71 günlük mübarizənin astanasında
Bu gün milli futbol çempionatının həlledici mərhələsi aşağı altılıqda keçirilən bir oyunla start götürüb. İdman.com.az saytı xəbər verir ki, 10-turluq mübarizənin ilk qarşılaşmaları isə bu gün keçiriləcək. Ümumiyytlə, 71 günlük mübarizənin yekununda həm ölkə çempionu və medalçılar, həm Avropa kuboklarının iştirakçıları, həm də aşağı dəstəyə keçəcək komanda ilə pley-off iştirakçısı məlum olacaq və qeyri-adi heç nə baş verməsə, çempionatın bütün məram və məqsədlərinə may ayının 20-nə qədər aydınlıq gətiriləcək.

Əlbəttə, əsas diqqət yuxarı altılıqdakı mübarizəyə yönəlib. Burada çempionluq uğrunda, nəzəri olaraq, 6, real baxdıqda, 3 komanda mübarizə aparır. Gücünə, imkanlarına, hazırlıq səviyyəsinə görə, lider üçlük digər opponentlərdən xeyli üstündür. Komandalar orta Avropa səviyyəsi ilə müqayisədə zəif görünsələr də, üz-üzə gələcəkləri rəqiblərdən daha mütəşəkkil oyunla seçilirlər. Lakin bu mərhələnin yazılmayan bir qanunu da var: altılıqda yer alan ilk baxışda iddiasız komandalar prinsipiallıq göstərdikdə, təkcə, detonator rolu oynamayaraq, həm də finiş ərəfəsində liderləri müvazinətdən çıxarıb, müəyyən şans da əldə edə bilirlər. O da həqiqətdir ki, indiyə qədər keçirilən altılıq prinsipli yarışlarda, hələ ki, belə sensasiya qeydə alınmayıb və yarışlar qanunauyğunluqla başa çatıb. O illərlə müqayisədə budəfəki heç istisna deyil. Həm də altılıqlarda uçurum da aşkar hiss olunur.

Kubok uğrunda mübarizəni də əlavə etsək, qarşıda 71 deyil, 78 günlük rəqabət bütün notları yerbəyer edəcək. Çünki bu yarış da Avropa kuboklarına vəsiqə uğrunda mübarizədə həlledici rol oynayır və bəzən komandalar məhz bu yarışdan təzyiq vasitəsi kimi istifadə edə bilirlər.
Kubok yarışında «Xəzər Lənkəran»ın da yer alması rəqabəti altılıq səviyyəsindən yeddiliyə qaldırmış olur. Bu da əlavə maraq mənbəyi kimi diqqəti çəkir. Söz yox ki, cənublular bu virtual rəqabətdə müəyyən üstünlüyə malikdirlər. Çünki onlar çempionatda daha çox hazırlıq tipli oyunlara çıxacaqlar. Komandanı yalnız rəqiblərə sayğısızlıq büdrədə bilər. Digər rəqiblər isə gərgin qrafiklə çalışmalı olacaqlar.
Əsl idman prinsipləri ilə meydan mübarizəsi olarsa və komandalar qruplaşmalara yol verməsələr, əlbəttə, bu böyük yarışda daha çox psixoloji hazırlığı olan komandalar üstünlük əldə edəcəklər.

Klubların yarış dövründə qüvvələrini düzgün bölüb, dürüst strateji plan cızmasının da əhəmiyyəti danılmazdır. Bunun üçün dəqiq hesablamalar aparılmalıdır. Bu əyani və qiyabi rəqabətdə hətta digər klubların strateji imkanları da çözülməlidir. Amma bu gün bütün bunlar daha çox ilk üçlükdə yer alan komanda üçün vacibdir. Müqayisəli təhlil apardıqda, «İnter»in çempion olmaq üçün daha böyük qüvvə ilə çalışması aşkardır. Çünki komanda ölkə kubokundan vurulub çıxarıldıqdan sonra yalnız bir məqsədlə yarışacaq. Klubun Avropa miqyaslı yarışda iştirakı üçün qapılar yalnız çempionatda açılacaq. Deməli, «beynəlmiləlçilər» üçün hər oyun «son döyüş» effekti ilə keçəcək.

Amma «Qarabağ»la «Neftçi» üçün də bu məsələ heç də sonuncu deyil. Çünki kubokun yarımfinalında komandalar bir-biri ilə qarşılaşırlar və uduzan tərəf hər şeyi itirə bilər. Elə buna görə də onların çempionatdan əl çəkməsi inandırıcı görünmür. «Neftçi» çempion imici, «Qarabağ» isə uzun illərin həsrətinə son qoymaq üçün çalışmalıdır. Hər iki komanda üçün kubok yarışı ikinci dərəcəli də ola bilər. Bu səbəbdən, iki vəzifə çempionluq və çempionat yolu ilə Avrokuboka vəsiqə qazanmaq ideyası daha güclü səbəb kimi görünür.

Aşağı altılıqda dünənki nəticəni bir qədər sensasiyaya yaxın saymaq olar. Sumqayıt təmsilçisi prinsipial rəqiblərindən birini böyük hesabla məğlub etməklə pley-offa qalmamaq üçün ilk ciddi ismarıcını yollayıb. Əlbəttə, bir oyunla yekun fikir söyləmək olmaz. Qarşıda hələ gərgin rəqabət dövrü olacaq. Bununla belə, «Kəpəz»in son pillədə möhkəmlənməsi tezliklə ən vacib sualın çözüləcəyinə işarədir. Pley-off matçında isə qalan klublardan hər biri daha üstün vəziyyətdə olacaq. Söz yox ki, bütün bunlar, sadəcə, hesablamalardır. Çünki mövsümün sonunda aşağı dəstədən hər hansısa komandanın elitya çıxıb-çıxmayacağı bəlli deyil. Buna görə də, hələ «Kəpəz»in də şansları üzərindən xətt çəkmək olmaz. Yəqin ki, finişə doğru bu məsələyə də aydınlıq gələcək.

Bir sözlə, əsas mübarizənin astanasında hələlik suallar və həllini gözləyən məsələlər daha çoxdur. Amma bir-birini təqib edən və «əriyən» turlar rəqabəti kəskinləşdirməklə yanaşı, həm də sualların çözüm açarı olacaq.

BATI YAR

Xəbər 1054 dəfə oxundu.