Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Neftçi” futbol klubunun rəhbərlərini və üzvlərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Prezident sarayında Moskvada keçirilmiş “Birlik Kuboku” uğrunda turnirin qalibi “Neftçi” futbol klubunun rəhbərlərini və üzvlərini qəbul etmişdir.
Prezident İlham Əliyev Moskva turnirində uğurlu çıxışlarına görə futbolçuları təbrik edərək dedi:
- Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Yanvarın 22-də Moskva şəhərində Azərbaycanın “Neftçi” komandası öz gözəl mübarizə əzmini göstərərək, “Birlik Kuboku”nun sahibi oldu. Bu, çox böyük nailiyyətdir, böyük qələbədir və Vətənimizin futbolçularının belə mötəbər yarışlarda yeni uğurudur. Onlar ən yüksək kürsüyə qalxdılar və builki kubok artıq Azərbaycandadır, Bakıdadır. Mən sizin hamınızı bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Futbolçuları, onların məşqçilərini, federasiyanı, “Neftçi” klubunu - bütün idman ictimaiyyətini bu münasibətlə təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman çox yüksək səviyyədədir və onun müxtəlif növləri sürətlə inkişaf edir.
Azərbaycanın ictimaiyyəti, idman azarkeşləri bütün bu qələbələrə sevinirlər. Son zamanlar Azərbaycan futbolunda da böyük dəyişikliklərin baş verməsi çox önəmli hadisədir. Son 10 il ərzində Azərbaycanda, demək olar ki, idmanın bütün növləri çox sürətlə inkişaf etməyə başlamış və bizim idmançılarımız bütün beynəlxalq yarışlarda yüksək nəticələr göstərmişlər.
Keçən ilin sonunda mən idman ictimaiyyəti ilə görüşərkən bu barədə öz fikirlərimi dedim. Müxtəlif yarışlarda - dünya və Avropa çempionatlarında, eləcə də Azərbaycanda keçirilmiş dünya çempionatlarında yüzlərlə medal qazanmışlar. Bu onu göstərir ki, Azərbaycan sözün əsl mənasında idman dövlətidir.
Ancaq bilirsiniz ki, uzun illərdir futbolda böhran yaşanırdı. Futbolda vəziyyət o qədər də ürəkaçan deyildi. Amma hamımız bilirik ki, futbol dünyanın ən populyar idman növüdür. Biz hamımız çox istəyirik ki, futbolda da dönüş yaransın və bizim azarkeşlərimiz sevinsinlər, qələbə onları sevindirsin. Mən deyə bilərəm ki, son illər ərzində bu sahədə də müsbət nəticələr var. Azərbaycan Futbol Federasiyası möhkəmlənir və indi uğurlu fəaliyyət göstərir. Eyni zamanda, klublar çox yaxşı təşkil olunubdur. Bilirəm ki, müxtəlif klublarda çox gözəl proseslər gedir. Təlim-məşq toplanışlarının səviyyəsi qalxıb, futbolçularımızın şəraiti yaxşılaşıb və ölkə çempionatının səviyyəsi qalxıbdır. Bütün bunlar imkan verir ki, futbolda yaxşı nəticələr göstərilsin. “Neftçi”nin qələbəsi buna parlaq nümunədir.
Əlbəttə, bu, görülən işlərin nəticəsidir. Hər bir nəticəni əldə etmək, yüksək zirvəyə qalxmaq üçün, əlbəttə, çox böyük hazırlıq işləri aparılmalıdır. Yanvarın 22-də final yarışında futbolçularımız həm çox böyük peşəkarlıq, həm böyük vətənpərvərlik, həm də istedad göstərərək bu kuboku qazandılar. Ondan əvvəlki mərhələdə, yarımfinal görüşündə çox vacib idi ki, rəqiblərimiz Ermənistan komandası olsun. Ancaq onlar bu oyundan qaçdılar, turniri tərk etdilər və deyə bilərəm ki, bizim futbolçularımızdan qorxaraq, biabırcasına vətənə döndülər. Bu hərəkətin çox böyük əks-sədası olmuşdur. Mən bu hadisəni beynəlxalq mətbuat orqanlarında da izləmişəm. Bu, bütün idmansevərlərdə hiddət hissi doğurdu. Çünki bir var meydançada uduzmaq, bir də var ki, qorxub qaçmaq.
