Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Gənclərə Qayğı Baş Sədrliyinin birinci vitse-prezidenti Şahzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləzizi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığı Gənclərə Qayğı Baş Sədrliyinin birinci vitse-prezidenti Şahzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləzizi qəbul etmişdir.
Qonaq İki Müqəddəs Məscidin xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdulla bin Əbdüləziz Əl Səudun və Vəliəhd Sultan bin Əbdüləziz Əl Səudun salamlarını dövlətimizin başçısı İlham Əliyevə çatdırdı. O, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu qeyd etdi.
Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayan Şahzadə Əmir Nəvvaf bin Feysəl dövlətimizin başçısı İlham Əliyevin Olimpiya Komitəsinə rəhbərlik etməsinin böyük əhəmiyyəti olduğunu bildirdi. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayan qonaq əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.
Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırladan prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etdiyini nəzərə çarpdırdı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, ölkələrimizin əlaqələri bundan sonra da genişlənəcəkdir.
Dövlətimizin başçısı Kralın və Vəliəhdin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İki Müqəddəs Məscidin xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdulla bin Əbdüləziz Əl Səuda və Vəliəhd Sultan bin Əbdüləziz Əl Səuda çatdırmağı xahiş etdi.

1 iyun 2006-cı il

Xəbər 1023 dəfə oxundu.