul etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiyini bildirən cənab Rafael Martinetti, Azərbaycanda idman sahəsində böyük işlər görüldüyünü söylədi. Azərbaycanın özünün ikinci ölkəsi olduğunu vurğulayan qonaq, 2007-ci ildə Bakıda keçiriləcək sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlıq işləri ilə tanış olduğunu və bu çempionatın böyük müvəffəqiyyətlə keçəcəyinə əminliyini bildirdi.
Azərbaycanda idman sahəsində böyük işlər görüldüyünü diqqətə çatdıran prezident İlham Əliyev Beynəlxalq Voleybol Federasiyasının Qran-pri turnirinin Avropa təsnifat mərhələsi yarışlarının Azərbaycanda, xüsusilə Qubadakı Olimpiya İdman Kompleksində keçirilməsinin böyük əhəmiyyət daşıdığını və bu yarışların ölkəmizdə, o cümlədən regionlarda idmanın inkişafına böyük töhfə verdiyini bildirdi.
2007-ci ildə Bakıda keçiriləcək sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına böyük hazırlıq işləri görüldüyünü xüsusi qeyd edən dövlətimizin başçısı bunun Azərbaycanda keçiriləcək ilk dünya çempionatı olacağını məmnunluqla vurğuladı. Bu il oktyabrın 3-9-da bədii gimnastika üzrə dünya çempionatının da Bakıda keçiriləcəyini xatırladan prezident İlham Əliyev bu beynəlxalq idman yarışlarının ölkəmizdə təşkilini Azərbaycanın idman sahəsində böyük uğurlar qazanmasının təzahürü kimi qiymətləndirdi.

5 avqust 2005-ci il

Xəbər 1061 dəfə oxundu.