Mənim xatirimdədir, bir il bundan əvvəl biz sizinlə görüşmüşdük. O vaxt da “Neftçi” qələbəyə çox yaxın idi. Final yarışında məğlub olmuşdu. Ancaq ondan əvvəlki mərhələdə Ermənistanın həmin o komandasına çox inamlı zərbə endirmişdi, qələbə qazanmışdı və bizim hamımızın böyük bayramı idi. Bu gün ikiqat bayramdır. Çünki bir tərəfdən, biz öz üstünlüyümüzü rəqiblərimizə yenidən göstərdik, digər tərəfdən, bununla bərabər, kuboku da əldə etdik. Bu, böyük nəticədir. Bu, həm böyük idman nailiyyətidir, eyni zamanda sirr deyil ki, ölkəmiz üçün də böyük nailiyyətdir, bizim qələbəmizdir. Mən ümid edirəm ki, biz bütün sahələrdə bu qələbələri davam etdirəcəyik.
Bu gün Azərbaycan bütün sahələrdə öz üstünlüyünü nümayiş etdirir. İstər siyasi proseslərdə, iqtisadi inkişafda, ordu quruculuğunda, istərsə də cavanlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunmasında, idmanda - bütün sahələrdə.
İdman hər bir cəmiyyətin çox önəmli bir amilidir, sahəsidir. Ölkənin imicini formalaşdıran vasitədir. Gənc nəslin fiziki hazırlığına böyük dəstəkdir. İnsanlarımızın, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Eyni zamanda, insanları həm fiziki, həm də mənəvi cəhətdən gücləndirir. Məhz ona görə dünyada idman tədbirlərinə böyük maraq var.
Olimpiya oyunları, dünya çempionatları - burada həm idmançılar, həm də ölkələr bir-birilə sözün yaxşı mənasında rəqabət aparırlar. Azərbaycan da bu istiqamətdə qabaqcıl yerlərdədir. Həm olimpiya oyunlarında, həm də digər yarışlarda, müxtəlif turnirlərdə idmançılarımız Azərbaycanın idman şöhrətini həmişə uca tuturlar. Sizin qələbəniz bir də onu göstərir ki, ölkəmiz nəyə qadirdir. Hər bir qələbə, hər bir nailiyyət bizi sevindirir və Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir. Mən buna görə sizi bir daha ürəkdən təbrik edirəm. Arzu edirəm ki, ölkəmizi bundan sonra da müxtəlif yarışlarda ləyaqətlə təmsil edəsiniz və Azərbaycanın bayrağını həmişə uca tutasınız.

* * *
“Neftçi” klubunun prezidenti Rövnəq Abdullayev turnir günlərində və ümumiyyətlə, Azərbaycan futbolunun inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi ki, möhtərəm prezident, qazanılan bu qələbə, komandanın bu uğuru ilk növbədə, Sizin uğurunuzdur. Sizin apardığınız daxili, xarici siyasətin, idmana qayğınızın nəticəsidir. Mən Sizin sözlərinizi komandaya çatdırdım. Sizin onlara uğurlar diləmənizi futbolçulara çatdırdım və gördünüz ki, onlar nə cür oyun göstərdilər. İcazə verin, ilk növbədə, bu çempionatın medalını Sizə təqdim edək. Çünki bu, Sizin qələbənizdir.
“Neftçi” komandasının baş məşqçisi Ağasəlim Mircavadov komandanın uğurunu ölkəmizdə idmana dövlət qayğısının nümunəsi kimi dəyərləndirərək dedi ki, bu qələbə bütün Azərbaycana, hamımıza lazım idi, bizim futbolumuza lazım idi. Cənab prezident, bu qələbə Sizin əməyinizin sayəsində mümkün olmuşdur. Siz bu yaxınlarda futbolun inkişafı ilə bağlı onillik proqramı imzalamısınız. Bu bizi, mütəxəssisləri həddindən artıq sevindirir. Biz də əlimizdən gələni edəcəyik ki, Azərbaycan futbolu Sizin sayənizdə inkişaf etsin, yüksəlsin, Avropada öz sözünü desin. Sizə öz minnətdarlığımızı bildiririk. “Neftçi”nin yaxşı qələbələri hələ qabaqdadır.
İlham Əliyev: Hərtərəfli, müfəssəl proqram qəbul edilibdir. Ümid edirəm ki, bu proqramın icrası uğurlu olacaq və futbol çox sürətlə inkişaf edəcəkdir. Bizim beynəlxalq qurumlarla da əlaqələrimiz çox yüksək səviyyədədir. Mən xatırlayıram, FİFA-nın prezidenti Azərbaycana gəlmişdi, onunla görüşmüşdüm. Beynəlxalq əlaqələrin möhkəmlənməsi də çox vacibdir. Eyni zamanda, biz uşaq futboluna, yeniyetmə futboluna çox böyük diqqət göstərməliyik ki, Azərbaycanda peşəkar futbolçular yetişdirək. Bu olmasa, futbolun inkişafı çətinləşəcəkdir.
Mən bilirəm ki, “Neftçi”nin tərkibində xaricdən gələn oyunçular da var. Bu da çox önəmli bir məsələdir. Onların təcrübəsi, peşəkarlığı bizim futbolumuza müsbət təsir göstərir. Ancaq eyni zamanda, biz gərək yerli kadrları da hazırlayaq və bu baxımdan uşaq futboluna böyük diqqət göstərilməlidir.
İndi biz baxırıq, müşahidə edirik, izləyirik. Futbol bütün dünyada inkişaf edir. Elə ölkələr var ki, futbol keçmişdə onlarda o qədər də məşhur deyildi. Dünyada futbol ölkələri var, onlarda futbol ənənəvi olaraq həmişə güclü olubdur. Amma son illər ərzində baxırsan, elə ölkələr var ki, əvvəllər futbol orada heç o qədər də tanınmırdı, indi isə yaxşı futbolçular yetişir. Nəyə görə, nəyin hesabına? İlk növbədə, məhz uşaq və yeniyetmə futbolunun inkişafı hesabına, işin düzgün qurulmasının hesabına. Biz Azərbaycanda da buna böyük diqqət göstərməliyik. Məsələn, bugünkü uşaq, yeniyetmə 5-6-7 ildən sonra gözəl idmançıya çevriləcəkdir.
Mən xatırlayıram, məsələn, biz 7-8 il bundan əvvəl başqa idman növlərində yeniyetmələrin turnirlərinin keçirilməsində böyük işlər görmüşük. Beynəlxalq tədbirlər keçirmişik. O tədbirlərdə, turnirlərdə qələbə qazanmış uşaqlar indi istər güləşdə, istər boksda, istərsə də başqa idman növlərində bizim əsas yığma komandalarımızda iştirak edirlər. Yəni bu, futbolda da çox sürətlə getməlidir. Düzdür, bunu etmək üçün böyük vəsait lazımdır. Futbol elə bir idman növüdür ki, burada böyük dövlət dəstəyi də lazımdır. Proqramın qəbul olunması da məhz bu məqsədi güdür. Dövlət öz dəstəyini göstərəcək, nazirlik, federasiya, klublar və futbol mütəxəssisləri də səmərəli işləməlidirlər. Məhz belə bir həmrəylik şəraitində biz daha böyük uğurlara nail ola bilərik.
Mən ümid edirəm ki, gələcəkdə bizim yığma komandamız da daha yaxşı nəticələr göstərəcək və Azərbaycanın futbol şöhrəti daha da yüksəklərə qalxacaqdır. Mən buna şübhə etmirəm və bu işdə sizin hamınıza uğurlar arzulayıram.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Ramiz Mirzəyev vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə çoxsaylı idman komplekslərinin və qurğularının yaradılmasının bu gün idmanımızın inkişafına güclü təkan verdiyini xatırlatdı. Son illər ölkəmizdə futbolun populyarlaşması üçün görülən genişmiqyaslı işlərin beynəlxalq futbol təşkilatlarının da diqqətini cəlb etdiyini vurğuladı və dedi ki, cənab prezident, futbolun inkişafı ilə bağlı Sizin tərəfinizdən qəbul edilmiş onillik Dövlət Proqramını futbolsevərlər və ictimaiyyət çox böyük rəğbətlə qarşılamışdır. UEFA-nın və FİFA-nın rəhbərliyi, nümayəndələri Azərbaycanda olduqları dövrdə - keçən ilin axırlarında UEFA-nın baş katibi Azərbaycanda idi - bu sahədə gedən işləri bəyənərək, UEFA-nın İcraiyyə Komitəsinin iclasında Balkan ölkələrinə Azərbaycanda dövlətin bu sahəyə göstərdiyi diqqəti nümunə kimi göstərmiş və təqdirəlayiq hesab etmişdir.
Bu il yanvarın 14-15-də Moskvada FİFA-nın prezidenti Blatter ilə olan təkbətək görüşdə də ona bu barədə məlumatlar verildi. Yəni artıq Azərbaycanda beynəlxalq standartlara cavab verən stadionların tikintisi, mini futbol meydançalarının tikintisi, UEFA-nın het-trik proqramı üzrə Azərbaycana ayrılmış 1 milyon dollar vəsaitə tikilən süni örtüklü meydançalar haqqında, eyni zamanda, AFFA-nın ofis binasının tikintisi barədə və digər sahələrdə dövlətin göstərdiyi qayğı haqqında məlumat verilmişdir. O bunu çox bəyənmiş və Azərbaycana səfərini yada salaraq, bir daha məmnun və razı qaldığını bildirmiş və onun salamlarını şəxsən Sizə çatdırmağı xahiş etmişdir.

* * *
Sonra Azərbaycan Prezidentinə “Neftçi” klubu adından xatirə hədiyyələri - komandanın geyim forması, top, eləcə də “Birlik Kuboku” təqdim olundu.
Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

24 yanvar 2006-cı il

Xəbər 1235 dəfə oxundu.